Beynəlxalq Dərəcəli Hakim, SSRİ İdman Ustası, Respublikanın Əməkdar Məşqçisi, Azərbaycanın Fəxri Bədən Tərbiyəçisi, Dünya Güləş Birliyinin Fəxri hakimi, Güləş Federasiyasında regionlar üzrə koordinatoru Fəraqət Cəlalovun 70 yaşı tamam oldu.
“Hər bir zərurət təsadüfdən doğur” sözləri dəfələrlə deyilsə də, mən də bu fikrə ürəkdən qoşulanlardan biriyəm.
Bu ilin isti yay günlərində Xalq artisti, dünya şöhrətli muğamşımız Canəli Əkbərovun xatirə gecəsini keçirmək üçün Lənkəranın Şağlaser kəndinə dəvət almışdıq. Bakıdan böyük bir dəstə ilə yola düşdük. Tədbirə mədəniyyət işçiləri, yerli ziyalılar da dəvət olunmuşdular.
Görüşümüz təsadüf olsa da, zərurətdən yaranmışdı. Biz uzaq qohum olsaq da, ruhən çox yaxın qohumuq. Təsadüfi tanışlığımız isə bu gün mənəvi ehtiyaca çevrilib. Bütün mövzularda söhbətimiz tutur. Fəraqət Cəlalov mənim nəzərimdə yalnız dünya şöhrətli idmançı deyil, Azərbaycanın hər qarışını sevən, hər layiqli övladını sevən təəssübkeş ziyalıdır.
Uşaqlıqdan sərbəst güləşə son dərəcə marağı olan Fəraqət Cəlalov məktəbi bitirən il sənədlərini Bədən Tərbiyəsi İnstitutuna verir. Lakin qəbul olunmur. Növbəti il sənədlərini Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə verir və qəbul olunur. Burada xarici dil öyrənməklə yanaşı idmanla da məşğul olur. Qısa müddətdə çempion olur. “Dinamo” İdman Cəmiyyətində dünyanın ən məşhur pəvləvanlarından olan Yaqub Məmmədov, Rafiq Hacıyev, Telman Paşayev, Məmməd və Tahir İbrahimov qardaşları ilə tanışlıq və bu günə kimi davam edən dostluq onu əbədi olaraq idmana bağlayır. Dünyaca şöhrət qazanmasında dünya şöhrətli məşqçi Yaqub Məmmədovun rolunu əvəzsiz sayır.
Xarici Dillər İnstitutuna qəbulu da bəlkə elə zərurət idi, çünki bu günə kimi iştirak etdiyi dünyanın neçə-neçə ölkəsində ona tərcüməçi lazım olmur.
Fəraqət Cəlalov institutunu bitirdikdən sonra Lerik rayonuna təyinat alır. Lerikdə 3 il ingilis dilini tədris edir. Orda da idmansız qalmır. Və özündən sonra neçə-neçə ardıcılını yetişdirir. Rayonun idman tarixində ilk dəfə olaraq Qazax şəhərində keçirilən Azərbaycanın 8-ci spartakiadasında(1974) üçüncü yerə layiq görülür.
Təyinat müddəti bitdikdən sonra doğulduğu Lənkərana qayıdır. Pedaqoji cəbhənin ləyaqətli simalarından olan İsa Ağayev Fəraqət müəllimin Separadi kənd orta məktəbində yerləşdirilməsi üçün sovxozun direktoru Səadət Tağıyevdən xahiş edir. Hər bir istedadlı gəncin qarşısında “yaşıl işıq” yandıran Səadət Tağıyev gənc müəllimin kəndlərindəki məktəbdə dərs deməsi üçün səyini əsirgəmir. Fəraqət Cəlalov Separadi kənd orta məktəbində ingilis dilini sevdirə bilir.
Öz yerinə 3 ingilis dili mütəxəssisi hazırlayır. Həmin yetirmələr indi beynəlxalq təşkilatlarda işləyirlər.
Fəraqət müəllim bu gün də bütün uğurlarının təməlini Səadət Tağıyevlə bağlayır. Günlərin birində sovxoz direktorunun qəbuluna gedir, idmanla məşğul olmaq istədiyini bildirir və bu iş üçün şərait yaradılmasını xahiş edir.
Səadət Tağıyev idmançı üçün kənd mədəniyyət evində lazımi şərait yaradır. Lənkəran Şəhər Partiya Komitəsinin 1-ci katibi İsa Məmmədovun təşəbbüsü ilə Separadidə Güləş Evi tikdirməyi plana saldırır. Səadət Tağıyev, eləcə də İsa Məmmədov respublikadan, keçmiş SSRİ məkanından gələn qonaqları da məşqlərə, idman oyunlarına dəvət edirlər.
Fəraqət Cəlalov da öz növbəsində ümidləri doldurdur. Dünyanın hər hansı ölkəsindən sərbəst güləş üzrə birincilik əldə edərək qələbəylə qayıdır. Xeyli ardıcılını yetişdirir. İndi bu ardıcıllarının da xoş sorağı dünyanın hər yerindən eşidilir. Fəraqət müəllim düz 17 il Separadi orta məktəbində ingilis dili fənnini tədris edir, həm də dünyaya meydan oxuyan sərbəst güləşçilər yetişdirir.
Lənkəranda sərbəst güləşin ilk peşəkar yaradıcısı olan Fəraqət Cəlalov rayonda “Təhsil” idman mərkəzinin açılmasına da nail olur. Həmin məktəbdə 12 il direktor işləyir. Direktorluq dövründə idmanın müxtəlif növləri üzrə professionallar yetişdirir. Ağır atletika üzrə Turan Mirzəyev, Rövşən Fətullayev, boks üzrə Cavid Tağıyev, taekvondo üzrə Ramin Əzizov, güləş üzrə Mais İbadov dünya çempionatında və olimpiya oyunlarında qalib olurlar. Eyni zamanda Lənkəran Dövlət Universiteti ilə də əməkdaşlıq edir. Bakıda Azərbaycanın Güləş Federasiyasında regionlar üzrə koordinator kimi fəaliyyət göstərir.
Telefon söhbətlərimiz əsnasında öyrəndim ki, Fəraqət Cəlalov bu ay 70 yaşıyla vidalaşır. Şərəfli bir ömür arxada qalır.
Dünyanın neçə ölkəsində özünün və yetirmələrinin şərəfinə Azərbaycan bayrağı qaldırılıb, Azərbaycan himni səsləndirilib. Haqqında yazılmasını sevməsə də , yubiley yaşından yan keçməyimiz qəbahət olardı. Əlimdə heç bir məlumat olmadığına görəyalnız son aylar tanıdığım Fəraqət Cəlalov haqqında fikirlərimi qələmə aldım. Ruhumuzun qohum olduğu, fikirlərimizin, həyata, dünyaya, insalara baxışımızın üst-üstə düşdüyü Fəraqət Cəlalov haqqında...
Azərbaycanın musiqi günündə, 18 sentyabrda Üzeyir bəylə Müslüm Maqomayevin doğum günündə dünyaya göz açan Fəraqət Cəlalov ləyaqətli ailə başçısıdır. Ömür-gün yoldaşı Mehparə xanım da ingilis dili müəllimidir. Hazırda təqaüddədir. Uzun illər Lənkəran Dövlət Universitetində bu fənni tədris edib. Ailənin adına layiq 3 övlad böyüdüb, tərbiyə ediblər.
İlk övladları Nəsimi sərbəst güləşlə məşğul olur, milli idman ustasıdır. Ölkə birinciliyinin qalibi, beynəlxalq yarışların mükafatçısıdır. Lənkəranda sərbəst güləş üzrə yığma komandanın baş məşqçisidir. Fəraqət babasıyla eyni gündədünyaya gələn qızı Saraxanım bu il C.Cabbarlı adına musiqi məktəbinə qəbul olub. İmtahan zamanı pianoda Bethovendən ifası ilə hamının diqqətini cəlb edib.
Kiçik oğlanları Azər də güləşçidir. LDU-nu bitirib. Moskva şəhərində yaşayır. Əsma və Davud adlı övladları orta məktəbdə təhsil alırlar.
Bakı şəhərində yaşayan qızları Natəvan əczaçıdır. Oğlu Sinan Tibb Universitetini bitirib, Türkiyədə aspiranturada təhsil alır. Qızı Rahilə BDU-nun kimya fakültəsinin tələbəsidir.
Deyirlər, general olmaq istəməyən əsgər əsgər deyil. Fəraqət müəllim nəinki güləş, hər sahədə bu fikrin tərafdarıdır. Söyləyir ki, yanlız şöhrətə can atan adamlar qalib gələ bilirlər.
70 yaşlı Fəraqət Cəlalov bu gün də say-seçmə güləşçilərdəndir, ləyaqətli ziyalılardandır. Xarakterinə xas olaraq yenə şuxdur, nikbindir. Nə yaşın ağırlığını, nə xəstəliyi yaxına buraxmır.
Yubilyar qardaşımıza biz də dünyanın əvəzsiz neməti olan cansağlığı, sağlam canla uzun ömür və xoş əhval-ruhiyyə arzulayırıq.
Sevda Əlibəyli
Cenub.az