Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Cəbrayıla getməzdən bir gün öncə həyat yoldaşım yuxuma girdi, əmin oldum ki...”


“Bu gün həm qürurluyuq, həm də ürəyimiz dağa dönür. Şəhidlərimizi bir gün də olsun yadımızdan çıxarmırıq. Onların ölümün gözünə gülə-gülə getməsi ömürlər boyu hafizəmizdən silinməyəcək. Hər birimiz nə vaxtsa bu dünyadan köçüb gedəcəyik, amma torpaq üçün getmək, şəhid olmaq bizim qeyrətli oğullarımıza nəsib oldu. Nə qədər ki, Azərbaycan adı tarixdə yaşayır, o igidlərin adı da tarixdə yaşayacaq”.

Bunu açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib.
“Üzümü şəhid analarına tutub demək istəyirəm ki, bütün şəhidlər onların övladlarıdır. Vətənimizdə bu gün böyüyən övladlar da onlarındır. Şəhidin özündən sonra övladı ailə üçün böyük təsəlli, təskinlikdir. Amma elə şəhidlərimiz var ki, onların bu həyatda izi yoxdur. Onlar canlarını vətən uğrunda sipər ediblər. Anam həmişə deyirdi ki, “sənin və Zahidin bir davamçısı var, amma qardaşının bu həyatda bir nişanəsi qalmadı. Mənim qardaşım da çox gənc yaşında şəhid olub” deyə sənətkar bildirib.
Gülüstan Əliyeva ermənilərin mənfur əməllərindən də danışıb.
“30 il keçdi, yaralarımız sağaldı. Bu 30 il neçə keçdisə onu daha dərindən yaşayanlar bilir. Çox şükürlər olsun ki, bu günləri gördük. O torpaqlara gedib əzizlərimizə, doğmalarımıza baş çəkməyi bizə nəsib etdi. Mənə deyəndə ki, sizi Cəbrayıla aparmaq istəyirik, o gecə həyat yoldaşım yuxuma girdi. Mən bir daha əmin oldum ki, həqiqətən də ruhlar yaşayır. Cəbrayıla gedəndə həm əsgərlərimizlə görüşdüm, həm də 27 ildir yol gözləyən əzizlərimizin, doğmalarımızın məzarını ziyarət edə bildim. Nəhayət ki, biz görüşdük. O müqəddəs ocaqda uyuyan bütün insanlar mənim üçün doğmadır. Düşmən bizim məzarlara da öz mənfur əməllərini göstərmişdilər. Oğlum da müharibə dönəmində cəbhə bölgəsində idi, işi ilə əlaqədar işğaldan azad olunmuş torpaqlarımıza gedib-gəlirdi. Biz o torpaqları ruh-yüksəkliyi ilə işğaldan azad etdik. Mənfur düşmən o torpaqlara sevgi ilə gəlməmişdi, ona görə də məhv oldular. Mən Cəbrayıla səfərimdə onların necə səngərlər, yeraltı və yerüstü blindajlar qurduğunun öz gözlərimlə şahidi oldum. Biz bütün şəhidlərimizin qisasını almışıq. Onlara elə divan tutmuşuq ki, 100 il keçəndən sonra da bu torpağın adını çəkə bilməyəcəklər” deyə sənətkar deyib./Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10