Kənd sakinlərinin əsas gileyi odur ki, sahibsiz itlərin əməliyyatı ancaq şəhər ərazisini əhatə edir. Qəsəbə və kəndlərdə, xüsusən ucqar kəndlərdə də sahibsiz itlər çoxdur və sakinlər üçün çox ciddi narahatlıqlar yaradır.
Təxminən 10 gün öncə cənub.az xəbər vermişdi ki, Masallı şəhərin mərkəzində “at oynadan” sahibsiz itlər uşun xüsusi məkan yaradılacaq. Artıq bu niyyət reallaşıb. Masallı rayonunun Viləş (keçmiş Kalinovka) kəndinin şimal tərəfində 0,16 ha sahədə xüsusi yer ayrılıb.
Qərara aldıq ki, həmin məkandan yazı hazırlayaq.
İşimizin əvvəli çətinliklə başladı. Həmin kənddən bir neçə nəfərə zəng edib, onların vasitəsi ilə bu məkandan fotolar əldə etmək mümkün olmadı. Daha sonra Viləş knd Ərazi nümayəndəliyinə zəng vurduq. Müavin Fəxrəddin müəllim dedi ki, bununla bağlı nümayəndənin özü ilə danışaq. Danışdıq. Alim müəllim öncə dedi bu iş bələdiyyəlikdir. Sonra dedi, yer bizim olsa da obyekt “kommunxozundur”. Həmin təşkilatın rəhbəri Məhərrəm müəllimə zəng vurduqda isə bizi müavini Ərəstun Əbilova yönəltdi. Əvvəl onunla, daha sonra bələdiyyə sədri ilə danışdıq. Hətta əsəbiləşib, yarı zarafat bildirdi ki, hər yeri itlərin məkanı kimi qorusaydıq... Nə isə.
Qısası, əvvəli problemli olsa da, xeyli çək-çevirdən sonra ərazi nümayəndəliyinin müavini ilə itlərin yerləşdiyi sahəyə yollandıq və nümayəndəliyinin işçiləri bizə lazmı qədər yardımçı oldu.
Kəndin mərkəzindən təxminən 1 km aralıda yerləşən bu ərazinin şimal tərəfi mənzərəli meşə zolağı, qərbə uzanan tərəfi isə bir qədər aralıdakı dəniz sahili ilə həm sərhəd idi. (Bir yanı dəniz, bir yanı meşə, təmiz hava... əsil “it sanatoriyası”)
Bu məqsəd üçün ayrılmış 0,16 ha sahə təxminən 2 metr hündürlükdə qalın məftillərlə çəpərlənmişdi.
Hələlik, bu əraziyə 20-yə yaxın sahibsiz it gətirilib. Onlar üçün xüsusi, 20-30 itin yerləşə biləcəyi üstüörtülü İt Damı düzəldilib. Biz saat 15-16 arası həmin ərazidəki olarkən itlərın çoxu it damında dincəlırdi.
Məlum oldu ki, burada itlər üçün xüsusi nəzarətçi və baytar həkim ayrılıb.
Ərazidə işlər davam edir. Biz orada olarkən obyektə işlənmiş tikinti materialları gətirildi ki, it damlarının sayı artırılsın və hasarlanmış əraziyə giriş üçün qapı düzəldilsin.
İtlərin qidalanması üçün müvafiq tədbirlər görülür. Ərazi yaşayış yerindən aralı olduğu üçün sakinlərə narahatlıq yaratrmır.
Lakin gözlənilən və gözlənilməyən çətinliklər də var. 5-10-u bir yerə topalanan itlər yumaq torpağı qazıb ərazidən kənara çıxmağa cəhd edilir. Həm də bəziləri ehtiyatlanır ki, qonşu rayonlar Masallıda sahibsiz itlərə bu diqqəti görüb, öz ərazilərindəkiləri toplayıb Masallı ərazisinə buraxarlar.
Masallı sakinləri isə rəhbərliyini bu addımını yüksək dəyərləndirib, ciddi narahatçılıq doğuran sahibsiz itlərin şəhər mərkəzindən kənarlaşdırılmasını çox müsbət hal kimi qiymətləndirirlər.
Kənd sakinlərinin əsas gileyi odur ki, sahibsiz itlərin əməliyyatı ancaq şəhər ərazisini əhatə edir. Qəsəbə və kəndlərdə, xüsusən ucqar kəndlərdə də sahibsiz itlər çoxdur və sakinlər üçün çox ciddi narahatlıqlar yaradır.
Onu da xatırladaq ki, bu işin davamlı və effektli olması heç da asan başa gəlmir. İtlərin tutulması, zərərsizləşdirilməsi, daşınması, qidalanması... vəsait tələb edir.
cenub.az. Zahir Əmənov