Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Əlimdə qumbara saxlamışdım ki, əsir düşsəm, partladım..."


“2 gündür ki, şəhidlərimiz üçün yer də ağlayır, göy də. Bu bizim ağrımızdır. Biz bilmirik ki, düşmən bizdən nə istəyir?! O vaxt gətirib torpaqlarımıza yerləşdirmişik, indi də əl çəkmirlər. Ən gözəl yerlərimizdə yaşatmışıq onları! Haramları olsun! Allah xalqımızı qorusun! Bizi heç nə ilə qorxuda bilməzlər! Biz mərd xalqın insanlarıyıq!”


Bunu açıqlamasında xalq artisti Şükufə Musayeva deyib. O daha sonra əlavə edib.
“O dövrdə də ermənilər bu cür hərəkət edirdilər. Dinc əhalini də öldürürdülər. Daha sonra torpaq iddiasına düşdülər. Od-alov içində yanırdı Şuşa! Həmin vaxt mən Şuşada idim. Demək olar ki, hər gün yanımda insanlar ölürdü. Kənardan baxa bilmirdim, torpağım üçün nəsə etmək istəyirdim. Ona görə də orduya yazıldım. Elə bilirsiniz ki, indi dözə bilirəm?! Bu dəqiqə də aparsalar, döyüşə getməyə hazıram. O vaxt məktəbdə hərbi hazırlıq dərsləri keçirdilər, oğlanlardan da yaxşı mən silahla davranmağı bacarırdım. Bərdədə də, Şuşada da yaşayırdım. Məktəb illərindən qalan bütün fotolarımı Şuşaya aparmışdım. Bütün sənədlərim orada qalmışdı. Bircə sənədlərimi, tələbə biletimi götürə bilmişdim. Tələbə biletimin üstündə qan izləri indiyə qədər qalıb. O mənim ağır döyüşlərdən bu günə qədər qoruyub saxladığım yeganə şahidimdir. Şuşa işğal edilən günü mən döyüşdə idim, Şuşada olmamışam. Mənim gözümdə qorxu yox idi. Güllə qabağına gözü dik gedirdim. Cavan olanda insanın gözündə qorxu olmur. Həm də vətən sevgisi gözümdəki qorxunu öldürmüşdü. Həm tibb bacısı idim, həm də snayper silahından atırdım. Əlimdə daim bir qumbara gizlədirdim ki, əsir düşsəm özümü partladım” deyə sənətkar bildirib.
 
Aktrisa hələ də bədənində qəlpə daşıdığını bildirib.
 
“Bədənimdə 100 dənə qəlpə var idi. Sifətimdə 7 tikiş var. Ürək nahiyəmin yaxınlığında qəlpə var idi. O vaxt əməliyyat edəndə qışqırırdım ki, “ürəyimi çıxartmayın”. Mən ölüb-dirilmişəm. Əlimə güzgü vermirdilər ki, özümə baxıb qorxaram. Qulağımın pərdəsi yoxdur, gözümün ağında hələ də qəlpə gəzdirirəm, beynimdə çat əmələ gəlib. Müharibə mənim ana olmaq arzumun üstündən də xətt çəkdi. Halbuki çoxuşaqlı ana olmaq istəyirdim, heç bir övlad da qismət olmadı” deyə sənətkar deyib./Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10