Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukrayna ordusunun azad etdiyi türk mənşəli İzyum...


Son günlər Rusiya-Ukrayna müharibəsində adı ən çox çəkilən şəhərlərdən biri də Xarkov vilayətinin inzibati ərazisinə daxil olan İzyum şəhəridir. Müharibənin ilk günlərindən hücuma məruz qalan bu şəhər uzun müddətdir ki, Rusiyanın nəzarəti altında idi.

f6f59efb0602aef2e5539c10a7fa5b86.jpg (62 KB)

Ukrayna tərəfi hələ ilk günlərdən İzyumu strateji mövqeyinə görə mühüm şəhər adlandırıb. Sentyabrın 10-da Rusiya Müdafiə Nazirliyi şəhərə nəzarəti itirdiklərini təsdiqləyib.

Vilayətin üçüncü ən böyük şəhəri olan İzyum Xarkovdan 138 km məsafədə yerləşir. Şəhər ətrafındakı meşələrin sahəsi təxminən 60 min hektardır, bunun 430 hektarı şəhər daxilindədir. Şəhərin adı türk mənşəlidir və ehtimal olunur ki, qazax dilində “ozen” (çay) və ya tatar dilində “üzen” (aran) mənasını verir. Şəhər adının aramey dilindən “izum” (başlamaq, yaratmaq) sözündən yaranması versiyası da var. 17-ci əsrdə şəhərin yaxınlığında üzüm becərildiyi üçün adın oradan yarana biləcəyi də deyilir.  

ca3b26977550cb7a48b9305851920300.jpg (43 KB)

1680-ci ilin sentyabrında Rusiya çarı İzyum qalasının tikintisi haqqında fərman verir. Tikilən qala İzyumun müdafiə xəttinin bir hissəsi kimi nəzərdə tutulur. 1680-ci ilə aid arxiv sənədlərdə İzyum şəhərinin adına rast gəlinir. İzyumun indiki mərkəzi hissəsi keçmiş “böyük şəhər” adlanan hissədən qalanlardır. “Şəhər” sözü bugünkü şəhər anlayışında deyil, qapalı mənasında işlənib. 

1918-ci ilin fevralında cəmi 18 min əhalisi olan şəhərdə sovet hakimiyyəti quruldu, lakin aprelin 17-də şəhər Avstriya-Almaniya qoşunları tərəfindən işğal edildi. 1918-ci ilin noyabrında Avstriya-Almaniya işğalçılarına qarşı üsyan başladı. 1919-cu ilin yanvarında İzyumda sovet hakimiyyəti bərpa olundu. 1932-ci ildən İzyum Xarkov vilayətinin tərkibindədir.

II Dünya müharibəsi illərində İzyum dəfələrlə döyüş meydanına çevrilib. 1941-ci il oktyabrın sonundan cəbhə xətti şəhərdən və İzyum şəhərindən keçirdi. İzyumda döyüşlər 1942-ci ilin may ayına qədər davam etdi. Həmin ilin yayında şəhər alman qoşunları tərəfindən işğal edildi. Şəhərin işğalını 1943-cü ilin fevralında sovet qoşunları sonlandırdı.  

Üzüm (kişmiş) təsvir edilən gerb 230 ildən çox tarixə malikdir. 1781-ci ildə şəhərin əvvəllər də mövcud olan gerbi Rusiya imperiyası tərəfindən rəsmi olaraq təsdiqlənib. 

12e08a92bdf9f0959831d72ab98a5271.jpg (71 KB) 

Maraqlıdır ki, İzyumun gerbində 18-ci əsr rəssamı qırmızı üzüm çəkib. Şəhər Şurası tərəfindən təsdiq edilmiş 1990-cı illərin gerbində artıq yaşıl üzümlər təsvir edilib.  

Türk mənşəli İzyumun Şəhər Şurası 2019-cu ilin dekabrında qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul edib. Yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti olmasa da, İzyum Şəhər Şurası nədənsə belə qanunsuz qərar verib. Yalnız Krımın azərbaycanlı icmasının apardığı iş sayəsində cəmi bir neçə ay sonra - 2010-cu ilin aprelində İzyum meri Şəhər Şurasının qərarını ləğv edib. Bu, həm də bütün dünyada qondarma “erməni soyqırımı”nın tanınması barədə qərarın ləğvinə dair ilk fakt kimi tarixə düşüb. 

Maraqlıdır ki, rəsmi məlumatlarda İzyumda erməni əhalinin çoxluğu və ya şəhərdə erməni mərkəzlərinin olması barədə bilgi yoxdur. Ukraynada rəsmən “erməni genosidi” sözünün işlənməsi qadağan edilsə də, uzun illər bu ölkənin daxili işlər naziri olmuş, erməni əsilli Arsen Avakov ölkədə öz ermənipərəst mövqeyini sərgiləməkdən çəkinməyib.

Orxan ƏLİYEV,
Musavat.com    






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10