Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Azərbaycan Vardanyanı öldürə və ya həbs edə bilər, lakin...”


Ərəstun Oruclu: “Nikol anlayır ki, Ruben onun yerinə hazırlanır və bu amil Paşinyanı Azərbaycan və Türkiyə ilə danışıqlarda daha çevik mövqe nümayiş etdirməyə vadar edəcək”

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın birdən-birə Rusiya vətəndaşlığından imtina etməsi, Qarabağa köç etməsi ilə bağlı bəyanatı gündəmin əsas müzakirə mövzusudur. Sərvətinin dəyəri 7 milyard dollarla ölçülən Vardanyanın belə bir qərara gəlməsi ilə bağlı bir çox versiyalar səsləndirilir. Bir versiyaya görə, milyarder Qərbin sanksiyalarından yayınmaq üçün belə bir addım atıb. Xatırladaq ki, Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərb tərəfindən əksər rusiyalı biznesmenlərə qarşı embarqolar tətbiq olunub ki, o siyahıda Rubenin də adı var.

Başqa bir versiyaya görə isə, Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa yerləşmək planı Kremlin məkrli ssenarisinin tərkib hissəsidir. Bununla Rusiya Qarabağdakı separatizmi daha da çiçəkləndirmək, münaqişənin həll olunmasına əngəl yaratmaq niyyəti güdür.

Əsas versiyalardan biri də odur ki, Rusiya Vardanyanı Qarabağa yox, Qarabağ adı ilə məhz Ermənistana göndərir. Məlumdur ki, Vardanyanın Xankəndiyə yerləşməsini Azərbaycan qəbul etməyəcək və bunun qarşısını alacaq. Ehtimala görə, Qarabağa gələ bilməyən milyarder İrəvana yerləşəcək. Və Vardanyan yeni siyasi fiqur kimi Ermənistan müxalifətinin liderinə çevriləcək.

Məlumdur ki, hazırkı Ermənistan hakimiyyətini Rusiyanın əksər siyasi dairələri qəbul etmir. İkinci Qarabağ müharibəsindən sonra Paşinyanı Rusiya İrəvandakı əlaltı müxalifətinin vasitəsi ilə devirə bilmədi. Çünki ermənilər Paşinyandan nə qədər narazı olsalar da, Rusiyanın Ermənistandakı siyasi alətləri olan Köçəryanı da, Sarkisyanı da dəstəkləmirlər.

Vardanyan isə yeni simadır. Eyni zamanda, onun hakimiyyətə gəlmək, Ermənistandakı sosial vəziyyəti qismən yaxşılaşdırmaq imkanları mövcuddur. Analitiklər bildirirlər ki, Rusiya Gürcüstanda etdiyini indi Ermənistanda etməyə çalışır. Necə ki, biznesmen Bidzina İvanişvili Gürcüstanda hakimiyyəti ələ keçirdi, eləcə də Vardanyan vasitəsilə Ermənistan hakimiyyətini nəzarətə götürə bilər.

Məsələ ilə bağlı AYNA-nın suallarını "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb.

- Vardanyanın Qarabağa Rusiya tərəfindən göndərilməsi yəqin ki, heç kimdə şübhə doğurmur. Təbii ki, onun Rusiya vətəndaşlığından imtina etməsi, Qarabağa köçü ilə bağlı ən müxtəlif versiyalar var ki, bunların hər birinin doğru olması mümkündür. Amma baxır, hansı versiyanın çəkisi daha çoxdur. Sizcə, hansı versiya daha ağır basır?

- Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi iki versiyaya uyğun gəlir: Birincisi, onun öz kapitalını qorumaq və Qərbin sanksiyalarından yayınmaq versiyasıdır ki, bununla milyarder sərmayəsini xilas edir. Və Qarabağa yerləşərək öz kapitalını idarə edir. Amma bu versiyanın əksinə olan bəzi məqamlar var. Belə baxanda, Vardanyan əslində heç kimdir. O mənada ki, məsələn, Rusiyada yəhudi əsilli məşhur oliqarxlar var ki, onların bir çoxu sanksiyalar başlayanda İsrail vətəndaşlığını qəbul etdi. Amma bu, həmin oliqarxlara kömək etmədi. Çünki demək olar ki, rusiyalı elə bir milyarder yoxdur ki, ona sanksiya tətbiq edilməsin. Söhbət təkcə Kremlə yaxın Abramoviçdən və ya digərlərindən getmir. Hətta Rusiya hakimiyyəti ilə açıq əlaqələri olmayan oliqarxlar var ki, Vardanyan onlarla müqayisədə heç bir kriteriya üzrə yarışa girə bilməz. Amma onların hamısına sanksiyalar tətbiq edildi. Demək ki, bu versiya bir o qədər də inandırıcı deyil. Yenə deyirəm, həmin yəhudi oliqarxlar İsrail vətəndaşlığını qəbul etsələr də, embarqolardan yan keçə bilmədilər. Bunu, əlbəttə, Vardanyan görür.

- Daha bir versiya Gürcüstan ssenarisinin təkrarlanması versiyasıdır. O mənada ki, Rusiya İvanişvilini Gürcüstanda hakimiyyətə gətirdiyi kimi Vardanyanı da Ermənistanın lideri etmək istəyir...

- Bu versiya daha inandırıcı görünür. Rusiya vətəndaşlığından imtina da maraqlı bir fenomeni ortaya çıxarır. Əgər Vardanyan Qarabağa köç edirsə, o zaman Rusiya vətəndaşlığından imtinanın səbəbi nədir? Qarabağ erməniləri birmənalı şəkildə Rusiyaya bağlıdırlar. Hətta separatçıların qondarma qurumu rus dilini "ikinci dövlət dili" elan edib. Belə olan halda, Vardanyanın Rusiya vətəndaşlığından imtinası Qarabağ erməniləri tərəfindən anlaşılan olmazdı. 

Amma burada başqa bir nüans var. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda Rusiyaya nifrət durmadan artmaqdadır. Bunun da bünövrəsi 2018-ci ildən - Paşinyan hakimiyyətə gəldikdən sonra qoyulub. Belə çıxır ki, Rusiya Vardanyanı Qarabağa gətirib onun bir millətçi imicini yaratmaq istəyir. Həm Azərbaycana qarşı, həm Ermənistan hakimiyyətinə qarşı radikal, barışmaz müxalifətçi kimi yetişdirmək, daha sonra Ermənistana transfer etmək istəyir. Vardanyanın Ermənistanda nüfuz qazanması üçün ilk növbədə Rusiya vətəndaşlığından imtina etməsi vacibdir. Demək istədiyim odur ki, Vardanyanın addımı heç də təsadüfi deyil və Rusiyanın planıdır.

- Rusiyanın bu ssenarisinin reallaşma şansı nə qədərdir?

- Çox azdır. Birincisi, ona görə ki, Vardanyan bir yox, on beş dəfə də Rusiya vətəndaşlığından imtina etsə, Ermənistanda hər kəs bilir ki, Ruben kimdir, kapitalını harada toplayıb. Cəmiyyət onu da anlayır ki, Vardanyan niyə Rusiyadan imtina etdi, bunu nə üçün gətirirlər, nə üçün yetişdirirlər. Baxın, Vardanyan Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində yerləşdirilir. Demək ki, Vardanyan imicini adi vətəndaşlıqdan imtina ilə dəyişə bilməz.

- Qarabağdakı terrorçu-separatçı rejimin başına gətirilə bilərmi?

- Bu olacağı təqdirdə, Vardanyanın Ermənistanda hakimiyyətə gəlmək şansları ümumiyyətlə, sıfıra enir. Ona görə ki, Ermənistan cəmiyyəti bu gün separatizmin belə məğlubiyyətlə bitməsini Qarabağ ermənilərinə bağışlaya bilmir. Bu baxımdan, separatçıların liderini erməni cəmiyyətinin Ermənistana rəhbər seçməsi istisna olunur.

- Kreml Ermənistandakı əlaltılarını səfərbər edə, Vardanyanı onların lideri kimi ortaya ata bilərmi?

- Təbii ki, Rusiya Ermənistandakı tərəfdaşlarını, ona bağlı olan "beşinci kolon"u, müxalifəti bir araya yığacaq və çalışacaq ki, Vardanyana dəstək qazandıra bilsin. Bu, növbəti mərhələnin işidir. Məlum deyil ki, Rusiyanın bu ssenarisi baş tutacaq, ya yox. Çünki bu planın baş tutması şansları çox aşağıdır. Paşinyan o qədər səhvlərə yol verməlidir ki, sonda onun tərəfdarlarının sayı azalsın və onlar Vardanyan kimi avantüristin tərəfinə keçsinlər.

- Azərbaycan Vardanyanın Qarabağa köç etməsi planlarına qarşı hansı addımlar ata bilər və ya atmalıdır?

- Anlayıram ki, xüsusi əməliyyat keçirmək və Vardanyanı məhv etmək olar. Amma buna nə ehtiyac var?! Bu, baş verərsə, Vardanyan zərərsizləşdirilərsə, bu, Azərbaycanın əleyhinə işləyəcək - istər Rusiyada, istərsə də, Qərbdə. Mənə elə gəlir ki, ən yaxşı yol Azərbaycanın Rusiya hakimiyyətindən tələb etməsidir ki, Vardanyan Qarabağdan çıxarılsın. Çünki onun gəldiyi yer “sülhməramlı” adlandırılan hərbi kontingentin nəzarətində olan Azərbaycan əraziləridir. Xəbərdarlıq etmək lazımdır ki, Rusiya tərəfi buna əməl etməyəcəksə, o zaman Azərbaycan Vardanyana qarşı istənilən addımı atmaq hüququnu özündə saxlayır.

Yəni ki, Vardanyanı istənilən an fiziki olaraq məhv edə bilərik, xüsusi əməliyyatla həbs edə bilərik və s. Çünki Vardanyan Azərbaycanın ünvanına təhdidlər səsləndirir, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşamaqda davam edən erməni icmasını yenidən ölkəmizə qarşı qaldırır. Hansı ki, Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşı kimi qəbul etməyə hazır dönəmdədir və Vardanyan pozuculuqla, təxribatla məşğuldur. Açıq deyilməlidir ki, belə bir adam Rusiya tərəfindən Qarabağdan çıxarılmırsa, əksinə, Rusiyanın hərbi və siyasi strukturları tərəfindən dəstəklənirsə, ona şərait yaradılırsa, bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət Rusiyanın üzərinə düşür. Rəsmi Bakı təxminən bu formada xəbərdarlığını etməlidir. Ondan sonra da vəziyyəti müşahidə etməlidir.

- Ümumiyyətlə, Vardanyanla bağlı prosesin hansısa nəticəsi olacaqmı?

- Düşünmürəm ki, hansısa nəticəsi olsun. Çünki Ermənistanda Qarabağdan gələn təşəbbüslərə neqativ münasibət var. Ermənistan əhalisi Köçəryan və Sarkisyan hakimiyyəti dövründə Qarabağ mövzusundan kifayət qədər doyub. Buna 44 günlük müharibədə faciəvi məğlubiyyəti də əlavə etdikdə mənzərə aydın olur. Hesab edirəm ki, artıq Ermənistan cəmiyyətini Qarabağ ermənilərinin problemi və Qarabağ məsələsi maraqlandırmır. Digər tərəfdən, Vardanyan həqiqətən də Paşinyana qarşı istifadə olunursa - düşünürəm ki, belədir - Azərbaycan bu amildən yararlanmalıdır. 

- Hansı formada?

- Paşinyan bir tərəfdən sülhlə bağlı danışıqlar aparır, digər tərəfdən də Rusiya və Köçəryanın, Sarkisyanın lideri olduğu yaramaz müxalifətin təzyiqi altındadır. Buna görə də, məcburiyyət qarşısında gah irəli gedir, gah geri çəkilir. Əlbəttə, Vardanyanın onun kürsüsünə hazırlandığını Paşinyan da bilir. Bu amil Paşinyanı məcbur edəcək ki, Azərbaycanla, Türkiyə ilə danışıqlarda daha çevik mövqe nümayiş etdirsin. Azərbaycan bu vəziyyətdən yararlana bilər. Ona görə ki, sülhlə bağlı müəyyən nəticələr əldə edildikdə, hətta ilkin razılaşma olduqda, ermənilər üçün Qarabağ məsələsi bitmiş olacaq. Çünki sülh o halda mümkün olur ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqının da danışıqlar zamanı Qarabağ mövzusuna ümumiyyətlə, toxunmaması, "Qarabağ" ifadəsinin işlədilməməsi konkret mesajdır. Rəsmi Bakı bundan maksimum yararlanmalıdır. Azərbaycan Paşinyana edilən bu basqıların ətraflı təhlilini aparmalı, vəziyyəti dəyərləndirməli, öz xeyirinə istifadə etməlidir. 

Müəllif: Anar Bayramoğlu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10