Cenub.az xəbər verir ki, son vaxtlar Masallı şəhərində bir çox küçələr abadlaşıb. Lakin S. Vurğun küçəsinin çox əhəmiyyətli bir küncü – S. Vurğun küçəsi ilə Səfərəli Məmmədov küçəsinin birləşdiyi, keçmiş 1 saylı uşaq bağçasının yanındakı təxminən 10 metrlik yer düzəlmir ki, düzəlmir. Bura ona görə əhəmiyyətli deyirik ki, bu kiçik məsafə həm də döngədir - 2 maşın qarşılaşanda az qalır bu tində bir-biri ilə toqquşsunlar. Daha dəqiq desək, bir neçə dəfə burada qəza da baş verib.
Burada 1 işıq dirəyi var idi. Onu bir neçə metr kənara çəkdilər, yəni yolun genişlənməsi üçün şərait yaratdılar. Lakin bu 10 metrlik yeri hamarlamaq, ora asfalt vurub işlək hala salmaq kimsənin yadına düşmədi. Bir neçə dəfə yazdıq, sosial şəbəkədə paylaşdıq. Lakin əlac olmadı. 1 ildən yuxarıdır, vəziyyət belədir. Yəni, 2 maşın bu döngədə üz-üzə gələndə bu işə cavabdehlərin əzizlərinə rəhmət oxuyur.
Bu günlərdə Masallı şəhərində 30-a yaxın küçənin asfaltlanacağı barədə məlumat aldıq. Masallı Şəhər icra nümayəndəsinin mühəndisi Mahir Ağayevlə əlaqə saxladıq. O, bildirdi ki, yaxın günlərdə asfaltlanacaq küçələr sırasında həmin ərazi də var. Görək, nə olur.
Cenub.az. Zahir Əmənov