Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür. Yazıçı haqqında maraqlı faktları təqdim edirik.
Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib.
***
1937-ci ildə əski əlifba ilə yazılan kitablar yandırılmağa başlayır. Bu zaman Əzizə evlərində bu əlifba ilə olan kitabları kisəyə yığaraq çay kənarında basdırır.
Daha sonra pilot olmaq istəyən Əzizə aviasiya klubuna yazılır. Lakin boyu qısa olduğu üçün onu pilot kimi qəbul etmirlər. Burada həyat yoldaşı ilə tanış olur. 1941-ci ildə ailə quran cütlüyün bir qızı dünyaya gəlir.
***
Deyilənlərə görə yazıçı qucağında uşaq küçədə gedərkən uşaq əlindən yerə düşür və başından zərbə alaraq ölür. Bundan sonra o, kiçik yaşda olan qardaşı oğlu Turanı və Kəmaləni öz övladlı kimi böyüdür. Turanın onun övladı olmasını rəsmiləşdirir, Kəmaləni yox.
1945-ci ildə tələbə olan Əzizə Cəfərzadənin əlində ərəb əlifbası ilə çap olunan türk ədəbiyyatına aid kitaba görə universitetdən xaric edirlər. Sonralar ekstern yolla Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. 26 yaşında teatr texnikumuna müdir təyin olunur.
***
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılır. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılır.
***
Yazıçının həyat yoldaşı Qana prezidentdi Kvama Nkrumanın baş pilotu təyin olunanda Əzizə Cəfərzadə də Afrikaya yollanır. Afrikada yaşadığı vaxt “Qızıl səyahət” adlı kitabını yazır.
Ona bir yazıçı kimi şöhrət gətirən isə Seyid Əzim Şirvaninin həyatından bəhs edən “Aləmdə səsim var” romanı olub.
***
Günlərin birində Əzizə Cəfərzadə həmkarları ilə Culfaya gedir. Araz çayının o biri sahilini görən kimi o, bayatı deyir. Onun ifasından sonra şair Tofiq Bayram kövrələrək ağlayır.
Bir dəfə isə dərs zaman Əzizə Cəfərzadə Çar İmperiyasının Azərbaycanı necə işğal etməsindən danışır. Onun sovetlərə uyğun olmayan dərslərini qeydə almaq üçün partanın altına səsyazan cihaz qoyurlar. Tələbələr isə elə edirlər ki, səsyazan işləmir.
***
1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyir. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır, əldə etdiyi gəliri tikintiyə xərcləyir.
***
O, XV əsrdə Uzun Həsənin tərcümə etdirdiyi Quranı tapmaq üçün 20 il Misir, Türkiyə, İran, Orta Asiya kitabxanalarında axtarışlar aparır. Məşhəddə olanda həmin Quranı tapır.
Yazı makinasına “sevgilim” deyərmiş. Gün ərzində yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırmış. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmir. Barmaqları tutmur. Ona makinaçı tapsalar da, sonralar bundan imtina edir. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürür. Son Füzuli haqqında “Eşq sultanı” adlı romanını da bu diktofona diktə etmişdi.
***
Ömrünün son illərində ürək çatışmazlığı olub, amma ailə üzvlərindən gizlədib. Sonralar bədəninə su yığılır və 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edir. Onun ölümündən sonra otağındakı saatı dayandırırlar. Vəsiyyətinə əsasən Hacıqabulun Tağılı kəndində dəfn olunur./kulis az