Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. “Kommunxozun” zibillərindən təmizliyinə doğru


Bu sahədə 44 illik təcrübəsi olan Məhərrəm Əliyev doğrudanmı, bu təşkilatı - zibil təmizləyən idarəni- sözün hər iki mənasında “zibillərdən” təmizləyə biləcəkmi?

Masallı Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyi son illər bir çox iyrəncliklərin ən bərbad məskəninə çevrilmişdi. Burada saxtakarlıq adına nələr yox idi – cətin adamların” ağzını yummaq, eləcə də hakimiyyətin “doğmalarının”  könlünü xoş etmək üçün paylanan kartlar, bu hesabdan o hesaba atılıb silinən pullar, şişirdilən borclar... Gör, iş nə yerə çatmışdı ki, özlərinin bataqlığa saldığı “kommunxozu” xilas etmək üçün sabiq icra başçısı Şahin Məmmədov sahibkarları məşhur istirahət məkanına toplayıb onlardan bu təşkilat üçün pul xahiş edirdi. Özü də nə az, nə çox 180 min manat. (Bildiyimə görə bu pulun 40 min manata yaxını yığıldı və hara getdi, bilinmədi).

Biz görmüşdük ki, təhsil, səhiyyə, mədəniyyət, idman... üçün pul yığılar. Daha özünü maliyyələşdirən “kommunxoz” üçün yox ki.

Nəticədə,  rayon zibil içində üzür, bir süpürgəçi 5 süpürgəçinin işini görür, sahibsiz itlər mərkəzdə meydan sulayır, saxta kartlar  bəzi oyuncaq ictimai təşkilat rəhbərlərinə qədər ciblərdə oynaşırdı.

Nə isə, uzun söhbətdir. Yəqin ki, hüquq mühafizə orqanları bu məsələlərə daha detallı aydınlıq gətirəcək.

Bəs hazırda vəziyyət necədir?

Bəlli olduğu kimi Masallıya təyin olunmuş yeni icra başçısı Araz Əhmədovun ilk kadr dəyişikliyi də bu təşkilatdan başladı. 1 ildən bir az artıq işləyən Xudayar Həsənov daşıdığı vəzifəsindən azad edildi. (Deyilənlərə görə, X. Həsənov etdiyi saxtakarlıqların həyacanından son həftələr hər gün 8 qutu siqaret çəkirmiş)

Bəs, yeni rəhbər kimdir?

Bakının Nizami Rayonundakı Yaşıllaşdırma idarəsindən bura “transfer” edilmiş Əliyev Məhərrəm  Mirzə oğlu Astara rayonunun Siyəkü kəndində anadan olub. İxtisasca ali təhsilli torpaqşünas aqronomdur.

1978-ci ildən, yəni 44 ildir ki, Bakının müxtəlif rayonlarında Yaşıllaşdırma işinə rəhbərlik edir. Bakının ən mühüm parklarının, prospektlərinin, yollarının yaşıllaşdırılması onun zəhmətinin bəhrəsidir.

Onu tanıyanların və bizim müşahidəmizdən gələn ilk qənaət odur ki, Məhərrəm müəllim Allah adamı, çox xeyirxah və insanpərvər insandır. (Kaş ki, sona qədər bu fikrimizdə yanılmayaq.)

Məhərrəm müəllimin ən ciddi “nöqsanı” odur ki, heç kim ona birinci salam verə bilmir. Rastlaşdığı hər adama, kimliyindən asılı olmayaraq, ilk əl uzadan özü olur.

“Şükür Allaha ki, ilk maşını “xoda” sala bildik”

Biz Məhərrəm müəllimlə onun iş otağında, müavini Ərəstun Əbilovla birlikdə görüşdük.

Məhərrəm müəllim çox qayğılı idi. – “Həddən artıq işlər həllini gözləyir. Demək olar ki, normal bir texnika yox, zibil qabından tutmuş süpürgəçilərin xələtlərinə, sahibsiz itlərdən tutmuş, adı olub özü olmayan işçilərə qədər problemlərlə üz-üzəyik”.

Məhərrəm müəllim özündən əvvəlki rəhbərin nöqsanlarını, saxtakarlıqlarını qabartmaq istəməsə də, hiss olunurdu ki, əvvəlkilərdən ona çox pis və bərbad miras qalıb.

-Xeyli ixtisarlar etmişik. İndi bir nəfər də deyə bilməz ki, filankəsdə saxta kart var, adı burada, özü başqa məkanda olan var. Hər işimiz aşkar, göz önündədir. Belə məlumatları olan tapılsa, ona mükafat verərik.

-Bir daha deyirəm, şəhərdə 200-ə yaxın zibilqabı, (bəzisi çəllək olmaqla) var ki, hamısı bərbad vəziyyətdədir. Deyəsən, bir dəfə də siz yazmışdınız ki, burada zibil qabları özü zibildən pis gündədir.

-Hələlik, 20 ədəd müasir tipli zibil qabı almışıq, 20 ədəd də yaxın günlərdə gətiriləcək.

-Bundan əlavə fəhlələr üçün 50 dəst xələt, şalvar, “patinka”, su buraxmayan bürüncəklər və zəruri avadanlıqlar yaxın günlərdə sərəncamımızda olacaq.

-Ən böyük çətinliyimiz nəqliyyat-texnika cəhətdəndir. Cəmi bu böyüklükdə bir zibil maşınımız var. Ayağınız yüngül oldu. Bu gün yeganə maşınımız da təmirdən çıxıb işə salındı

Rayonun məşhur zibilxanası da abadlaşacaq

-Əvvəllərdə məlumat vermişdik ki, Masallı şəhərinin mərkəzində Yapon hökumətinin dəstəyi ilə 100 min manat dəyəri olan zibilxana tikilmişdi. Baxımsızlıq və səhlənkarlıq ucbatında həmin zibilxana nəinki effektli işləmirdi, əksinə üfunət məkanına çevrilmişdi. Hazırda həmin zibilxananın arxasında 20 metr dərinlikdə böyük bir çala qazmağı nəzərdə tutmuşuq ki, bütün zibillər ora tökülüb, zərərsizləşdiriləcək. Yaxın günlərdə həmin əraziyə şlaqbaumda qoyulacaq ki, bu iş tənzimlənə bilsin.

-Bizim cəmi 60-dan bir az çox işçimiz var. DOST xidmətinin, bələdiyyənin, yaşıllaşdırma idarəsinin 260 nəfər işçisi bizim nəzarətimiz altında işləyir. 100-dən artıq işçi vəzifəsindən kənarlaşdırılıb. Yeni işçilər götürərkən şəhid ailələri, qazilər və imkansızlar diqqət mərkəzində olacaq.

-Abadlıq işləri hələlik H. Əliyev prospektini, Milli Qəhrəman S. Məmmədov və digər mərkəzi küçələri əhatə edir. Çoxlu bəzək kolları əkilir, oktyabr ayından isə yaş budamaya başlayacağıq.

-Onu da xatırladım ki, yaxın vaxtlarda ciddi struktur dəyişiklikləri gözlənilir.


Sahibsiz itlər üçün ayrıca məkan olacaq

-Sahibsiz itlər əsas problemlərimizdəndir. İtlər üçün xüsusi məkan ayrılacaq. Siz də, sağ olun ki, dünən cenub.az saytında bununla bağlı maraqlı yazı paylaşmışdınız. (Həmin yazının linki burada - https://cenub.az/13563-masallida-itlerin-xususi-mekani-olacaq.html)

Mən inanclı adama, yaxın günlərdə, ilk əmək haqqımı alan kimi...

-Mən çox inanclı adamam. Bu yaxınlarda çox ağbirçək, nurani bir qohumumu yoxlamağa getmişdim. Elə bil ona vəh gəldi. Birdən mənə dedi ki, yaxın vaxtlarda sən tam bir fərqli məkanda çalışacaqsan.

Elə də oldu. Qısa müddətdə iş yerimi Bakıdan Masallıya dəyişdilər. İlk əmək haqqımı alan kimi 2 qurban kəsəcəyəm - birini həmin ağbirçəyin qapısında, birini də Masallı məscidində. 


İcra başçısı bizə çox yardımçı olur

-Hər gün səhər 8-də işə başlayanda İcra başçısı Araz müəllimi yanımızda görürük. Ən xırda qayğımızla belə maraqlanır, qarşılaşdığımız çətinliklərlə bağlı hər cür dəstəyini göstərir.

-Sizə əmin edirəm, Masallı yaxın vaxtlarda çox gözəl və təmiz, yaşıl şəhər olacaq.

Cenub.az Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10