“Gənc aktyorlara hər zaman övlad gözü ilə baxmışam. Bu gün teatrda gənclərlə birlikdə çalışırıq. Biz də zamanında gənc olmuşuq, böyük sənətkarlarla çiyin-çiyinə işləyib, səhnəyə çıxmışıq. Onlar bizim gələcəyimizdir, heç vaxt onlara mane olmarıq, əksinə həmişə dəstəkləmişik. Aktyorluq gəncliklə, qocalıqla olmur. Sən əgər səhnəyə çıxıb, tamaşaçını öz oyununa inandıra bilirsənsə demək ki, səndə hər şey əla alınır”
Bunu açıqlamasında xalq artisti Rafiq Əzimov deyib. O, daha sonra kinoda ilk işi olan “7 oğul istərəm” filmindən danışıb.
““7 oğul istərəm” filmi bütöv bir filmdir. Tofiq Tağızadə o vaxt Moskvada bu filmi təhvil verəndə mane olurdular, deyirdilər ki, filan epizodu çıxarmaq lazımdır. Necə ola bilər ki, Gəray bəy özü-özünü güllələsin?! Onlar istəyirdilər ki, filmdəki Bəxtiyar komsomol Gəray bəyi güllələsin! Tofiq Tağızadə də onlara deyib ki, “bizim bəylər əsl bəy olub, gədə-güdə əlində ölməyiblər”. Bir çox filmlərimizi Moskva kəsib-doğrayıb, amma Tofiq Tağızadə onlara üstün gəlib. Filmi necə çəkibsə, elə də qəbul etdirib. Bu film bizi məşhurlaşdırdı, bir çox qitələrdə bizi tanıdılar. Şahsuvar mənim kinoda ilk işim idi” deyə sənətkar bildirib.
Rafiq Əzimov filmin pərdəarxası məqamlarını da bizimlə bölüşüb.
“Bizim sənətimiz həqiqətən də çətindir. Çətin olması ilə yanaşı maraqlı, yaddaqalan hadisələr, məqamlar da olub. Bilirsiniz ki, “Yeddi oğul istərəm” filminin çəkilişləri Qobustanda aparılırdı. Yayın istisi idi, biz də qalın geyimlərlə çəkilirdik, isti bizi haldan salmışdı. Qayalara dırmaşdıq ki, bir az dincimizi alaq. Bu zaman direktor dedi ki, “atlar günün altında qalıb, onlara tövlə düzəltmək lazımdır”. Mən də cavab verdim ki, “biz burda istidən ölürük, heç bizimlə maraqlanmırsan, ancaq atların hayındasan. Məgər biz at qədər də yoxuq?”. Direktor dedi ki, “Siz heç, əsas atlardı. Heç bilirsən onlara nə qədər pul verirəm? Sən demə aktyorlara gündəlik çəkiliş üçün 25 manat, atlar üçün isə 50 manat ödəyirdilər”. Siz elə bilməyin ki, at çapmaq asan iş idi. Qətiyyən yox! Mən Bakıda böyümüşdüm, at çapmağı sonradan öyrəndim. Onu da deyim ki, Mirpaşa roluna əvvəl Eldəniz Zeynalov təsdiq olunmuşdu. Tofiq Tağızadə Eldəniz dedi ki, atı çap görüm, necə çapırsan. Eldəniz də özünəməxsus tərzdə dedi ki, “məşqdə yox, çəkilişdə çaparam”. Tofiq Tağızadə biləndə ki, Eldəniz at çapa bilmir, onun rolunu Elçin Məmmədova verdi” deyə sənətkar bildirib./moderator az