Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Moskva və Brüssel görüşləri: sülh sazişinin mətni masada, İrəvanda isə aksiyalar başlayır...


Ermənistandakı revanşistlər növbəti “tamaşa” hazırlığında; bu dəfə də “etiraz aksiyaları”nın arxasından Paşinyan çıxacaqsa... ekspert: “Gedişat Ermənistan üçün yaxşı heç nə vəd etmir”

Rəsmi Bakı ayın sonunda Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyini təsdiq edib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid edirlər.

“Ancaq biz bütün bu proseslə bağlı Ermənistan tərəfindən tərəddüdlər görürük”, - deyə o əlavə edib.

H.Hacıyev daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu xatırladıb: “Həmçinin Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər”. O, hazırda iki ölkə arasında danışıqların əsasən sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətində getdiyini açıqlayıb. Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix də bəllidir. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da Moskvada görüşəcəklər. Bu görüşlər ərəfəsində isə məlum olub ki, Ermənistanda müxalifət yenidən baş nazir Nikol Paşinyanın “Qarabağ siyasətinə” qarşı aksiyalara başlamağa qərar verib. Məlumata görə, etiraz aksiyaları “Müqavimət” hərəkatının təşkilatçılığı ilə sentyabrın 2-də İrəvanın “Fransa” meydanından start götürəcək. Qeyd edək ki, Ermənistanda hakimiyyətə qarşı aksiyalar əvvəlcə aprelin 25-də başlayıb yüzlərlə müxalifətçinin tutulması ilə yekunlaşmışdı. Sülh prosesi ilə bağlı mühüm addımların gözləndiyi ərəfədə revanşist qüvvələrin yenidən küçələrə çıxmaq qərarı bəzi suallar doğurur.

Bu arada erməniləri qəzəbləndirmək üçün yeni məlumatlar dövriyyəyə buraxılıb. Belə ki, Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status gündəm yaradıb. Modern.az xəbər verir ki, erməni deputat 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib. Deputatın kənddən paylaşdığı məlumatda deyilir: “Babamın evinin həyətində dayanıb günəşin nə vaxt batacağını görmək, işlərimi planlaşdırmaq qərarına gəldim və burada Nikol, Ararat Mirzoyan və Google-dan belə bir sürpriz var”. Deputatın statusuna gələn rəylərdə isə ermənilər Qazağın kəndlərinin Azərbaycana çoxdan təhvil verildiyini, lakin hələlik açıqlanmadığını vurğulayıb. Qeyd edək ki, Qazax rayonunun 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bunlar Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləridir.

Təbii ki, Sədərəkin Kərki və Qazağın 7 kəndinin azadlığı məsələsi birmənalı şəkildə Ermənistanın qarşısına qoyulub və bundan imtina edilməsi mümkünsüzdür. Amma ermənilərin məhz qarşıdakı görüşlər ərəfəsində artıq rəsmi İrəvanın öhdəlik olaraq üzərində götürdüyü məsələni yenilik kimi təqdim etmək cəhdi təbii ki, aranı qarışdırmaq məqsədi güdür. Buna bənzər cəhdlər bu ilin yaz aylarında da oldu, erməni revanşçılar hətta İrəvan küçələrində gecələdilər. Amma ötən aylar keçirilən aksiyalar müxalifətin olub-qalan birliyinin parçalanması ilə nəticələndi. Real vəziyyəti dəyişmək iqtidarında olmasalar da, bu cür aksiyalar sülh prosesindən yayınmağa meylli olan Paşinyan iqtidarının işinə yarayır. O, ölkədəki daxili vəziyyəti bəhanə edərək, sülh razılaşmasını bütün mümkün vasitələrlə ləngitməyə çalışır. Hətta Qərb dəstəkçilərinə “məni hakimiyyətdən düşürsələr, bütün bu proses yarımçıq qalacaq” deyib şantaja da əl atır, hakimiyyətini həm də belə qorumağa çalışır. O səbəbdən, Moskva və Brüssel görüşü ərəfəsi müxalifətin yenidən Paşinyanın istefasını gündəmə gətirməsi haqlı suallar doğurur. Amma Paşinyan və erməni müxalifəti unudur ki, bu prosesin qarşısını almaq ya mümkün deyil, ya da bu Ermənistanı daha ağır bəlalara düçar edəcək... Moskva və Brüssel görüşü, erməni müxalifətinin “yay yuxusundan” ayılması barədə ekspertlər düşünürlər? Gedişat nələr vəd edir?

Tural İsmayılov: Gənclərin könüllülük hərəkatı sıralarında təmsil olunmağı  ölkəmizə böyük bir gələcək vəd edir - AZƏRTAC

Tural İsmayılov

Strateji Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirdi ki, Ermənistan müxalifəti də hazırkı hakimiyyət kimi xarici siyasi güclərin oyuncağına çevrilib: “Ümumiyyətlə, Ermənistan dövlətçilik təsisatları kifayət qədər zəif olan və idarəetməyə daimi xarici güclərin təsir göstərdiyi zəif ölkələrin sırasında yer alır. İqtidar sorosçuların, müxalifət isə Moskva mərkəzli təsir agentlərinin əlindədir. Belə olan təqdirdə bu ölkədə baş verəcək istənilən siyasi hərəkətlənmələr də xaricdən qaynaqlana bilər. Ermənistan müxalifətinin yay fəslini nəzərə alaraq bir neçə ay aksiyalarda pauza göstərəcəyini, payızdan isə yenidən etirazları bərpa edəcəyini daha əvvəldən də proqnozlaşdırırdıq. Çünki bu gün Ermənistanda hakimiyyət yekdil deyil və hələ də ona Rusiyada etibar edilmir”. T.İsmayilov qeyd etdi ki, həmçinin Paşinyan özü də aksiyalardan Qərbdəki havadarları qarşısında görüntü üçün yararlanmağa çalışır: “Bu baxımdan qarşıdakı həftələrdə Ermənistanda silsilə aksiyalar davam edəcək. Gedişat Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanın müstəqil dövlət kimi yeganə iqtisadi və siyasi gələcəyi iki məsələdən asılıdır: birincisi, Azərbaycanla yekun sülh sazişi; ikincisi, Türkiyə ilə münasibətləri normallaşdırmaq”.

Akif Nağı: "Dilqəmlə Şahbaz qaytarılmasa, Azərbaycan danışıqlardan imtina  etməlidir"

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, etiraz aksiyaları ermənilərin son ümid yerləridir: “Onlar iqtidarlı-müxalifətli birgə planlar qurur, Ermənistanı vəziyyətdən çıxarmağa çalışırlar. İstədikləri odur ki, Ermənistan sülh müqaviləsini imzalamasın. Bunun üçün hər şeyə gedə, o cümlədən Paşinyanın istefasına da nail ola bilərlər. Xaricdəki erməni mərkəzləri bu qərarı versələr, istefa məsələsi də baş tuta bilər. Amma həmin mərkəzlər hələ qərarlı görünmürlər, çünki onlar heç vaxt müstəqil mövqe ortaya qoymayıblar. Görünür ki, bu qərara dəstək verəcək ölkə axtarışındadırlar”. A.Nağı qeyd etdi ki, Azərbaycan öz iradəsini davamlı şəkildə həyata keçirir, Ermənistanda kimin hakimiyyətdə olmasının bizim üçün heç bir fərqi yoxdur: “Yeni hakimiyyət gələrsə, Azərbaycanın diktəsini yerinə yetirməli olacaq. Prezidentin köməkçisi Hikmət Hacıyev Brüssel görüşündə sülh müqaviləsi ilə bağlı işçi qrupunun yaradılacağına ümid etdiyini bildirib. Bu, çox zəif mövqedir. Azərbaycan mövqeyini sərt şəkildə ortaya qoymalı, vaxt müəyyən etməli, həmin vaxt ərzində nəticə olmazsa, güc tətbiqinə keçməlidir. Moskvanın təşəbbüsü ilə bir, Brüsselin təşəbbüsü ilə başqa bir işçi qrup yaradılıb, heç biri də işləmir. İndi yenidən toplaşır, yeni işçi qrupu yaratmaq istəyirlər. Bu gedişatla heç nəyə nail olmaq mümkün deyil. Azərbaycan bu mənasız görüş və danışıqlardan imtina etməlidir”.

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

 İlyas Hüseynov

Politoloq İlyas Hüseynov bildirdi ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq müxtəlif treklərdə danışıqlar həyata keçirilir: “Danışıqlar şərti olaraq üç istiqaməti əhatə edir: sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması kontekstində kommunikasiya xətlərinin açılması və sülh sazişinin hazırlanması. Delimitasiya və Zəngəzur dəhlizi ilə bağlı komissiya işini davam etdirir. Avqust ayının sonunda Brüsseldə keçiriləcək görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına böyük ümidlər mövcuddur. Bununla yanaşı, adıçəkilən komissiyaların rəhbərləri, Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan avqustun 30-da Moskvada görüşəcəklər. Bölgədə sülhlə bağlı müxtəlif təşəbbüslərin irəli sürüldüyü bir vaxtda revanşist qüvvələr yenidən aktuallaşır, regional təhlükəsizliyə kölgə salmağa çalışırlar”. Ermənistandakı revanş cəhdlərinə gəldikdə, ekspert bunları söylədi: “İrəvanın əsas küçə və prospektlərində yürüşlərin və nümayişlərin fiaskoya uğramasından sonra ”Müqavimət" hərəkatının təşkilatçılığı ilə sentyabrın 2-dən başlayaraq yenidən İrəvanın “Fransa” meydanından start götürəcək etiraz aksiyalarının kənar qüvvələrin təhriki ilə baş verəcəyini ehtimal edə bilərik. Sülh prosesi ilə bağlı mühüm addımların gözləndiyi ərəfədə revanşist qüvvələrin yenidən küçələrə çıxmaq qərarının Nikol Paşinyanın xeyir-duası ilə də olması mümkündür. Çünki “Qisas” əməliyyatından sonra Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu anladı. “Dəmir yumruq” işə düşən kimi dərhal “məsuliyyət” və “öhdəliklər” haqqında dərindən düşünən Paşinyan mitinqləri çıxış yolu kimi qəbul edə bilər. Ermənistanın baş naziri ölkədəki daxili vəziyyəti bəhanə edərək dəfələrlə sülh razılaşmasını bütün mümkün vasitələrlə ləngitməyə çalışıb. Hazırda da “mitinq kartı”ndan istifadə etməyə çalışan Paşinyanı danışıqlarda fakt qarşısında qoyacaqlar. Laçın zəfərindən sonra Moskva və Brüsseldə regional sülhü və təhlükəsizliyi daha da dayanıqlı etmək üçün rəsmi Bakının qətiyyətli addımlar atacağını proqnozlaşdıra bilərik".

Yeri gəlmişkən, ABŞ və Fransanın Bakıdakı səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransa qatılmaması da erməni revanşçıların “əlinə işləyən” amildir. Amma bu, sadəcə, onları şirnikləndirmək cəhdidir, son nəticədə Ermənistanın növbəti sarsıdıcı zərbə alacağını hesablamayıblarsa, öz işləridir... Masadakı sülh sazişini imzalamaq Ermənistan üçün xilas yoludur, unutmasınlar! Necə ki, Nikol Paşinyan kapitulyasiya aktını imzalamaqla ilk dəfə 10 noyabr 2020-ci ildə ölkəsini və xalqını məhv olmaqdan xilas etmişdi... İstisna deyil ki, budəfəki “etiraz”ların arxasından da Paşinyan çıxsın...

E.PAŞASOY,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10