Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vaşinqtondan Ankaraya hədə: ya mənim yanımda olacaqsan, ya da...


Deputat: “Seçkilər yaxınlaşdıqca Türkiyəyə qarşı təzyiqlər daha da artacaq”

Politoloq: “Türkiyə çox ciddi seçim qarşısındadır”

Bayden administrasiyası Türkiyəyə qarşı təzyiqləri gücləndirir və milli valyutalarda hesablaşmalar üçün sanksiyaya məruz qalan Rusiya banklarına müxbir hesablar açacağı təqdirdə, yerli bankları dollarla əməliyyatlar aparmaq imkanından məhrum etməklə hədələyir. ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun Türkiyədəki Amerika Ticarət Palatasına göndərdiyi məktubda bildirilir ki, türk bankları Rusiya ilə ABŞ bankları arasında seçim etməlidir.

“Türkiyə bankları ABŞ bankları ilə eyni münasibətləri davam etdirərkən, sanksiya tətbiq edilən Rusiya bankları ilə müxbir əlaqələri ola bilməz. Lütfən, sanksiyaya məruz qalmış Rusiya qurumları ilə sövdələşmənin Türkiyə maliyyə qurumları və şirkətləri üçün risk yarada biləcəyini nəzərə alın”, - deyə məktubda vurğulanır.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Analitiklər hesab edirlər ki, Vaşinqtonun Türkiyə hökumətinə müraciəti seçkiöncəsi lirəni dəyərdən salmaq, daxili inflyasiyanı gücləndirmək məqsədi daşıyır.

Belə düşüncədə olanların iddialarına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət kursu, Rusiyaya qarşı Qərbin sanksyalarına qoşulmaması, eləcə də dünyada artan rolu ABŞ və müttəfiqlərini ciddi şəkildə narahat edir: “Bu səbəbdən Qərb dairələri bir tərəfdən Türkiyədə daxili iqtisadi vəziyyəti gərginləşdirməyə, digər tərəfdən isə Ərdoğan iqtidarını seçki dövründə zəiflətməyə çalışırlar”.

Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, seçkilər yaxınlaşdıqca Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmalar davam edəcək: “Gözlənilən odur ki, qarşıdakı seçkilər Türkiyənin siyasi tarixində ən gərgin seçkilərdən biri olacaq. Artıq müxalifət düşərgəsi qarşıdan gələn seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı müzakirələrə başlayıb. Hakim partiya da seçkilərə ciddi şəkildə hazırlaşır. Heç şübhəsiz ki, baş verənlərin fonunda Türkiyəyə qarşı xarici təzyiqlər də artır”.

“Bunun bir səbəbi Türkiyənin dünya miqyasında güclənməsi, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsidirsə, digər səbəbi müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Xüsusən, Rusiya məsələsində Türkiyənin tutduğu mövqe, şimal qonşumuza qarşı embarqolara qoşulmaması, ABŞ və müttəfiqləri ilə fikir ayrılıqları münasibətləri daha da gərginləşdirir”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Türkiyəyə etdiyi son müraciət də təsadüfi deyil: “Onlar aydın şəkildə bildirirlər ki, Türkiyə ABŞ və Rusiya valyutası arasında seçim etməlidir. Əks halda Türkiyə banklarını dollarla əməliyyatlar aparmaq imkanından məhrum edəcəkləri ilə hədələyirlər. Bu, kifayət qədər ciddi bəyanatdır. Açıq şəkildə qeyd edirlər ki, Türkiyə bütün riskləri nəzərə almalıdır”.

“Nəzərə alanda ki, son dövrlər Türkiyəyə qarşı iqtisadi təzyiqlər davam edir və lirənin ucuzlaşmasının xarici amillərlə bağlılığı ən yüksək rəsmi səviyyədə etiraf olunur, bu prosesin bundan sonra da davam edəcəyini söyləmək olar. Seçkilər yaxınlaşdıqca təzyiqlər daha da artacaq və daxili iqtisadi problemlər yaratmaqla Ərdoğan komandasının elektoratını azaltmağa çalışacaqlar”, - deyə Bayramov söyləyib.

Əlavə edib ki, Türkiyənin müstəqil xarici siyasət kursu həm Türkiyənin, həm də qardaş ölkə olaraq Azərbaycanın maraqlarına cavab verir: “Hesab etmirəm ki, ABŞ və müttəfiqləri təzyiqlər yolu ilə Türkiyəni geri çəkilməyə təhrik edə biləcəklər. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir dövlətdir və seçkilərin taleyinə hər hansı kənar qüvvələr deyil, türk xalqı aydınlıq gətirəcək”.

Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl da AYNA-ya şərhində qeyd edib ki, Qərb əlindəki imkanlardan yararlanaraq Türkiyəyə təzyiq edir: “Burada qarşı əsas təzyiq aləti iqtisadi məsələlərdir. Məlumdur ki, bu gün Türkiyə müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, Türkiyə bu gün dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Rusiya məsələsində tutduğu mövqe, NATO daxilində fikir ayrılıqları, ABŞ və müttəfiqləri ilə ortaya çıxan problemlər Qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar Türkiyə kimi önəmli bir dövlətin müstəqil siyasət yürütməsi ilə barışmaq istəmirlər”.

“Məhz bunun nəticəsidir ki, son dövrlər Türkiyəyə qarşı təzyiqlər daha ciddi xarakter almğa başlayıb. Heç şübhəsiz ki, lirənin ucuzlaşması, Türkiyə iqtisadiyyatında yaşanan problemlər əsas etibarilə xarici təzyiqlərlə bağlıdır. Onsuz da bu siyasət həyata keçirilirdi. Seçkilər yaxınlaşdıqca isə təzyiqlər daha da artacaq. ABŞ maliyyə nazirliyinin Türkiyəyə son müraciəti də məhz bundan qaynaqlanır”, - deyə müsahibimiz vurğulayıb.

İsmayıl Türkiyənin çox ciddi seçim qarşısında olduğunu diqqətə çatdırıb: “Qarıdakı seçkilər kifayət qədər gərgin şəraitdə keçəcək. Bunun əlamətləri artıq tam çılpaqlığı ilə ortadadır. Bütün hallarda Türkiyədə seçkilərin taleyini xalq həll etməlidir və xalq da həll edəcək. İmkan vermək olmaz ki, kənar qüvvələr daxildə təsir imkanları qazansınlar. Bunun Türkiyə üçün uğurlu olmayacağı hər kəsə məlumdur. Bu mənada türkiyəli seçicilərin də üzərinə böyük məsuliyyət düşür”.

Müəllif: Azər Niftiyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10