Masallı rayonunda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı Masallı rayonu, İstisu sanatoriyasının yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsinə cəlb edilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.
Nazirlik əməkdaşları geniş ərazilərə yayılmasının qarşısının alınmasında iştirak edir.
Axar.az