Son 3 ildə 3 müdir dəyişən Masallı Kommunal Təsərrüfat idarəsinə müdir kürsüsünə uzun müddət Bakının Nizami Rayonunun Yaşıllaşdırma Idarəsinə rəhbərlik edən, əslən Astara rayonundan olduğu bildirilən 65 yaşlı Məhərrəm Əliyev təyin edilib.
Yada salaq ki, sovet dövründə rayonda 1-ci şəxsin vəzifəsi dəyişəndə gözlər “raykoopittifaq”, “qorpo”, “selpo” deyilən ticarət təşkilatlarına dikilərdi. Sonra təhsil, səhiyyə, vergi, polis və sair postlar daha önə keçdi.
Son illər isə, qısaca, Kommunxoz adlanan təşkilat əməlli-başlı “kişi” oldu. Dolaşan söhbətlərə görə bu təşkilatın sərəncamında olan 700-ə yaxın plastik kartın az qala yarısı “yad” əllərədir. Hansı çətin adamın “ağzın” yummaq istəyirdilər, onun “ağzına” bir kart hədiyyə edilirdi.
Nəzərə alsaq ki, hər bir kartda 300 manat əmək haqqı, bunu da vur ayda 300-400 nəfərə. Hələ süpürgə pulu, yanacaq pulu, “lapatka” pulu, xələt pulu və sairi demirəm. Qısası, zibil təmizləyən idarə özü bir “zibilliyə” çevrilmişdi.
Xatırladaq ki, bu, icra başçı Araz Əhmədovun fəaliyyətə başladığı bir ayda ilk kadr dəyişikliyidir. Həmçinin xatırladaq ki, eyni vaxtda Lerik rayonuna təyinat almış Əkbər Abbasovun da ilk kadr dəyişikliyi “kommunxoz” rəhbərliyi olub.
Məhərrəm müəllimi yeni vəzifəyə təyinatı ilə bağlı təbrik edirik.
Cenub.az. Zahir Əmənov.