Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qazilər çoxmu şey istəyirlər?


İntihara cəhd edən qazinin xanımı: "Canına qəsd etməyə çalışır, hara gedirik, maraqlanmırlar, hər qurum digərinin üstünə atır”

Qarabağ qazisi: "Müharibədən iki ilə yaxın vaxt keçir, amma qazilərin problemləri həllini tapmaq bilmir"

Nazirlik sözçüsü: "Qazinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib"

“Dünən yoldaşım özünü asmağa cəhd elədi. Qarabağ qazisidir, Vətən müharibəsinin iştirakçısıdır...”.

AYNA xəbər verir ki, bu sözləri İkinci Qarabağ müharibəsinin iştirakçısı, Qəbələdə yaşayan qazi Eyyublu Vasif Faiq oğlunun həyat yoldaşı deyib. Onun sözlərinə görə, qazinin psixi vəziyyəti gündən-günə pisə doğru gedir.

“Hər yerini kəsir-tökür... Dünən (avqustun 21-də) biz onunla bacarmadıq, təcili yardım çağırdıq. Gəlib apardılar, Məştağadakı əsəb xəstəlikləri dispanserinə yatırtdılar”, - deyə qazi xanımı bildirib.

Qadın sosial şəbəkədə tanınmış şəxslərə müraciət edərək dolanışıqlarının pis olduğunu, heç yerdən gəlir əldə edə bilmədiklərini deyib, yardım kampaniyası başlatmağı xahiş edib: “24 yaşım var, 2 aylıq körpəmlə qalmışam ortada. Bilmirəm, nə edim, maddi vəziyyətim cox pisdir. Uşağı da tək qoyub işləyə bilmirəm. Sosial yardım kampaniyası keçirən ictimai fəallardan xahiş edirəm, mənə kömək etsinlər”.

“Həyat yoldaşım da heç yerdə işləyə bilmir, ruhi pozğunluğu var deyə heç yerdə işə götürmürlər. Deyirlər ki, “özümüzü işə sala bilmərik”.. Bəs mən nə edim?! Uşağıma pampers, yemək ala bilmirəm. Özüm stresdən əsəb xəstəsi olmuşam. Yoldaşımın hərəkətlərindən çox qorxu keçirdim. Neçə dəfə gecənin bir aləmində məni boğmaga çalışıb, birtəhər əlindən çıxa bilmişəm. Mənim həyat yoldaşım belə deyildi, normal adam idi. Müharibəyə getdi, qayıdandan psixi pozğunluq vəziyyətində yaşayır. Özünə qəsd etməyə çalışır. İndi hara gedirik, maraqlanmırlar. Hər qurum digərinin üstünə atır”, - deyə Eyyublunun xanımı əlavə edib.

Qazi xanımı xeyirxah insanlara üz tutaraq deyib: “Bilirəm, siz milyonçu deyilsiniz. Amma xahiş edirəm, kampaniya keçirilsin, yardım eləyə biləcək insanlar kömək etsinlər. Əvvəl vəziyyətim yaxşı idi, işləyirdim. Belə yardımlara özüm qoşulurdum. İndi o qədər pis vəziyyətdəyəm ki, uşaq olmasa, birtəhər yola verərəm. Amma iki aylıq uşağa başa salmaq olmur, axı - o, körpədir”.

Qarabağ Qaziləri İctimai Birliyinin İdarə Heyətinin üzvü, qazi jurnalist Rey Kərimoğlu AYNA-ya açıqlamasında söyləyib ki, müharibədən iki ilə yaxın vaxt keçir, amma qazilərin problemləri həllini tapmaq bilmir: "Müharibə iştirakçıları, qazilər ilk növbədə reabilitasiyaya cəlb edilməlidirlər. Bu işdə səhlənkarlıq etmək qətiyyən yolverilməzdir. Müharibədən çıxmış insanlar ağır psixoloji travma keçirirlər. Onlar dostlarını, çörək kəsdikləri insanları gözləri qabağında itiriblər. Bu, onların beynində dərin mənfi iz buraxır. Bunun üçün Prezidentin göstərişi ilə yaradılmış reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Aidiyyəti qurumlar qazi qardaşımızın reabilitasiyasının həyata keçirilməsi, tezliklə sağalması üçün hərəkətə keçməlidir”.

“İndi deyirsiniz ki, özünü doğrayır, xəsarət yetirir, intihara cəhd göstərir. Bu, psixoloji travmanın nəticəsidir. Yenə deyirəm, onlara diqqət, qayğı yüksək səviyyədə olmalıdır. Müalicəsi aparılmalıdır. Niyə bu vaxtadək müalicə kursundan keçməyib, başa düşə bilmirəm”, - deyə Kərimoğlu vurğulayıb.

Qazi ailəsinin maddi durumunun pis olmasına gəlincə, həmsöhbətimiz qeyd edib ki, aidiyyəti dövlət qurumları bu məsələ ilə ciddi məşğul olmalıdır: “Qazinin indiyədək niyə pensiyası, təqaüdü təyib edilməyib? Çoxlu suallar var ki, buna nazirlik cavab verməli, aydınlaşdırmalıdır. Bir dənə də qazi diqqətdən kənarda qalmamalıdır”.

“Qazinin ailəsinin maddi rifahı üçün pul yığma kampaniyası keçirmək o qədər də düzgün deyil. O mənada ki, bu gün yığıldı, insanlarımız dəstək verdilər, bəs gələn ay? Bu məsələ kökündən həll olunmaldıır. Vətən uğrunda canından keçən, sağlamlığını itirən insanın ailə üzvü niyə tanınmışlara müraciət etməlidir ki, yardım kampaniyası keçirilsin?! Buna aidiyyəti qurumlar imkan verməməlidir, özləri məsələni yoluna qoymalıdırlar. İanə üçün YAŞAT Fondu yaradılıb. YAŞAT Fondu da qazimizin ailəsi ilə maraqlanmalıdır”, - deyə qazi jurnalist diqqətə çatdırıb.

Qaziyə niyə psixoloji yardım və maddi yardım göstərilməməsinin, Eyyublunun niyə diqqətdən kənarda qalmasının səbəblərini öyrənmək üçün əlaqə saxladığımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı AYNA-ya deyib ki, digər qazilər kimi, Vətən müharibəsi veteranı Eyyublu Vasif Faiq oğlu da dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunub: “Vasif Eyyubluya müharibə veteranı olduğu üçün bu ilin əvvəlindən ona Prezidentin aylıq təqaüdü təyin olunaraq ödənilir. Ona həmçinin, 2750 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 2500 manat maddi yardım edilib. Qazimizin atası Faiq Eyyubova ötən ilin iyul ayında özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilərək maldarlıq üzrə təsərrüfatı yaradılıb”.

Talıblının sözlərinə görə, V.Eyyublunun əlilliyinin qiymətləndirilməsi üçün ötən ilin mart ayında əyani müayinəsi aparılıb: “Müayinə zamanı hərbi həkim komissiyasının onun barəsində təqdim etdiyi şəhadətnamədəki diaqnozun əlillik təyinatına əsas yaratmadığı, habelə qazinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib”.

Müəllif: Anar Bayramoğlu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10