Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Çörək, iş və azadlıq” – “Taliban”ın gəlişi ilə qaçqın düşən əfqanların həyat hekayəsi - FOTOLAR


“15 avqust heç bir normal əfqanın qeyd etməyəcəyi yubileydir. Bizim üçün bu, göz yaşlarını saxlamaq çətin olduğu matəm tarixidir”

Bir il əvvəl “Taliban” yaraqlıları öz bayraqlarını Kabil üzərində qaldıraraq Əfqanıstan İslam Əmirliyinin dirçəlişini elan etdiləır. Bir neçə həftə ərzində “Taliban” demək olar ki, bütün ölkəni ələ keçirə bildi: Amerika qoşunlarının və müttəfiq NATO kontingentinin ölkədən getməsi ilə ruhdan düşmüş əfqan hərbçiləri praktiki olaraq heç bir müqavimət göstərmədilər. Əvvəlki “Taliban” idarəçiliyinin dəhşətlərini yaşamış minlərlə əfqan ölkədən qaçmağa başladı: bəziləri Qərblə əməkdaşlıq edən əfqanlar üçün evakuasiya uçuşlarında, bəziləri təkbaşına qonşu dövlətlərə, bəziləri isə sözün əsl mənasında təyyarənin təkərlərindən yapışaraq Kabil hava limanını tərk etdi.

“Taliban”ın gəlişinin ildönümündə Əfqanıstandan müxtəlif yollarla qaçmağı bacaran əfqanlar nələrdən keçməli olduqlarını və yeni ölkələrdə onları necə qarşıladıqlarını “Lenta.ru” ilə bölüşüblər. AYNA sözügedən reportajı istinadla təqdim edir:

“Vətənə qayıtsam, məni öldürəcəklər”

Mohammed Reza Hasani – 35: əvvəllər turist bələdçisi işləyib:

2021-ci il avqustun 15-dək Məzari-Şərif şəhərində Amerika QHT-si olan Beynəlxalq Tibb Korpusunda (IMC) işləmişəm. Əfqanıstanın şimalındadır. Təşkilatımız səhiyyə məsələləri ilə, qismən də qadın hüquqları ilə məşğul olurdu. Mən orada logistikaya cavabdeh idim. Mənim də öz turizm şirkətim var idi: Əfqanıstana xarici turistləri aparırdım. Deyə bilərsiniz ki, mənim gözəl həyatım olub. Baxmayaraq ki, o qədər də yaxşı başlamamışdı. Axı mən ikinci dəfədir ki, qaçqın oluram: 1990-cı illərdə “Taliban” ilk dəfə hakimiyyətə gələndə ailəm Əfqanıstandan İrana gedib. Mən qaçqın düşərgəsində böyümüşəm, amma on il əvvəl vətənə qayıtmışam. Əvvəlcə nə işim, nə də başımın üstündə damım var idi, amma çox çalışırdım, oxuyurdum. Səylərim öz bəhrəsini verdi: mən çox uğurlu bir insan oldum, yaxşı gəlirim və gözəl həyatım oldu. Amma məndən bunlar alındı.

2021-ci ilin avqustunda “Taliban”ın şəhəri şəhəri ələ keçirməsinə dəhşətlə izlədim, amma düzünü desəm, hər şeyin düzələcəyini düşündüm. Mənə elə gəlirdi ki, yaraqlılar bu qədər sürətlə və asanlıqla irəliləyirlər, çünki hardasa pərdə arxasında bu, ABŞ və ya hökumətlə razılaşdırılıb, sonra Əşrəf Qəni hökuməti və “Taliban” danışıqlar masasına oturub bir razılaşma əldə edəcəklər. İnanırdım ki, sülh əldə olunacaq.

Amma avqustun 14-də “taliblər” Məzari-Şərifi ələ keçirdilər - mən, qohumlarım və həmkarlarım şoka düşdük. Mən və ailəm Kabilə getməyə qərar verdik, lakin ertəsi gün Kabil də ələ keçirildi və Prezident Qəni ölkədən qaçdı. Mən buna inana bilmədim. Üç gün evdən bayıra çıxmadım, sözün əsl mənasında iflic olmuşdum. Necə? Bizim o qədər güclü ordumuz var idi, o qədər yaxşı texnikamız var idi və başqa ölkələr, QHT-lər Əfqanıstana nə qədər pul qoydular. Bunun müqabilində döyüşmədilər – “Taliban” gəldi və bütün ölkəni ələ keçirdi.

QHT-dən əvvəl, 2017-ci ildə mən Almaniya hökumətinin Əfqanıstan polisini inkişaf etdirmək layihəsi üzərində işləmişəm və hətta o zaman “Taliban”dan təhdidlər almağa başladım. İşimi atıb Məzari-Şərifə getməli oldum. Amma indi bütün ölkə “Taliban”ın hakimiyyəti altında idi və onlardan gizlənəcək yer yox idi. Yaraqlılar əcnəbilərə işləyən hər kəsi təqib edir, ağsaqqallarımız bu işdə onlara kömək edirdilər: axtarışda olanların ünvanlarını verir, evdə olmasalar, gizlənəcəkləri qohumlarını hardan tapmağı təklif edirdilər.

Bizə ancaq ölkədən qaçmaq qalırdı. Buna görə də, minimum əşyalar götürüb Kabil hava limanına getdik - mən, arvadım və üç uşağım. O zaman ən kiçik uşağım cəmi iki aylıq idi. Mən ailəmi Polşaya evakuasiya uçuşu üçün siyahılara daxil edə bildim, amma içəri girə bilmədik: girişdə yüzlərlə insan sıxışdı, heç kimi buraxmadılar. Orada iki gecə üç gün keçirdik.

Çarəsiz halda hava limanına kanalizasiya kanalı ilə girməyə çalışdıq. Amerika hərbçilərinə çata bildik, çıxmağımıza kömək etdilər və sənədlərimizi yoxladıqdan sonra bizi Polşa ordusuna təhvil verdilər.

Əvvəlcə bizi Özbəkistana, oradan da Polşaya apardılar. Yerli hakimiyyət bizə qalmağa icazə verdi, lakin mən qərara gəldim ki, Almaniyada daha çox imkanlarım olacaq, çünki mən onların hökuməti ilə QHT vasitəsilə işləmişəm. Bununla bağlı Almaniya səfirliyi ilə əlaqə saxlamağım mümkün olmadığından sərhədi qanunsuz keçdim. On gün oteldə qaldım, müxtəlif idarə və təşkilatlara zəng etdim, amma nəticəsi olmadı.

Əfqanıstandan olan qaçqınlar Türkiyədəki miqrantların repatriasiya mərkəzində - 28 sentyabr 2021-ci il

Amma ümidimi kəsmədim. Amerika qeyri-hökumət təşkilatında işləməyim məni ABŞ-dan yardım almama kömək etdi. Məni qaçqınlar siyahısına daxil etdilər, lakin onlar ikinci kateqoriyanı, “Prioritet 2”ni təyin etdilər. Bu o deməkdir ki, mən daxil olmaq üçün icazə gözlədiyim müddətdə üçüncü ölkədə olmalıyam.

Fransada dostlarım var idi - Əfqanıstanda sülh dövründə onları turist kimi gəzdirmişdim. Mənə və ailəmə kömək edəcəklərinə söz verdilər, ona görə də Almaniyadan ora köçməyə qərar verdim. Dostlarım Fransanın kiçik Makon şəhərində mənim üçün mənzil kirayə verdilər və vəkillər tutdular. Fakt budur ki, Dublin Qaydalarına əsasən, mən yalnız ilk dəfə daxil olduğum Avropa İttifaqı ölkəsində - yəni Polşadan qaçqın statusu tələb edə bilərdim. Amma mən bu qayda haqqında yalnız Fransada olarkən öyrəndim. Sonda bizə siyasi sığınacaq verildi, bundan sonra Liona köçdük. Bu, böyük bir şəhərdir, ona görə də orada Makondan daha çox imkanlar var. Ümid edirəm ki, ABŞ-a köçə biləcəyik, amma olmasa, mən də burada itməyəcəyəm. Mən ingilis dilini bilirəm və fransız dilini öyrənə bilmişəm.

Təbii ki, övladlarım Avropada daha yaxşı yaşayacaqlar, bunu başa düşürəm. Amma Əfqanıstandakı həyatımı tərk etmək məcburiyyətində qaldığım üçün dözülməz dərəcədə kədərlənirəm. Bir gün vətənə qayıtmağı arzulayıram, amma ora yol mənə bağlıdır: mən əcnəbilərə işləmişəm, mən “xainəm”, Vətənə qayıtsam, məni öldürəcəklər, bundan əminəm.

Hər halda, mən artıq üç uşağı olan yetkin bir kişi, hər şeyi sıfırdan başlamalıyam. Mən hər şeyi itirmişəm. Əfqanıstanda hələ də evim, bir neçə maşınım və bütün əmanətlərim var: bank hesabım dondurulub, ondan pul çıxara bilmirəm. Özümü itirilmiş, tamamilə lazımsız bir insan kimi hiss edirəm. Amma təslim ola bilməzsən, irəli getmək lazımdır

“Talibanın gəlişi ilə həyatım cəhənnəmə çevrildi”

Zərifə Salangi - 24 yaşlı, qadın hüquqları müdafiəçisi:

Kasıb və savadsız bir ailənin yeddi uşağının böyüyüyəm. Atam bir vaxtlar şəxsi biznesi ilə məşğul olub, sonra hərbi xidmətə gedib. O, ancaq yazıb oxuya bilir. Ana evdar qadındır, heç bir təhsil almayıb. Ailəm Pərvan vilayətindəndir, amma mən özüm gözəl Kabildə doğulub böyümüşəm.

Orta məktəbi bitirdikdən sonra dövlət universitetinə daxil ola bilmədim, ona görə də uzun və gərgin axtarışlardan sonra ucuz bir özəl institut tapdım. Düzdür, ailəmin cüzi gəliri ona çatmadığından qohumlardan borc almalı oldum. İki il jurnalistika təhsili almışam. Ailəmizdə universitetə birinci daxil olan mən oldum və heç kim mənə xəbərdarlıq etmədi ki, iki ildə aldığım təhsil heç nəyə yaramayacaq - mən oxumağa davam etməliydim. Təhsilimin davamı olaraq iki illik iqtisadiyyat oxudum.

Foto: Zərifə Salanginin şəxsi arxivindən

Təhsil aldığım müddətdə televiziya və radioda - həm marketinqdə, həm dublyajda, həm də müxbir və aparıcı kimi işləməyi bacardım. Mədəniyyət və ictimai təşkilatlarda könüllü kimi çalışmışam, müxtəlif konfrans və seminarlarda iştirak etmişəm. Kabilin “Taliban” tərəfindən ələ keçirilməsinə qədər iki il dövlət qulluğunda çalışdım. Böyük ailəmizi tək dolandırmaq getdikcə çətinləşirdi. Qoca atama kömək etdim.

Mən enerji və ümidlərlə dolu idim, amma avqustun 15-də hər şeyin üstündən xətt çəkildi.

Mənim hekayəm bir çox digər əfqan qadın və qızlarının hekayəsinə bənzəyir. Çox çətinliklərin öhdəsindən gəldik, maddi müstəqillik əldə etdik, təhsil alıb işləyə bildik, ölkəmizə, xalqımıza xidmət etdik. Lakin “Taliban”ın gəlişi ilə həyatımız cəhənnəmə, bütün arzu və ümidlərimiz bir yığın fraqmentə çevrildi.

ABŞ ölkəmizi terrorçulara verdi. Bu, mənim ölkəmdir, mənim xalqımdır, amma nədənsə onun taleyi “Taliban”la danışıqlar masası arxasına əyləşmiş Amerikanın əlində idi. Bu terrorçular Qətərdə dəbdəbəli otellərdə yaşayıb, qırmızı xalçada görüşüb, Amerika, Avropa, Çin və Rusiyanın nüfuzlu rəsmiləri tərəfindən qarşılanıb, fotoşəkillər çəkilib. Baxmayaraq ki, bütün bu müddət ərzində “Taliban” öldürməkdən və terror aktları törətməkdən əl çəkməyib.

Mənim ölkəm sadəcə olaraq terrorçulara satılıb və biz hələ də bilmirik hansı qiymətə?!

“Taliban” gələndən sonra atamla mən işsiz qaldıq. Hər şeyi satmalı olduq, hətta anamın çox sevdiyi, atamın ağarmış saçlarını, əyilmiş kürəyini, cılız əllərini belə “satmalı” olduq. Amma bir neçə həftədən sonra pulumuz tükəndi, ümidsizliyə qapıldıq.

Bu ağır günlərdə fəal bacılarla birlikdə “Taliban”ın vəhşi yollarına etiraz etdim. Bu 20 ili belə gözəl yaşamaq üçün xalqımız o qədər yol keçib ki! Bütün bunları bir gecədə məhv etmək mümkün idimi? Həmyaşıdlarımın bu qədər çətinliklə əldə etdikləri hər şeyi bu ikiayaqlı heyvanların – “taliblər”in pəncəsinə təhvil vermək mümkün idimi? “Çörək, iş və azadlıq” şüarları ilə küçələrə çıxdıq, yaraqlılar bizi döyüb, təpiklədilər, üstümüzə atəş açıb, gözyaşardıcı qazla zəhərlədilər. Amma biz təslim olmadıq.

Əfqan qadın Kabildə yeraltı məktəbi tərk edir - 30 iyul 2022-ci il.

Daha sonra gecə yarısı taliblər döyüş yoldaşlarımız Tamana Zaryabi Paryani və Paravana İbrahim Xeli oğurladılar. Təbii ki, əvvəllər də bizə hədələr gəlirdi, amma heç kim onları ciddiyə almırdı.

O an anladıq ki, “Taliban” hər şeyə qadirdir –insanlıqdan başqa hər şeyə. Silahlılar üç həftədən çox silahdaşlarımızı girov saxladılar. Və sərbəst buraxılan kimi digər qızlar da həmin gün qaçırıldı.

Mənə də təhdidlər gəlməyə başlayanda ailəmlə evi girov qoyaraq İrana qaçmaq qərarına gəldik. Bunu etmək asan deyildi - sərhədlər bağlıdır. Mən qaçaqmalçılara müraciət etməli oldum: plana görə, onlar Pakistana, oradan isə İrana getməyimizə kömək etməli idilər. Amma bu vəhşilər və əclaflar bizim bədbəxtliyimizdən ancaq qazanc götürüb bizi aldatdılar. Yeddi gün yolumuzu dağlardan, düzənliklərdən keçməli olduq - gah piyada, gah maşınla, gah da motosikletlə. Bir gecə də yatmadıq. Bir dəfə yorğunluqdan sözün əsl mənasında iflic olmuşdum, yeriyə bilmədim və atama yalvardım ki, məni tərk etsin. Səyahətimizin bütün dəhşətlərini təsvir etməyə söz tapa bilmirəm.

İran-Türkiyə sərhədi

Nəhayət Tehrana çatanda nə işimiz, nə də başımızın üstündə damımız var idi. Bir müddət sonra bizə uzaq qohumumuz sığınacaq tapdı. İndi bir xəstə qadına qulluq edirəm. Bu qədər zəhmətdən, dərsdən sonra tibb bacısı işləməliyəm. Amma medianın yazdıqlarının əksinə olaraq, iranlılar əfqanlara qarşı mehriban və hörmətlidirlər. Təbii ki, biz müxtəlif çətinliklərlə üzləşirik: rezident kartları, bank hesabları və sim kartlarımız yoxdur. Əfqan qaçqınlarının problemləri ilə məşğul olacaq təşkilatlar yoxdur. Çox az maaş üçün çox çalışmalısan.

Mənim yeganə arzum doğma Əfqanıstana qayıtmaqdır. Buna ümid olmasaydı, bir gün də yaşaya bilməzdim. “Taliban”ın devrilməsini və məhv edilməsini gözləyirəm ki, bir daha Kabilin tozlu küçələrində gəzə bilim. Sakinləri azad olan Kabildə. “Taliban”sız Kabildə.

“Ölkəmizi itirdik”

35 yaşlı Ərəfat Safi -  Əfqanıstan Xarici İşlər Nazirliyinin keçmiş rəsmisi

Mən xarici işlər naziri Məhəmməd Hənif Atmarın ən yaxın məmurlarından biri idim. Onunla uzun müddət əvvəl, hələ milli təhlükəsizlik müşaviri olanda işə başlamışam. Sonra 2019-cu il prezident seçkilərində namizədliyini irəli sürərkən onun təşviqat qərargahına rəhbərlik etmişəm. Beləliklə, mən Atmardan sonra Xarici İşlər Nazirliyinə keçdim.

Mənim hər bir əfqanın xəyal edəcəyi gözəl həyatım var idi: yüksək maaş, prestijli vəzifə, mehriban ailə, ev və maşın. Amma avqustun 15-də bu illər ərzində əldə etdiyim hər şeyi itirdim. Özümlə yalnız kiçik bir çanta və ona uyğun olan ən zəruri əşyaları götürüb ölkədən qaçdım.

Mən milli təhlükəsizlik müşaviri vəzifəsində işləyəndə “Taliban”ın qara siyahısına düşdüm: o vaxt mənim vəzifələrimə “Taliban”la sülh danışıqlarının təşkili daxil idi. Beləliklə, onlar mənim kim olduğumu dəqiq bilirdilər. O vaxt həm şəxsən mənə, həm də hərbçi olan qayınatama “Taliban”dan daim hədə-qorxu gəlirdi və onların hakimiyyətə gəlməsi ilə həyatım təhlükə altında idi.

Kabilin şimalında, Baqram-Kabil avtomobil yolunda dilənçiliklə məşğul olan əfqan qadın

Ailəm, xoşbəxtlikdən, artıq ölkədən kənarda idi. Qayınatam Hindistanda ürəyindən əməliyyat olunurdu və yerli həkimlərə müraciət etməli idi. Beləliklə, Kabilin ələ keçirilməsinə təxminən bir həftə qalmış həyat yoldaşımı və dörd uşağımı onun yanına göndərdim.

Mən özüm bir aya yaxın Kabildə bir dostumun evində gizləndim. Hava limanına gedib evakuasiya reyslərindən birinə uçmaq variantı yox idi - məni hər yerdə axtarırdılar. Buna görə də öz gücümlə Pakistana getməyə qərar verdim.

Mən və qohumlarım da daxil olmaqla, ümumilikdə 13 nəfərə Pakistan vizası almaqda ailə dostlarımız kömək etdi. Oradan İstanbula uçduq, nəhayət, həyat yoldaşım və uşaqlarımla orada görüşdüm. Türkiyədə on gün qaldıqdan sonra səyahətimizə davam edib ABŞ-a getməyə qərar verdik: mənim, anam, həyat yoldaşım və uşaqlarımın Amerika diplomatik vizası var idi.

Kabilin ələ keçirilməsindən iki ay sonra biz Vaşinqtonun Dalles hava limanına endik. Dostlar mənə xəbərdarlıq etdilər ki, ölkəyə diplomatik viza ilə daxil olsam, qaçqınlara görə müavinət və yardımları tələb edə bilməyəcəm. Buna görə də, gəldikdən sonra dərhal immiqrasiya xidmətinə müraciət edərək xüsusi müvəqqəti giriş icazəsi istədik. Onlara izah etdim ki, mən keçmiş dövlət qulluqçusuyam, vətənimdə cəzalandırılacağam. Həm də maddi yardıma ehtiyacım var idi. Kabildən çıxanda yanımda 20 min dollarım var idi, amma sonda cəmi 7 min pul qaldı - yolda biletlərə və yaşayışa çoxlu pul xərcləndi. Yoxlamalar iki gün çəkdi, biz bunu hava limanında uşaqlarla keçirdik.

İmmiqrasiya Xidməti müraciətlərimizi təsdiqlədi, köhnə vizalarımızı ləğv etdi və pasportumuza humanitar giriş icazəsi qoydu. Virciniya hökuməti bizə ev tapmaqda və kirayə verməkdə kömək etdi və altı aylıq müavinət verdi. Onların köməyi olmasaydı, bacarmazdım. Hamı mənim ailəmə qarşı çox mehriban idi. Bizi bütün bayramlara dəvət edən bir neçə Amerika ailəsi ilə tanış olduq - bu yaxınlarda biz ilk Müstəqillik Günümüzü qeyd etdik. Mənə və övladlarıma yeni ev tapmağa kömək etdiyi üçün ABŞ rəhbərliyinə təşəkkür edirəm.

Foto: Ərəfat Safinin şəxsi arxivindən

Amma əslində ABŞ hələ də qaçqınların qəbulu sistemini düzəltməlidir. Aldığımız icazə ölkədə cəmi iki il yaşamaq hüququ verir. Mən istərdim ki, qaçan əfqanlara normal hüquqi status verilsin - Konqres hazırda bunun üzərində işləyir. Ancaq başqa bir şey daha vacibdir. Dostlarımın heç də hamısı mənim qədər şanslı deyil.

İllərlə Əfqanıstan hökumətində və ya ABŞ-da işləyən və sığınacaq almağa layiq olanların çoxu bürokratik gecikmələrə görə onu ala bilməyib, o cümlədən hələ də Türkiyədə olan qayınatam. Və Əfqanıstanın özündən təxliyə çox pis planlaşdırılıb. İnsanlar heç bir sənəd olmadan və heç bir səbəb olmadan ABŞ-a daxil oldular: onlar yalnız ixrac uçuşları haqqında eşitdilər və hava limanına gəldilər - bəziləri həqiqətən şanslı idi və uça bildilər.

Əlbəttə, mən qaça bilmiş hər bir əfqan üçün sevinirəm, amma biz geridə həqiqətən buna layiq olan və dəhşətli təhlükə altında olan o qədər çox insan qoyduq.

İş icazəmi tanıdığım hər kəsdən çox gec, yalnız dörd ay yarımdan sonra aldım. Əvvəlcə mən Amazonda çatdırılma işçisi kimi işləməli oldum: yerli lisenziya aldım və paketləri çatdırmaq üçün ucuz işlənmiş avtomobil aldım. Lakin uzun axtarışlardan və çoxsaylı müsahibələrdən sonra nəhayət ki, layiqli iş tapa bildim: səhiyyə sektorunda çalışan bir təşkilatda əməliyyat meneceri kimi işə düzəldim. Mən atmosferdən və maaşdan çox razıyam - bütün xərclərimizə kifayət edir.

Həyat yoldaşım əvvəlcə çörək sexində işləyirdi, amma mən yaxşı dolanmağa başlayanda ondan ev işlərinə qayıtmasını və uşaqlara baxmasını xahiş etdim. Böyük iki oğlum və bir qızım Kabildəki özəl məktəbdə ingilis dilini öyrəndikləri üçün Amerika məktəbinə tez uyğunlaşa bildilər və yaxşı qiymətlər aldılar. Ən kiçiyi avqustun sonunda məktəbə gedəcək.

İndi ailəmin vəziyyəti yaxşıdır, amma mən hələ də Əfqanıstandakı həyat üçün çox darıxıram və evə qayıtmaq arzusundayam. Nə qədər ki, “Taliban” hakimiyyətdədir, ölkə məhvə məhkumdur.

Əfqan kişilər Kabildə köçkünlər üçün nağd yardım gözləyir -  28 iyul 2022-ci il.

Bu gün Əfqanıstan tanınmazdır: 20 il ərzində əldə edilmiş hər şey itirilib: dövlət və ictimai institutlar, infrastruktur dağılıb. İnanılmaz beyin axını baş verib - əvvəlki hökumətin bütün əsas işçiləri ölkəni tərk edib. Ölkəyə kimin rəhbərlik etdiyi bəlli deyil, hansı qanunların qüvvədə olduğu aydın deyil. İstənilən cəmiyyətin bünövrəsi olan təhsil dağılıb. Dini təhsil var, bəs həqiqətənmi 21-ci əsrdə bu qədər ehtiyac duyulan elm və texnologiyanı əvəz edəcək? İqtisadiyyat da iflasa uğrayıb: insanlar dilənərək kiflənmiş çörək almağa məcburdurlar, çünki pul ala bilmirlər. Sərhədlər bağlıdır, idxal-ixrac yoxdur. “Taliban” keçmiş təhlükəsizlik qüvvələrinin rəhbərlərini və məmurlarını axtarır və bütün media “taliblər”  tərəfindən idarə olunur.

“15 avqust heç bir normal əfqanın qeyd etməyəcəyi yubileydir. Bizim üçün bu, göz yaşlarını saxlamaq çətin olduğu matəm tarixidir. Vətənimizi itirmişik, dönməyə yerimiz yoxdur. “Taliban” əfqan deyil, mənim qardaşım deyil, vəhşidir. Deyəsən, hər şey uzun müddətdir”, - deyə qaçqın əfqan bildirir.

Müəllif: Turan Abdulla






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10