Cəlilabadda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilib.
Eyni zamanda polis əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində keçirilən növbəti nəzarət-profilaktiki tədbirlər zamanı yol və səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb gözlənilmədən elə yolun kənarındaca yığan şəxslər müəyyən edilib.
Onlarla ətraflı şəkildə izahedici söhbətlər aparılıb, yalnız müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib və qanunamüvafiq tədbirlər görülüb./qafqazinfo