İlk təəssürat o oldu ki, görüşdən narazı çıxan olmadı. Həmişə belə olacaqmı?
Masallının yeni icra başçısı Araz Əhmədovun ərazilərə növbəti səfəri Masallının 19 mindən artıq əhalisi olan Ərkivan qəsəbəsinə oldu.
Bir neçə yüz adamın toplaşdığa “Ərkivan” şadlıq sarayındakı tədbirə gəlmək üçün heç kimə qadağa qoyulmamışdı. İstənilən adam gəldi, istədiyi fikri də soylədi.
Həmin ərazinin sakini kimi mən də tədbirdə idim. Görüş haqqında ənənəvi olaraq şablon məlumat Masallı.ih.gov.az saytında yerləşdiyindən tədbir barədə yalnız öz təəssüratımı və buradakı çıxışımdan bəzi seçmələri təqdim edirəm.
İlk diqqət çəkən o idi ki, tədbir həqiqi mənada çox səmimi keçdi. Rəhbərlik tərəfindən hər kəs diqqətlə dinlənildi. Bir çox şikayətlər yerindəcə həll edildi. Düzdür, “əbədi” çıxışçılar, “toyda” da, “yasda” da eyni sözləri deyənlər, özün gözə soxanlar, “təşkil ölünmüş” çıxışlar da var idi. Lakin tədbirdə danışan hər kəs yeni icra başçısına inam ifadə etdi.
Tədbirdə biz də bir neçə kəlmə söylədik. Təxminən bildirdim:- Çoxları sizin rayonu yaxşı tanıdığınızı və rayonun bir çox sakinlərinin sizi yaxşı tanıdığınız deyir. Amma o da bəllidir ki, Tanınmaq hələ Sevilmək deyil. Arzumuz odur ki, siz Masallının sevilən icra başçısı olasınız. Necə ki, təxminən 50 il öncə əslən Qubadan olan Əlövsət Baxışov rayonu tərk edən, Kəlbəccər rayonun, eyni vəzifəyə təyinat alan, rayondan gedərkən şəhər mərkəzindən Təzə Alvadı, kəndin çıxışna kimi insanlar onu gül-çiçəklə, qurbanlarla yola saldı.
Daha sonra vurğuladım ki, Rayondakı qeydiyyatdan keçmiş 6 QHT-nin 3-ü Ərkivandadır. QHT sektoruna, vətəndaş cəmiyyətinə, məhəllə komitələrinin, xeyriyyəçi qruplarının yaranmasına ciddi fikir verilməlidir. Onlar uğurlu işləri təbliğ olunmalıdır.
Ərkivan təkcə alimləri, din xadimləri, idmançıları ilə öyünməməlidir. 19 minlik ərazidəki 5 məktəbin 4- ü bərbad, bağçası bərbad, bir çox yolları bərbad.
Çıxışımda rayonu bürümüş dilənçilər, bir çoxunun, hətta xeyriyyəçi iş adamlarının qorxu altında olduğuna diqqətə çatdırdım.
İcra başçısından qəsəbə sakinləri adından bir xahişim oldu. Dedim ki, Ramazanlı məhəlləsindən İlkin Dövlətov adlı şəhidin valideynləri onun haqqı olan şəhid statusunu ala bilmir. Anası oğlunun haqqına əldə etmək üçün Tərtər rayonundakı məhkəmələrinə getməkdən ev əşyalarını belə satıb. Xahiş etdik ki, nüfuzunuzdan, imkanlarınızdan istifadə edib ona dəstək olun. İcra başçısı da bu işdən məlumatlı olduğunu, bu işdə ziddiyyətli məqamların mövcudluğunu diqqətə çatdırmaqla yanaşı, bildirdi ki, ona mümkün köməklər ediləcək.
Bəlli oldu ki, icra başçısı 1 gün öncə şəhid anasını yüksək səviyyədə qəbul edib, məsələ onun diqqətindədir.
Çıxışımı, aşağıdakı təkliflə bitirdim: Hörmətli başçı, çox istərdik ki, elə çalışın, elə işləyin ki, bir tənqidçi jurnalist kimi sizin işinizdən nöqsan yazmağa söz, tənqid etməyə fakt tapmayım .
Qeyd: İlk təəssürat o oldu ki, görüşdən narazı çıxan olmadı. Kaş ki, belə ola həmişə.
Zahir Əmənov