Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ə, sən nə həyasız adamsan?!”


Ən azı yüz dəfə yazmışam, yüz birinci dəfə ona görə yazıram ki, məqamı gəlib. Bəzi adamlara layiq olduqları yeri göstərmək lazımdır. Yoxsa elə bilərlər ki, göydən torba ilə düşüblər. Azərbaycan kimi ölkələrdə vəzifənin, pulun hesabına özünü üstün sayan, qara camaata üstən aşağı baxan adamlar çoxdur. İşıqlı kabinet, vəzifənin verdiyi səlahiyyət, yüksək vəzifəli məmurlara göstərilən süni xətir-hörmət əldən çıxanda adamlar öz təbii hallarına qayıdırlar. Məlum olur ki, indiyə kimi özlərinin deyil, oturduqları o qara kreslonun kölgəsində yaşayıblar...

Deyəsən, mətləbdən çox uzaqlaşdıq, sözümün canı var. Səhv etmirəmsə o məşhur ifadə belədi: General olmaq istəməyən əsgər əsgər deyil. Bilirsiniz niyə belə deyilib? Çünki general ali rütbədi. Hər bir əsgərin ən böyük arzusu çiyinlərində general ulduzu gəzdirməkdir. Bizim kimi uşaqlığı sovet hökumətinin son illərinə təsadüf edən adamlar general obrazını Həzi Aslanovun timsalında sevib. Uşaq olanda çoxlarımız o libası geyinməyin arzusu ilə alışıb-yanmışıq. Amma, yüz yox, min adamdan birinə qismət olub. Ona görə deyirdilər ki, general çinar kimidir yüz ildə bir yetişir.

Azərbaycan müstəqil olduqdan sonra bir çox sahələrdə ciddi kadr çatışmazlığı yaşandı. Bu çatışmazlıq orduda, o cümlədən hərbiləşdirilmiş digər strukturlarda özünü daha qabarıq şəkildə göstərir. Çünki SSRİ dövründə müsəlman xalqlarının nümayəndələri, o cümlədən azərbaycanlılar hərbi xidməti inşaat briqadalarında keçiblər. Atalarımız əsgərlikdən tankçı, topçu, atıcı deyil, suvaqçı, bənna, dülgər kimi dönürdülər. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin kökündə dayanan əsas səbəblərdən biri də məhz budur. Peşəkar hərbçi kadrlar çatışmadığı üçün Füzulidən ermənilərə atılan toplar gəlib Cəbrayıla düşürdü.

İndi generallarımız çoxdur. Azərbaycanda elə kənd var ki, oradan 24 general çıxıb. Onların çoxu elə ağılda, kamalda da fabrik cücələri kimi bir-birinə oxşayır.

Bu gün ölkə onların baş bilənlərini müzakirə edir. Keçmiş baş gömrükçü Səfər Mehdiyev onu saxlayan yol polisi əməkdaşına "Sən nə həyasız adamsan, görmürsən generaldır" deyib.

Məzuniyyətdə uca dağların qoynunda olduğum üçün həmin görüntüləri izləyə bilməmişəm. Amma sözünə etibar etdiyim həmkarlarımın yazdığına görə sabiq DGK sədri məhz belə deyib. Əslində belə deməsəydi təəccüblənərdim. Azərbaycanda biraz pulu olan adamlar özlərini Allahın bacısı oğlu kimi aparırlar. Səfər Mehdiyevin isə biraz deyil, bir "Kamaz" pulu var. Yaxşı ki, həyasız deyib, başqa söz deməyib. Bu hadisə olanda təkcə o çavuşu deyil, hətta onun komandirini də dərsini bilməyən uşaqlar kimi bir ayağı üstdə küncdə saxlatdırardı...

Bu yaxınlarda da yazmışdım, Azərbaycanda məmurlar vəzifədə işləyəndə canavar, çıxanda quzu olurlar. Əmin olun ki, Səfər Mehdiyev yaxın günlərdə yol polisi işləyən həmin çavuşla qarşılaşsa, cəsarət edib onun üstünə qışqıra bilməyəcək. Əksinə, bu dəfə həmin çavuş onun üstünə qışqırıb belə deyəcək: "Ə, sən nə həyasız adamsan, o gün demədim ki, yol hərəkəti qaydalarını pozma?!"

Seymur VERDİZADƏ/yenisabah






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10