Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Almaniyada 9 avroluq bilet barəsində bilməli olduğunuz hər şey…


Yayda ictimai nəqliyyatdan istifadə edəcəksinizsə, 3 ay ərzində hər ay üçün ayrıca bilet almalısınız

Almaniyanın millət vəkilləri artan yanacaq və yaşayış xərclərini azaltmaq üçün bu ilin iyun, iyul, avqust aylarında ölkədaxili səyahət biletini aylıq 9 avroya endiriblər. Biletlər 2022-ci ilin mayın 23-dən satışa çıxarılıb və həmin ilin iyunun 1-dən avqustun 31-dək sözügedən biletdən istifadə etmək olar.

Hər bilet bir təqvim ayı ərzində Almaniyanın bütün ictimai nəqliyyat vasitələrindən istifadə etmək haqqı verir. Hər bilet alındığı ayın ilk günündən son gününədək etibarlıdır. Yayda Almaniyada ictimai nəqliyyatdan istifadə edəcəksinizsə, 3 ay ərzində hər ay üçün ayrıca bilet almalısınız.

Bu bileti kim ala bilər?

İstisnasız - hər kəs! Hətta, Almaniya rezidenti olmayanlar belə! Qeyd edək ki, 6 yaşdan kiçik uşaqlar Almaniyada ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirlər. 6 yaşdan yuxarı uşaqların isə bilet almağı vacibdir.

Bəs bu 9 avroluq bilet haradan alınır?

Endirimli bilet də digər Almaniyadaxili ictimai nəqliyyat biletləri kimi “Deutsche Bahn”ın (DB) saytı, tətbiqi, həmçinin müxtəlif ictimai nəqliyyat proqramları, bilet satış aparatları və mağazalardan alınır.

Bu biletlə hansı ictimai nəqliyyat vasitələrindən istifadə edilə bilər?

Almaniyanın bütün ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərsiniz. Buraya - avtobus, metro, tramvay, qatar, hətta regional qatarlar daxildir. Berlin və Hamburq şəhərlərindəki su nəqliyyatı xətləri də bu siyahıdadır.

Lakin 9 avroluq bilet öz sahibinə şəhərlərarası sürət qatarlarından və digər özəl şirkətlərin təklif etdiyi nəqliyyat vasitələrindən istifadə haqqı vermir.

Bilet, əsasən, Almaniyadaxili səyahətlərə imkan versə də, müəyyən istisnalar da var. Bilet sahibləri, misal üçün, Bavariya regional qatarı ilə Avstriyanın Salzburq və Kufşteyn şəhərlərinə səfər edə bilərlər. Habelə, Almaniyanın uzaq qərbindən Niderland və Belçikaya müəyyən səfərlər də endirimli biletin xidmət dairəsinə daxildir. Belə səfərlər planlayırsınızsa, mütləq öncədən “Deutsche Bahn”ın saytından məlumat əldə edin.

Bilet addan-ada köçürülə bilərmi?

Xeyr! Hər bilet sahibinin adına yazılır və başqasına ötürülə bilməz.

Qeyd edək ki, öncədən adi qaydada aylıq və ya illik nəqliyyat bileti alan hər kəsin endirimsiz bilet üçün ödədiyi məbləğlə endirimli bilet arasındakı fərq onlara qaytarılacaq. Tələbə və iş bileti alanlar da bu siyahıdadırlar. Velosipedlə qatarlara minənlər isə, əvvəlki kimi, velosipedləri üçün əlavə bilet almalıdırlar.

Bu biletlərin endirimsiz tam qiyməti nə qədərdir?

Almaniyanın böyük şəhərlərinin sakinləri bütün ictimai nəqliyyat vasitələrindən istifadə haqqı verən aylıq biletlərdən istifadə edirlər. Onların qiyməti isə şəhərdən asılı olaraq, 66-91 avro arasında dəyişir. Tələbələrə isə endirimli səfər tarifləri təklif edilir.

Öz təcrübəmizdən deyə bilərik ki, yay ayları, tətil mövsümü və endirimli qiymətlərlə bağlı Almaniyada ictimai nəqliyyatda, xüsusən regional qatarlarda sıxlıq müşahidə olunur.

Salatın Şıxlinskaya,

Xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10