Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mata Hari, yoxsa Nensi Pelosi: casus rəqqasə, yoxsa təsir agenti?


Həssaslıqların yem kimi istifadə edildiyi bir dövrə qədəm qoymuşuq

ABŞ-ın keçmiş Prezidenti Donald Trampla polemikaları, ABŞ Nümayəndələr Palatasının sədrliyi kürsüsündə nümayiş etdirdiyi emosional, reaktiv və ehtiraslı davranışları ilə tanıdığımız Nensi Pelosi bugünlərdə şəxsi karyerasının ən uğurlu gününü keçirdi. Siyasət, müharibə, qeyri-sabitlik və ehtiras tarixində iz qoyan Anne Boleyn Troyalı Helen, Marie Antoinette, Kleopatra və Kösəm Sultan kimi tarixə düşəcək bir tamaşada baş rola çevrildi. O, bütün dünyanın seyr etdiyi bir gərginliyin bir hissəsinə deyil, bütün dünyaya təsir edəcək bir müharibənin təhrikçisi kimi tarixə düşəcəkdi.

Hələlik müharibəyə başlaya bilməsə də, rolunu çox gözəl oynadı. O, Birinci Dünya müharibəsinin “rəqqasəsi” Mata Hari qədər çevik olmasa da, bəzilərinin “Üçüncü Dünya müharibəsi” adlandırdığı bugünkü proksi müharibəsində 80-ci illərin "təsir agenti" olduğunu sübut etdi.

Bəli, ABŞ hökumət rəsmiləri, narahatlığı açıq-aşkar görünən çinli həmkarlarına “Çinin ərazi bütövlüyü və suverenliyinə qarşı mövqeyimizdə heç bir dəyişiklik yoxdur” mesajı versələr də, yaşanan “Pelosi əməliyyatı” bunun əksini göstərirdi. Bunu çinlilər də anlayırdılar. Pelosi bu barədə öz istəyi ilə qərar vermiş kimi görünsə də, ortada bir ABŞ iradəsi və qərarı olduğu şübhəsizdi.

Kor kor-gör gör: Üzərində “USA” yazısı olan ABŞ dövlət təyyarəsi, Çinin əsas hissəsi ilə Tayvanı birləşdirən cənub-şərqdən adaya yaxınlaşan hərbi marşrut, vaxtında bildiriş, bilmək, məxfilik və işıqlandırma tədbirləri - bütün bunlar əməliyyatın dövlət əməliyyatı olduğunu artıq sübut edirdi.

ABŞ Nensi Pedosi üzərindən böyük oyun oynadı – meydançaya civə ilə dolu zərlər atdı. O meydançaya ki, Çin “mənim torpağım”, “33-cü əyalətim”, “suverenlik şərtim” adlandırır.

Birləşmiş Ştatların 3-cü şəxsi, Nümayəndələr Palatasının sədri Nensi Pelosi hərbi-siyasi əməliyyat keçirilirmiş kimi, Tayvana eniş etdi. Və bütün iddialarına baxmayaraq, Çin bunun qarşısını ala bilmədi.

Bunun qarşısını almaq olardımı?

Əslində, Pekin bunun qarşısını ala bilərdi, amma bacarmadı. Məsələn, heç bir hücum silahından istifadə etmədən, müdafiə sistemləri ilə quracağı divarlarla təyyarənin ön kəsə bilərdimi? Bilərdi!

Amma ya kəsmədi, ya da kəsməyə cəsarət etmədi. Yəni, nəticələrini hesablaya bilmədi. Əslində, bu passiv mövqenin sərgilənməsi bir çox şübhələri meydana çıxarır.

Nəysə, olan oldu - Pelosi ABŞ dövlət bayrağı ilə Çinin suverenliyini pozdu. Çin bundan sonra nə edəcək, öz şərəf və nüfuzunu necə xilas edəcək və bunu edərkən tələyə düşəcəkmi?

Çünki dövr həssaslıqların yem kimi istifadə edildiyi bir dövrdür.

Mövzunu yaxşı başa düşmək üçün burada Çinin qəzəbinin səbəblərinə nəzər salmaq lazımdır:

- O, Pelosinin səfərini suverenlik məsələsi - təhdid kimi qəbul edir.

- O, Rusiya kimi məhv olmaq riski yaradan tələyə düşə biləcəyini düşünür.

- Formosa adası (yəni Tayvan) Çinin 33-cü əyalətidir. Çin bunu belə qəbul etməyənlərlə ünsiyyət yaratmır.

- Pekin ehtiyat edir ki, Pelosinin səfəri Tayvanı əvvəllər tanımış 23 ölkədən daha çox ölkənin tanıması üçün həvəsləndirici addım ola bilər.

- Çin öz suverenlik həssaslığını təhrik etməklə, özünüməhvə apara biləcək proseslər yaşanmasından ehtiyatlanır.

Bu nöqtədə Nensi Pelosinin təsir agenti kimi missiyası nəticəsində formalaşan Çin - Tayvan - ABŞ gərginliyinə belə bir nəzər salaq:

- Milli qüvvələrin düzgün hesabını kim edə bilər?

- Kim nəyə cəsarət edə bilər?

- Kimi gücü, ehtiyatı və vaxtı daha düzgün istifadə edə bilər?

Hesab edirəm ki, Amerikanın bu addımı böhran vəziyyətində Çin ordusunun qüdrət və qabiliyyətini sınaqdan keçirməklə bağlıdır. Axı biz gələcəkdə qlobal imperiyanın kreslosunda kimin “oturacağı” ilə bağlı rəqabət və oyundayıq. Tərəflərin müxtəlif yollarla bir-birinin iradəsini, əzmini, gücünü və qabiliyyətini sınaması tamamilə başadüşüləndir. Baxaq görək qlobal güclər necə strategiya hazırlayacaqlar.

Sözü uzatmadan vurğulayaq ki, ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi “Əl-Qaidə” əməliyyatı da coğrafiyanın dizayn edilməsi üçün mühüm elementlərdən biriydi.

Daha bir kiçik qeyd:

Tayvanın qurucu atası Çan Kay-şek Çinin Baş naziri olarkən biz türklərə böyük bir kələk gəlmişdi. Təmiz Çin işi, Çin strateji intriqası.

Bunu niyə yazdım? Ona görə ki, bugünkü kimi məğlubiyyət var, ondan dərs götürə bilərik.

1931-34-cü illərdə Kumul üsyanında Çinin Baş naziri olmuş Millətçi Çin Tayvanının qurucu atası Çan Kay-şek əvvəlcə uyğurları üsyana qaldırtmış, sonra uyğur türklərinə qarşı Çin qanından olan Hui müsəlmanlarını göndərərək Şərqi Türküstanı almışdı.

İndi möhkəm dayanın. Şərqi Türküstana qarşı göndərilən Çan Kay-şeyin Çin orduları kimlər idi? Qədiri, Cehriyye, Kübrevi və Kufiyə məzhəblərinin çinli ardıcılları. Onların başlarında, Çin dilində Məhəmməd mənasını verən Ma adlı Hui komandirləri var idi.

Nə bilim, əşşi. Bu gün vəkillərin, fetölərin, dindən və dindən sui-istifadə edən strukturların savaşında türk və müsəlmanların bir-birinə qarşı necə istifadə edildiyini düşünəndə bunu da yazacağımı düşündüm. Ola bilsin ki, dərs çıxarılsın. “Cənnətə gedəcəm” düşüncəsi ilə dünyanı cəhənnəmə çevirənlər, oyunda oyuncağa çevrilib cəhənnəmə gedənlər, bəlkə də, bir az dərs alalar...

Müəllif: Abdullah Ağar

Mənbə: "tv100.com"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10