Təzə Pir məscidi. Yuyat yerindəyik. Mürdəşirlərlə söhbət edəcəyik, amma içəridə cənazə var. Gözləməliyik ki, meyiti yuyub, yaxınlarına təhvil versinlər.
Budur, tabutda yenə meyit gətirildi, yuyuldu, son mənzilə yola salındı.
Mürdəşirlər bizi qarşılayır. İçəri girəndə düz gözümüzün qabağında yerdə iki dənə iç-içə tabut qoyulmuşdu.
Sol tərəfdə meyitlərini saxlamaq istəyən insanlar üçün xüsusi yer, sağ tərəfdə üzərində “Qadın” və “Kişi” yazılan mürdəşirlərin otağı. Qarşımızda isə yan-yana qadın və kişi cənazələrinin yuyulması üçün yerlər. Təzə Pir məscidində dörd mürdəşir fəaliyyət göstərir. Biz gedəndə isə sadəcə ikisi orda idi.
16 ildir ki, mürdəşirlik edən İntiqam kişi və qayınanasının mürdəşirlik işini davam etdirən Nəzakət xala. Nəzakət xala deyir ki, ondan əvvəl qaynanası 15 il burda mürdəşirlik edib, ondan öyrənib.
İntiqam dayı deyir ki, o, bu peşəyə bekarçılıqdan gəlib.
- Mürdəşir olmağı istəməmişəm. Bekar qalmışdım evdə. Zəng elədilər ki, belə iş var, işləyə bilərsən? Mən də dedim nöşün işləyə bilmirəm. Təzə başlayanda heç nə bilmirdim. Gəldim, elə üstündən 3-4 saat keçməmiş cənazə gəldi. Yaxşı-pis yola verdim, ilk dəfəydi. Düzü, birinci çəkindim. Ondan sonra isə yavaş-yavaş alışdım.
İntiqam bəy
Başqa işim olsa, mən şəxsən işləmərəm mürdəşir kimi. Traktor sürmək (bu vaxt yoldan traktor keçirdi ona baxır), fəhləlik olsun, gedim işləyim. Amma burda işləməyim. Çünki axirətdə cavab verəcəyik. Ölü yumaq məsuliyyət tələb edir. Biz onları axirətə hazırlayırıq. Nə bilirik axı hər şeyi düz etmişik, bəlkə nəyisə səhv etmişik. Buna görə axirətdə boğazımızdan yapışacaqlar. Adamın ürəyində qara qalır. Pula görə gəlim cənazə yuyum, bəlkə yaxşı iş deyil. Çox məscidlərdə necə gəldi, yalandan yuyurlar meyitləri.
Qadın cənazələrin yuyulduğu yerdəyik. Mürdəşir Nəzakət xala danışır:
Nəzakət xanım
- Meyiti qoyuram bura, sabunla yuyuram. Daha sonra başını, çiynini və çevirib arxasını yuyuram. Qarnını təmizləyirəm. Hər tərəfini yuyub pak etdikdən sonra ən sonda kafurlanmış, sidrlənmiş qüsul verirəm. Qüsul da doqquz vedrə su ilə verilir. Üçü başına, üçü sağ çiyninə, üçü də sol çiyninə tökülür. Qadınlarla kişilərin yuyulması da, qüsulu da eynidi.
Kişi mürdəşir İntiqam deyir ki, 13 ildi Təzə Pirdə işləyir. Bir dəfə də olsun bura cinsi azlıq nümayəndəsi gətirilməyib.
- Ola bilər başqa yerdə olsun, amma burda olmayıb. Heç ölü dirilmə kimi hallarla da qarşılaşmamışam. Düzünü desəm, belə şeyə inanmıram. Mümkün deyil axı ölü dirilsin.
İntiqam dayı tanınmışları da yuyub…
- Tanınmış insanlardan Anar Məmmədxanlı, Səyavuş Aslan, Yaşar Nuri, “Məzi” (Elçin Həmidov), Qədir Rüstəmov və xatırlamadığım bir çoxunu yumuşam. İlhamə Quliyeva da Təzə Pir məscidində yuyulub. Onu da Nəzakətin qaynanası yuyub.
Onların sözlərinə görə, hamı mürdəşirliyi bacarmalıdır.
- Biz maaş alırıq. Amma bir ölünün yuyulub, kəfənlənib, təhvil verilməsi 50 manatdı. Cənazə sahibinin də halallıq verməsi onun özünə qalıb. İstəyər verər, istəməz də verməz. Mürdəşirliyi hamı bacarmalıdı. Birdən elə yerə düşərsən, çıxılmaz vəziyyətdə qalarsan. Elə bir yer də ola bilər ki, ölünü yumaq üçün su olmaz. O zaman onu torpaqla yumaq, qüsul vermək lazımdır. Əgər kəfən də yoxdusa, paltarıyla dəfn edilməlidir. Kimsəsizlər burdan təmənnasız yola salınır. Gücümüz ona çatır. Amma burda olan bütün prosedurlar onlar üçün pulsuz edilir. Meyitləri yuyanda bəzən olur yaxınları su tökmək istəyir. Amma bu çox az hallarda olur. Eləsi var heç içəri girmir.
Mürdəşir deyir ki, insanların hansısa bədən üzvü kəsiləndə, ayrıca o da yuyulub, basdırılır. Həmin insan ölməmiş olsa belə…
- Qız uşaqlarını xanım, oğlan uşaqlarını kişi mürdəşirlər yuyur. Onlar da eyni qaydada yuyulur, qüsullanır və kəfənlənirlər. Sadəcə uşaqlara namaz düşmür. Elə olub ki, 6-7 aylıq ana bətnindən düşən uşaqları da gətiriblər. 16 ildi mürdəşir kimi çalışıram hər cür adam yumuşam. Bir də görürsən boş ayaq gəlir. Kiminsə ayağı kəsilib. Onu gətirirlər, meyiti necə yuyuruq onu da elə yuyub, kəfənləyirik. Dəfn edirlər. Ayağın məxsus olduğu insan da nə vaxt ölsə, ayağı dəfn olunan yerə basdırılır.
Təzə Pir Məscidində ölü yuyulan yerə nəzarət edən Valeh bəy deyir ki, meyitini burda saxladanlar da çox olur.
- Bizdə ölüləri saxlamaq da olur. Neçə gün istəsən. Bir günü 20 manatdı. İndi də orda ölülər var. Kimsəsiz deyillər. Bəzisinin qohumu var xaricdədi, ya qəbri hazır deyil ona görə saxlayırlar. Saxlamaq istəyənlər çox olur. Xüsusən də gecə gələnlər. Və yaxud da elə adam var 16-cı mərtəbədə yaşayır. Meyiti ordan düşürüb, sonra qaldırmaq çətin olur. Ona görə də, saxlayıb, burdan aparıb dəfn edirlər. Saxlanılan cənazələr də yuyulur, kəfənlənir və ad soyadı üzərinə yazılır ki, bilinsin.
Meyitlərin saxlanıldığı yer
Mürdəşir intiqamın sözlərinə görə, ona ən çox təsir edən balıqların yediyi meyit olub.
- Cavanların meyitləri gələndə özüm də onları ağlayıram. Qoyuram özümü onların valideynlərinin yerinə və bu mənə çox pis təsir edir. Bir nəfər var idi. Altı ay suda qalmışdı. Balıqlar yemişdi onu. Ölü olub ki, bədənini qurd basıb. Bunlar insana çox mənfi hislər yaşadır.
İntiqam dayı deyir ki, mürdəşirlər 1980-ci illərdən sonra üzə çıxıb. Ona qədər meyitləri öz yaxınları yuyub.
- Ən faciəli ölümlər qəzalarda olur. Qəzada ölənlər birinci morqa gedir. Onları orda yığırlar, hissə-hissə gətirilmir bura, yəni. Koronavirusdan ölənlər bizdə qəbul edilmir. Bura gətiriləndə həkim kağızında görürdük ki, koronadan ölümdü. Geri qaytarırıq. Dəfələrlə gəliblər, biz qəbul etməmişik. Əslində, hazır idik onların gətirilməsinə, amma icazə verilmədi.
FOTO: Orxan Kerimsson/lent.az