Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şoumen Şahin HƏBS OLUNACAQMI? - Ortada yetərincə fakt var...


Masallı rayonu Cənub bölgəsində dövlət məmurlarının sosial ədalət anlayışına etinasızlıqla yanaşdıqları ən həssas məntəqəyə çevrilib. İnsan hüquqlarının davamlı olaraq pozulması barədə rayon sakinlərinin illərlə ali hakimiyyət orqanlarına etdikləri şikayətlərə yuxarılardan müsbət münasibət bildirilsə də, aşağılarda baxılmamış saxlanılmış, sadəcə olaraq şikayətçilərə bir parça kağızda mahiyyəti araşdırılmayan cavablar verilmişdir.

Şahin Məmmədovun gedərkən şou xarakterli triumfu: Yəni mənə dəyməyin, məni həbs etməyin, arxamda şəhid ailələri var...

Hüquq mühafizə orqanlarında, xüsusilə, rayon Polis şöbəsində, əhalinin pensiya təminatı ilə bağlı rayon Mərkəzi Xəstəxanasının həkim -ekspert komissiyasında, Əhalinin Sosial Müdafiə Fondunda, Təhsil şöbəsində, Viləş Su Ambarı İstismarı İdarəsində, Mənzil - Kommunal Təsərrüfatı Birliyində, Regional Kənd Təsərrüfatı İdarəsində, Regional Meşə Təsərrüfatı İdarəsində və digər təşkilatlarda yaşanan dərəbəylik və haqsızlıqlar sakinləri uzun müddətdir ki, narahat edir. İcra Hakimiyyətinin Başçıları uzun müddətdən bəri yaxın ətrafları ilə birlikdə rayonun sosial - iqtisadi inkişafına çalışmaq və problemlərin aradan qaldırılması istiqamətində əsaslı tədbirləri həyata keçirtmək əvəzinə, daha ağır nəticələrə səbəb olan əyintiləri miras qoymuşlar. İcra hakimiyyəti orqanlarında yüksək vəzifəli bəzi məmurların ələbaxımlılığı rayondakı sosial - iqtisadi problemlərin ort - basdır edilməsinə rəvac verib. Əhalini daha çox narahat edən işsizliklə bağlı problemin aradan qaldırılmamasıdır. Rayonun sosial iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsindən ötrü ayrılan büdcə vəsaitlərinin İcra Hakimiyyəti Başçıları və onların göstərişlərini canla-başla yerinə yetirən işçiləri tərəfindən mənimsənilməsi, törədilən korrupsiya cinayətlərinin ört- basdır edilməsi və iqtisadi cinayətkarlığa münbit məkan yaradılması, qanunsuz gəlirlərlə varlanan imtiyazlı təbəqənin meydana çıxması, rayonda sosial problemlərin yaranmasına zəmin yaradıb. Günlərini bazar və çayxanalarda keçirən əmək qabiliyyətli sakinlər yoxsulluqdan əziyyət çəkir, ailələrinin maddi ehtiyaclarını ödəyə bilmirlər. Xüsusilə, gənclər maddi sıxıntılar məngənəsində boğulurlar. Maddi ehtiyaclara görə ailə qura bilmirlər. Boşanmaların sayı artıb və onların mənşəyində sosial problemlər dayanır. Gənclərin təsir altına düşənləri maddi ehtiyaclardan qurtulmaqdan ötrü narkotik vasitələrin alqı - satqısına qurşanırlar.
Masallıda bu gün əhalinin " qul bazarı" kimi tanıdığı günəmuzd iş və məşğulluq məkanı var. Əməyini uyğun məvacib qarşılığında günəmuzd işlərdə satan fəhlə və ustalar öz aralarında nizam - intizam yarada biliblər. Amma, Məşğulluq İdarəsində növbəyə dursalar da işləməyə uyğun yer tapa bilmirlər. Çünki, "EMBAWOOD" mebel fabriki istisna olmaqla, digər sənaye - istehsal müəssisələri yoxdur. Orta və kiçik sahibkarlığın inkişafına isə məmurlar müxtəlif maneələr yaradırlar. Büdcə vəsaitlərini sanki talayıb mənimsəyən İHB- rı rayonun bəzi sosial problemlərini sahibkarların və iş adamlarının ianələri hesabına həll etməyə çalışırlar. Dövlət idarə və təşkilatlarında ələbaxımlılıq sanki qanuniləşib. İnsanları bezdirən bəzi məmurlar rayonda cinayətkarlığın intişar etməsinə, kriminal mühitin yaranmasına, bəzi şəxslərin cəzasız qalmalarına şərait yaradıb. Əhali arasında danışıldığına görə rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin bəzi əməkdaşları kriminal şəxslərlə işbirliyinə girərək iş adamlarını və sahibkarları basqı altında saxlayırlar. Onlar rayonda narkotiklərin qanunsuz dövriyyəsindən daha çox qazanc götürürlər. Yuxarıda sadalanan əyintilər keçmiş İHB -sı Rafil Hüseynovun Masallıya rəhbərlik etdiyi dönəmdə yüksək səviyyəyə çatıb, 2019 -cu ildə talançılıqda peşəkarlığı ilə seçilən qohumu Şahin Məmmədov onu əvəzləyərək törədilən iqtisadi cinayətlər və böyük həcmli korrupsiya faktları barədə Hüquq Mühafizə Orqanlarında toplanan materialların təhqiqatının "dondurulması"na nail olub. Masallının sosial - iqtisadi inkişafının buzu isə ərimək bilmir.
Bəzi sakinlərin söylədiyinə görə Şahin Məmmədov Masallıda işlədiyi müddətdə rüşvətə aludəliyi ilə nəzərə çarpıb. Rayonda çalışan məmurlar və tanınmış iş adamları barəsində kompromatlar toplamaq onun sevimli peşəsinə çevrilib. Ona bu sahədə 1- ci müavini Məmmədhüseyn Hüseynli və bəzi şəxslər xüsusi xidmətlər göstəriblər. Amma, göstərdikləri xidmətə görə pul qazanıblar. Vəzifələrə təyinat Məmmədhüseynin "laboratoriyasında" müayinələr aparıldıqdan sonra icra olunub. Bəzi jurnalistlərin Şahin Məmmədovla və Məmmədhüseyn Hüseynli ilə "işbirliyi" haqqında araşdırmalar aparılsa, bir çox qaranlıq məsələlərin üstü açılar. Əhali arasında danışılır ki, rayondan Milli Məclisə seçilən deputatların sayəsində Şahin Məmmədov abrını qoruya bilib. İlahi, gör, 230 mindən çox əhalisi olan Masallını kimlər idarə edib?! Ən maraqlısı budur ki, aidiyyatı dövlət qurumlarının yüksək vəzifəli məmurları rayon sakinlərinin şikayətlərinə illərlə göstərdikləri münasibətə və biganəliyə görə cənab Prezidentimiz qarşısında hesabat verəcəklərmi?! Yaşayarıq, görərik.
P.S Biz faktları göstərdik, araşdırılması isə Hüquq Mühafizə Orqanlarının işidir. //gundelik-baku.com//






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10