“Milli ailə dəyərləri – müasir ailədə”
Bu günlərdə Masallı rayonunda keçirilmiş tədbir belə adlanırdı.
Tədbiri Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirib. Məlumat üçün bildirək ki, layihə 6 ay müddətində həyata keçirilir. Layihənin məqsədi Gənclərə milli-mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi, milli ailə dəyərlərini özündə ehtiva edən müasir ailə qurmağı və qorumağı təlqin etməkdir.
Layihə çərçivəsində Bakı, Şirvan, Şamaxı və Masallı rayonlarında tədbirlər keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə İcra hakimiyyəti və digər dövlət qurumlarının səlahiyyətli nümayəndəsi, bələdiyyə üzvləri, gənclər, orta və yaşlı insanlar, həmçinin QHT və KİV nümayəndələrinin iştirakı təmin olunur.
Masallıda keçirilən tədbirdə aşağıdakı mövzular istiqamətində müzakirələr aparılmışdır:
• Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz;
• Milli ailə və müasir ailələr haqda düşüncələr;
• Ailədaxili münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s ) və nəticələr- gənclərin düşüncəsində və mütəxəssislərin gözü ilə;
• Boşanmalar və fəsadlar - gənclərin düşüncəsində və mütəxəssislərin gözü ilə;
• Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir?
• Qarışıq ailələr və milli ailə dəyərləri;
• Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli- mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurmasında , boşanmada və tanışlıq-dostluq və s. prosesində rolu );
• Qloballaşma və mədəni inteqrasiya şəraitində KİV –lərin vəzifələri və rolları.
Tədbirdə layihə rəhbəri donor və layihə barədə ətraflı məlumat verdi. Tanışlıqdan sonra iştirakçılar onlara paylanan 2 rəngli vərəqdən birində - milli-mənəvi və əxlaqi dəyərləri necə başa düşürsünüz, digər vərəqdə - ailə təməli hansı amillərə söykənərək qurulmalıdır suallarına cavab yazdılar. Hər iki vərəq toplanıb 2 flepçatda ayrılıqda yapışdırıldı.
Tədbir iştirakçısı Əyyar Burhanov “Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz” mövzusu ilə bağlı tarixi faktlara söykənərək geniş və mənalı çıxış etdi. Müzakirələr zamanı həyat və təhsil sahəsindəki təcrübəsinə söykənərək gənclərə tövsiyyələrini də verməyi unutmadı.
Həmçinin tədbirdə Ələsgər Hüseynov, Rafiq Abbasov, Mətanət Paşayeva, Fidan Abbaslı və digərləri maraqlı çıxış edərək mövzu ilə bağlı maraqlı nümunələr gətirib təkliflərini bildirdilər.
4 saylı şəhər orta məktəbin hərbi müəllimi Abbasov Rafiq belə tədbirlərin əhəmiyyətindən danışdı və bildirdi ki, təşkilatımızın keçən ilki tədbirində iştirak edən 5 nəfər gənc oğlan heç bir ali məktəb haqda düşünmür və hazırlaşmırdılar. Lakin bizim tədbirdə iştirakdan sonra onlar çox ciddi hazırlaşdılar və onların hərəsi müxtəlif ali təhsil ocaqlarına qəbul oldular. Rafiq müəllim öz sevincini bildirməklə yanaşı bunu bu və digər tədbirlərin uğuru kimi qiymətləndirdi.
Tədbir iştirakçılarına müvafiq paylama materialları paylandı. Mövzu ilə bağlı məlumatlar slayd vasitəsi ilə verildi.
Sonda tədbir təşkilatçısı Nabat Qəniyeva gənc iştirakçılara saf məhəbbətə, milli-mənəvi , əxlaqi dəyərlərə söykənən ailə qurmağı arzu etdi.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap edilir.