Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xəzərin Qaradağ sahilindəki hasarlar da söküləcəkmi?


Bakının cənub istiqamətindən girişində dəniz Səngəçaldan başlayaraq, Bayıla qədər hasarlanıb. Bakıya gələn-gedən insanlar dəniz mənzərəsini seyr etmək əvəzinə hasarlara və onların arxasında inşa olunmuş, illərdir qapısı bağlı qalan, əksəriyyətində yaşayış olmayan yöndəmsiz tikililərə tamaşa edirlər.


O tikililərin bir çoxu şəhərə doğru yaxınlaşdıqca, indiki və keçmiş məmurların, icra başçılarının, zəngin zümrənin villalarıdır. Musavat.com xəbər verir ki, korrupsioner məmurlara məxsus olan həmin villaların çoxunda ancaq gözətçilər ömür-gün sürürlər. Zəngin məmurların əksəriyyətinin Xəzər sahillərində bir neçə villaları, malikanləri olduğu üçün Qaradağ sahilini bəyənib, oradakı evlərində qalmır, sahilə sıfır məsafədə olsa da, orada dənizin çirkli olması səbəbindən, dənizə də girmirlər. Sadəcə, ərazini hasarlayıb, mülk tikdirib, Xəzər sahilini zəbt ediblər.


Prezidentin məlum açıqlamalarından sonra Buzovnada dənizin sahilini, qayalıqları hasarlayanlar cəzalandırıldı, sədlər artıq sökülür. Eyni proses Şıxov, Qaradağ sahillərində də başlamalıdır. Dövlət qurumları, aidiyyəti icra strukturları Prezidentin son xəbərdarlığından sonra bu haqda düşünürmü?


“Yeni Müsavat”ın əməkdaşı bu sualla Səbayel və Qaradağ rayon icra hakimiyyətlərinə müraciət edib. Lakin qurumdan suallarımızı kimsə cavablandırmayıb.


Dəniz və hasarlanma mövzusu yay fəslinin Azərbaycanda illərdir ki, dönə-dönə gündəmə gətirdiyi problemdir. Abşeron yarımadasının Xəzərlə sərhədləri boyunca 5-6 metr hündürlükdə, bir neçə kilometrlik hasarlar çəkilib və proses gizli-aşkar davam edir. Bir tərəfdən sökülən hasarlar başqa tərəfdə tikilən hasarlarla əvəzlənir. Dövlət qurumlarının, parlamentdən ayrı-ayrı deputatların çağırışları da kara gəlmir. Hasarların dənizin ortasınadək uzadılmasına dövlət qurumları biganədir. Hələ 2019-cu ilin mayında Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarəti daha da gücləndirməsi haqda məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, Xəzər dənizinin Bakı şəhərinin Sabunçu, Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb. Aparılan monitorinq zamanı Xəzər dənizinin sahilboyu mühafizə zolağı torpaqlarından qanunsuz istifadə halları aşkarlanıb. Xəzər dənizinin mühafizə zolağına aid ərazilərini qeyri-qanuni istifadə edən torpaq mülkiyyətçiləri barədə İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsasən inzibati protokollar tərtib edilir. Hazırkı dövrədək İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkar şəxslər barədə 80 halla bağlı protokol tətbiq edilib, torpaq sahəsinin zəbt olunması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinin əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib, 39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb. Qanunla 20-50 metr zolaqda hər hansı tikintinin aparılması üçün xüsusi razılıq olmalıdır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır. Xəzər dənizinin (gölünün) Azərbaycana məxsus olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü pozur. Bu isə turizm baxımından mənfi fəsadlara gətirib çıxarır.


Hazırda Xəzər dənizində səviyyə dəyişmələri baş verir. Aparılmış təhlillərə görə, hazırda səviyyə 2 metrdən çox aşağı düşüb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb.1977-1995-ci illərdə isə Xəzərdə suyun səviyyəsi 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb.


Azərbaycanda 2003-cü il yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncam imzalanıb. Sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər. 2003-cü il avqustun 4-də isə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini imzalamışdı. Hələ də qüvvədə olan həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Deməli, həmin ərazi satıla və özəlləşdirilə bilməz. Sonradan dəniz sahilində tikililər üçün normativ 30 metr təyin edildi. Hazırda 30 metrlik normativ də pozulub, bir çox rayonların ərazisində dəniz sahilinə, çimərliklərə gediş-gəliş son dərəcə məhdudlaşdırılıb. Vətəndaşların dəniz sahilinə çatımlılığı problemi açıq olaraq qalır. Qaradağ rayonu da istisna deyil. Belə görünür ki, yerli icra orqanları sahilboyu hasarları sökmək marağında deyillər. Buzovna qəsəbəsində olduğu kimi Qaradağda da ölkə rəhbərliyi səviyyəsində müdaxilə qaçılmazdır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10