Cenub.az bildirir ki, bu ilin iyul ayının 25-də Masallı rayonunda cəmi 2 il 8 ay icra başçısı işləmiş Şahin Məmmədov məzuniyyətdə olmasına baxmayaraq, təcili geri çağıraaraq onun işdən azad olunması haqqında ölkə başçısı cənab İlham Əliyevin sərəncamına uyğun olaraq daşıdığı vəzifəsindən azad edilmişdir.
Onun azad edildiyi vəzifəyə isə masallıların yaxşı tanıdığı, 90-cı illərin əvvəlində Masallıda MTN-nin əməkdaşı kimi işləmiş, əksəriyyətin yadında yaxşı insan kimi qalmış, general-mayor Araz Əhmədov təyin olunmuşdur.
cenub.az-ın məlumatına görə İyulun 26-da isə Masallıda, İcra hakimiyyəti Başçısı binasının yerləşdiyi ərazinin qərb tərəfində, icra başçısının yaşadığı binanın 20-30 metrliyində şəhid ailələrinin Şahin Məmmədovun təntənəli yolasalınma mərasimi düzənlənib. Məlumatı millət vəkili Anar İsgəndərovun köməkçisi Rauf Cəbiyevə məxsus Masallı xəbərləri FB səhifəsi yayıb.
Belə tədbirin düzənlənməsi isə olduqca maraqlı suallar doğurub?
1. Şahin Məmmədov belə yaxşı işləyirdisə, ölkə başçısı niyə onu fəaliyyətinin heç 3 ili tamam olmamış, hətta 3 gün əvvəl məzuniyyətə getməsinə baxmayaraq, (hansı ki bu bölgədə Qəzənfər Ağayev 15 il, Taleh Qaraşov 20 il icra başçısı işləyir) təcili şəkildə geri çağırtdırıb vəzifəsindən niyə azad etdi?
2. Ölkədə bəzən 1 nəfərin belə aksiya keçirməsinə imkan verilmədiyi halda, 50-ə yaxın şəhid ailəsini ora necə yığdılar?
3. Niyə bu dəstək toplantısına Masallının ağsaqqallar, ziyalılar, veteran cəmiyyətlərindən, ictimai şurasından, yolun əks tərəfində yerləşən icra hakimiyyətindən bir nəfər də qatılmamışdı?
4. Niyə bu tədbir barədə İcra hakimiyyəti başçısının saytı, onlara tərəfdaş saytlar bir kəlmə də yazmadı?
5. 50 nəfərin belə dəstək mərasimi keçirməsinə görə, yəni azad toplaşmaq haqqında qanuna görə kimdən icazə alınmışdı?
6. Şəhid ailələri doğrudan belə məqamlara dəstəkçidirsə, niyə 2 il öncə Kəlbəcərdə həlak olmuş, ailənin tək övladı, döyüşlərdə igidliyə görə medal almış ərkivanlı İlkin Zöhrabovun şəhid statusu almaq üçün illərdir ki, məhkəmələrə ayaq döyən anasına dəstək olmurlar?
7. Masallıda 1-ci qrup əlil şəhərin mərkəzində döyüləndə, Ərəb kəndində 12 yaşlı qız təcavüzə məruz qalanda, (cinayətkarlar cəzasız qalanda ) şəhid anasından tanınmış mətbuat işçisinin üzünə durmaq üçün istifadə ediləndə... onlar niyə səslərin çıxartmadı?
8. Şahin Məmmədovun təkcə Masallı Mənzil Kommunal Təsərrüfatı idarəsində etdikləri saxtakarlıqları, hətta şəhərdəki zibil qutularına görə yığılan pullarla bağlı etdiyi əliəyrilikləri necə himayə etdiyini (hansı ki, ölkə başçısı yeni icra başçıları ilə görüşdə də bu məqamı xüsusi ilə vurğulamışdı), burada plastik kartlarla hansı bəd əməllərə yol verildiyini detallarla sadalasaq ürəkbulandıran mənzərələrlə qarşılaşıb, şoka düşərsiniz.
9. Şahin Məmmədov hətta öz işçilərini, YAP rayon təşkilatının sədrinə qədər aşağılamağa cəhd edəndə niyə dillənmirdiniz?
10. Şəhidlərin baş daşı, onların ailələrinə verilən yardımlar zamanı, yüksək çinli məmurların etiraf etdiyinə görə çoxlu şübhəli məqamlar yarananda niyə dillənmirdiniz?
11. Mərasimə nə qədər səmimi don geyindirməyə çalışsalar da, digər məsələlərdə susan hörmətli hacımız, bazarkom Hacı Sərxan nə qədər kövrək poza versə də, tədbirin “xüsusi əllər” tərəfindən təşkili olunduğu göz qabağında idi.
Bu aksiya açıq-aşkar Şahin Məmmədovla bağlı ölkə başçısının verdiyi və əksər masallılıların dəstəklədiyi sərəncama kölgə salmaq, dolayısı ilə “ay rəhbər, düz eləməmisən, bu kişi yaxşı kişidir” deməkdir. Necə deyərlər, bəlkə qaytaraq.
İnanırıq ki, rayonumuzun yeni rəhbəri, olduqca təcrübəli əməliyyatçı Araz müəllim bu məqamları lazımınca araşdıracaq, ictimai fikri çaşdıran belə addımlara lazımi diqqət yetirəcək.
Həmin mərasimdən foto və videoları və kefinizi açmaq üçün bir siyasi lətifəni sizə təqdim edirik:
Deməli, Fransanı sabiq İmperatoru Napoleon növbəti işğaldan qayıdanda, xalq küçələrə çıxıb rəhbəri sürəkli alqışlayırmış. Cərgələr arasında keçən Napoleon isə onlara əhəmiyyət verməyib, heç başına qaldırıb əl də yelləmirmiş. Bundan narahat olan köməkçisi narahat olub Nopolenunun qulağına pıçıldayır ki, Əlahəzrət, xalq sizi alqışlayır. Napoleon isə ona əhəmiyyət verməyərək deyir:
- Bunlar üçün nə fərqi var, sabah məni Dar ağacına da aparsalar, onlar elə belə alqışlayıb qışqıracaqlar.
Yəni, sabah Şahin müəllimin əməlləri dövlət səviyyəsində araşdırılıb, o cəzalananda da, bu dəstəkçilər belə mövqe sərgiləyəcək.
Zahir Əmənov. Cənub.az