Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Qarabağ" bu gün "Sürix"lə cavab oyununa çıxacaq


"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrədə "Sürix"lə qarşılaşacaq. "Letsiqrund" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.

Bakıdakı ilk qarşılaşmada "köhlən atlar" rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Cavab oyunu öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Zədəsini sağaldan Qara Qarayev də artıq komandaya qoşulub və meydana çıxmağa hazırdır. Meydan sahiblərindən isə Blerim Cemaylinin matçda iştirakı sual altındadır. Evdə "Lütsern"lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının II tur qarşılaşmasından sonra əzələsində problem aşkarlanan 36 yaşlı yarımmüdafiəçinin durumuna oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

Bizim.Media






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10