Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ssenarini oxuyanda səhərə kimi ağladım, səhəri gün gəlib Həsən Seyidbəyliyə dedim ki...”


“Həsən Seyidbəyli peşəkar bir rejissor idi. Onun Azərbaycan kinosuna böyük töhfələri olub. O həyata bənzər kino estetikasını yaradıb, pafosdan uzaq bir kino ortaya çıxarıb. Onun davamçıları var. Hətta Rasim Ocaqov bir dəfə müsahibələrində söyləmişdi ki, “Həsən Seyidbəyli mənim müəllimim olub. Bizə o vaxt obrazları təklif edəndə bədii şura var idi, yazıçılar, ssenaristlər öz fikirlərini söyləyirdilər. Onların “hə” deməsi ilə sən filmlərə çəkilə bilərdin. İndi bir az fərqlidir”.

Bunu açıqlamasında xalq artisti Xalidə Quliyeva deyib. O daha sonra “Nəsimi” filmi ilə bağlı xatirələrini bölüşüb.
““Nəsimi” filminə dəvət olunmağımın maraqlı tarixçəsi var. Bir gün auditoriyada oturmuşdum, filmin ikinci rejissoru Əşrəf Mamayev gəlib dedi ki, səni Həsən Seyidbəyli çağırır. Həsən müəllim o vaxt Kinematoqrafçılar İttifaqının sədri idi. Məni gözəl qarşıladı, çox səmimi söhbət etdi. Qarşıma bir ssenari qoyub dedi ki, “Bu ssenarini İsa Hüseynov yazıb, apar evdə oxu və sabah mənə gəlib deyərsən ki, hansı rolu oynamaq istəyirəm”. Ssenarini evə gətirib oxudum, səhərə qədər ağladım. Nəsiminin edam olunma səhnəsi mənə çox pis təsir etdi. Çünki o vaxta qədər məktəblərdə Nəsimi bu qədər dərin təbliğ olunmurdu. Səhər ittifaqa gəlib dedim ki, Fatimə obrazını oynamaq istəyirəm. Həsən müəllim dedi ki, “elə mən də o obrazı sənə verəcəkdim”. Biz düz 2 ay məşq etdik, filmi çəkməyə başlayanda artıq hər şey hazır idi, bircə mizan qalırdı” deyə sənətkar bildirib.
 
Xalq artisti bildirib ki, oynadığı bütün obrazlarda özü var.
“Oynadığım bütün obrazlarda özüm varam. Əgər mən onlara oxşamasaydım məni həmin obrazlara dəvət etməzdilər. Bütün obrazlarımı sevmişəm, ssenariləri oxuduqca demişəm ki, kaş mən də elə olardım. Məsələn “Bakıda küləklər əsir” filmindəki Solmaz obrazı. 18 yaşında bir qız vətəninin dar günündə vətəndaşlıq mövqeyini ortaya qoyub, müharibəyə gedib şəhid olub. Bu bir insan kimi mənim idealımdır. Yaxud da “Tütək səsi” filmində oynadığım Milli obrazı. Müharibənin yükünü incə çiyinlərində daşıyan qız öz işində də təşəbbüskardır. O fikirləşir ki, ölüm məktublarını gizlədim, insanlar ümid etsinlər ki, yaxınları qayıdacaq. Həqiqətən də onun ümidi sonda reallaşır, kəndə əsgər qayıdır. Millinin seçdiyi yol düz yoldur” deyə sənətkar bildirib./Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10