Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xırdalanda sülənən təhlükə - VİDEO


Tədbir görülməsə, bunun acı nəticələri yarana bilər

Bir vaxtlar diqqətəlayiq olmayan, 2006-cı ildə şəhər statusu alan Xırdalan indi gözümüzün qarşısında elə sürətlə dəyişir ki, bu dəyişikliklər çoxlarını təəccübləndirir. Bakının qonşuğunda yerləşən bu şəhərdə müasir “göydələn”lərin uzun tıxaclar yaradan avtomobillərin əlindən tərpənmək olmur. Bir də dolub daşan zibil qutularının.

Bu problemlər xeyli dərəcədə aktual olsa da, bu dəfə başqa problemdən - Xırdalanda çoxlu sayda sahibsiz itlərin dəstə-dəstə dolaşmasından danışmaq istəyirik.

Xırdalanda məşhur “AAAF Park”ın yaxınlığında gecələr şəhər sakinlərini dəhşətə gətirən böyük bir sahibsiz it sürüsü sülənir. Hətta, son günlərdə işdən qayıdan kafe işçisinə sahibsiz itlərin hücumu barədə xəbər də yayılmışdı.

Məlumdur ki, sahibsiz itlər insanlar və heyvanlar üçün ümumi olan patogenlərin mənbəyidir. Çox vaxt infeksiya xəstə heyvanlar və ya daşıyıcılar sağlam olanlarla təmasda olduqda baş verir, bu baxımdan itlərin kütləvi toplanması ən böyük təhlükə yaradır. Bununla belə, viruslar təkcə birbaşa təmasda deyil, dolayı yolla da ötürülə bilər: hava, su, qulluq vasitələri, ayaqqabı və insanın geyimi. İtlərin daşıdığı ən təhlükəli xəstəlik quduzluqdur.

Yaşayış məntəqələrində sərbəst gəzən sahibsiz itlər vəhşi heyvanların (quduzluq daşıyıcıları) hücumuna daha çox həssasdır və bununla da xəstəliyin daha da yayılması təhlükəsi yaradır.

Bu səbəbdən də Xırdalanda “Bazarstore” supermarketinin qarşısında lentə alınan kadrlar aidiyyəti strukturların diqqətini çəkməlidir. Supermarketin girişinin düz qarşısında bir neçə sahibsiz it var. Köpəklərdən birinin yanındakı qaba baxanda başa düşürük ki, heyvanlar yemlənir. Və bunun acı nəticələri ola bilər.

Məsələ burasındadır ki, sahibsiz itləri bəsləmək heyvanların insanlar üçün təhlükəli olan sürülərdə toplaşmasına gətirib çıxarır ki, onlar özlərinə məxsus hesab etdikləri ərazini böyüdüb qorumağa başlayırlar. İtlərin psixologiyası belədir - onlar özlərininki hesab etdikləri ərazini qorumağa başlayırlar. Sahibsiz itlər üçün təbii olan bu davranış çox vaxt faciələrə səbəb olur. İnsanların daimi sıxlıq yeri olan “Bazarstore” supermarketi də istisna deyil.

Əgər bu itlər indi “Bazarstore”a gələnlərə problem yaratmasa belə, gələcəkdə hansısa faciənin baş verməyəcəyinə zəmanət yoxdur. Üstəlik, yaxınlıqda attraksionları ilə çoxlu sayda uşaqları cəlb edən “AAAF Park” yerləşdiyi üçün bu ərazi axşamlar sıxlıq olur.

Ola bilsin ki, qaldırılan məsələ ictimai sahədə çoxlu mübahisələrə səbəb olsun. Bəzi oxucular problemin formalaşdırılmasından qəzəblənəcəklər, yəqin ki, bunu belə hesab etmirlər. Mübahisə edəcəklər ki, yazıq heyvanların heç bir günahı yoxdur, onlara yem vermək lazımdır, qıcıqlandırmamaq lazımdır və onda insanlar təhlükəsizlikdə olacaqlar. Digərləri sahibsiz itlərin insan həyatı və sağlamlığı üçün real təhlükə olduğunu söyləyəcəklər.

Mübahisələr öz yerində, lakin vəziyyət onu deməyə əsas verir ki, artıq Xırdalan şəhərinin müvafiq strukturlarının sahibsiz itlərlə bağlı məsələ ilə daha əsaslı məşğul olmasının vaxtı çatıb. Məsələn, Azərbaycanın paytaxtında bu problemi həll etmək üçün Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış “Toplan” sahibsiz itlər üçün sığınacaq fəaliyyət göstərir. Göründüyü kimi, Xırdalanda da sahibsiz itlər üçün sığınacaq açmaq ehtiyacı yetişib.

“Bazarstore” supermarketinin rəhbərliyi isə müştərilərinin təhlükəsizliyini mümkün təhlükədən qorumaq barədə ciddi düşünməlidir.

Müəllif: Asif Aydınlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10