Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Səni “Mətbuat Günü” ilə bağlı tədbirə niyə çağırmamışdılar?”


“İndi əziz oxucular, siz deyin, belə adamlarla mən necə bir stol arxasında oturum, necə dərdləşim? Bu riyakarlıq olmazmı?”

Dünəndən bəri mətbuat günü ilə bağlı aldığım təbriklərlə yanaşı, mənə bir sual da tez-tez ünvanlanır – səni Masallıda “Mətbuat günü” ilə bağlı tədbirə niyə çağırmamaışdılar? Hansı ki, bu tədbir 6 ildən artıqdır ki, hər il keçirilir və tədbirdə regiondakı bölgə müxbirləri və Masallı Jurnalistləri dəvət olunur.

Düzünə qalsa, dəvət olunmuşdum. Özü də 2 tədbirə. Biri Tarix və Diyarşünaslıq Muzeyində çox hörmətli  Əntiqə Tağıyevanın təşkil etdiyi, biri də Karat Oteldə icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə.

Öncə, dəvətləri üçün, dəyər verdikləri üçün hər iki təşkilata təşəkkür edirəm.

İstəyirəm, açıq danışam. Bu ilin aprel ayında mənimlə bağlı baş verən “qəzavü- qədərdən” sonra həmin tədbirdə iştirak edən jurnalistlərin cəmi birindən, bir də tədbirə dəvət olunmayan Azadlıq Radiosunun bölgə müxbiri Müstəcab Məmmədovdan başqa dəstək görmədim. Hətta, bölgə yazarları Tofiq Həsənli,  Qafar Cəfərli, İldırım Şükürzadə, Alzaman Baxışış, Xodaşirin Cəbiyev, Nuranə Həmidova və başqalarının haray çəkib, ürək yanğısı ilə yazdığı dəstək yazılarına da onlar “Bəyənmə” düyməsini basmağa qorxdular. 

Təsəvvür edin ki, Azərbaycan Jurnalistlər Birliyinin sədri, dəyərli jurnalistimiz Elçin Şıxlı digər həmkarları ilə birgə mənimlə bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına müraciət edir, həmin  Jurnalistlər Birliyinin  Masallıdakı filial sədri, 73 yaşlı, daim mənlə rastlaşanda “qardaş” deyən Həsənağa Əliyev susur.

Bəlkə, “Sənin xətrini çox istəyirəm” ifadəsi dilindən düşməyən 75 yaşlı Əyyub Mehtiyevdən “nümunə” götürüb? Hansı ki, Əyyub Mehtiyev 75 ildə cəmi 2 dəfə ofisimin qapısın açıb, hər ikisi də icranın sifarişi ilə - birində guya 1-ci müavinlə görüş adı ilə icranın 40 məmuru ilə mənim üçün Kollecdə linc məhkəməsi qurdu, 2-cində isə, onun gəlişindən (guya Mirkazım Aslanlının büstü üçün imza yığır və başçı da təkidlə təklif edib ki, Zahir Əmənovun da orada mütləq imzası olsun) 4-5 saat sonra məni həbs etdilər. Görəsən, 75 yaşlı Əyyub Mehtiyev belə oyunlara hansı məqsədlər xətrinə qatılır?

Daha başqa detalları sadalamıram. Sonu gülünc məqamlara çıxır.

Nədən qorxursunuz, əziz həmkarlar. Yaxud, hansı günün həmkarısınız? Öz həmkarınıza dəstək verə bilmirsinizsə, xalqın dərd-sərinə necə həyan olarsınız?

İndi əziz oxucular, siz deyin, belə adamlarla mən necə bir stol arxasında oturum, necə dərdləşim? Bu riyakarlıq olmazmı? Nə isə,.. Bildiyimə görə, tədbirdə iştirakçılarına balaca mükafat da verilib.   

Bir daha tədbirin təşkilatçılarına dəvət üçün təşəkkür edirəm. Amma onu da xatırladıram ki, Mətbuatı sevmək, onun bayramında çay süfrəsi təşkil etməklə, mükafatla bitmir. Əgər bu əsl sevgidirsə... 230 minlik Masallı rayonunun qəzeti 450(!!!) kimi gülünc tirajla çıxmaz, redaksiyanın işçiləri minimum 300 manata yaxın maaş almazdı. 

Xatırladım ki, Ağcabədinin əhalisi Masallının yarısı qədər olsa da, orada hər buraxılışı 3 min nüsxə olmaqla həftədə 2 dəfə qəzet çıxır. Hələ TV-ləri də var.

Sağlıqla qalın. Bayram olduğu üçün çox xatalı məqamlara toxunmuram. Bayramdan bayrama görüşənə kimi – “çöldə” olsaq. Mən isə getdim “Sındırılmış güzgülər” tamaşasına baxmağa.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10