Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məmmədbağır Bağırzadənin oğlu: "Anam rəhmətə gedəndə atam özünü öldürmək istəyirdi" - Müsahibə


Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür. “Atamın xatirəsi” layihəsində xanəndənin oğlu Rahim Bağırzadə ilə müsahibəni təqdim edirik.

- Məmmədbağır bakılı idi. Amma onda bakılılara xas xüsusiyyətlər o qədər də nəzərə çarpmırdı.

- Atam ansamblının adını “Dilkeş” qoymuşdu, evdə də daha çox ərəb, türk kanallarına baxırdıq. Bir dəfə bunların səbəbini atamdan soruşanda mənə dedi ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm ki, Kərkükdəyəm. Orda yaşayan azərbaycanlıların keçirdiyi hissləri keçirirəm. Atam uzun illər ordakı insanların sevgisiylə, oraları görmək xiffəti ilə yaşayıb. O, dünyasını dəyişəndən sonra arxiv idarəsində işləyən tanışımızdan xahiş etdim ki, bizim nəslin şəcərəsini araşdırsın. Məlum oldu ki, atamın ulu babaları İraqda, Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss etmişdi. Bu gün atamla bağlı bir çox şeylərə heyfislənirəm. Mənim ağlıma da gəlməzdi ki, o, həyatdan belə tezliklə köçəcək.

- Geyimə qarşı çox həssas, tələbkar adam olub.

- Anam rəhmətə gedəndən sonra atamın yanında ən çox olan adam mən olmuşam. O, geyiminə və xarici görünüşünə qarşı çox tələbkar idi. Hər yer üçün ayrıca kostyumları olurdu. Aldığı kostyumların pencək ciblərinin tikişlərini sökdürməzdi ki, birdən pencəyin cibləri sallanar, efirdə səliqəsiz görünər. Hətta bir dəfə uzaq yol gedib dostları ilə görüşəndə dostlarından biri zarafatla demişdi ki, Məmmədbağır bütün yolu deyəsən ayaqüstü gəlmisən, paltarında bircə qırış da yoxdur. Adamlar onun səliqəsinə heyrət edirdilər. Bəzən biz eyni vaxtda eyni libaslar alırdıq. Amma paltarları əynimizə geyinəndən sonra onunla mənim görünüşümün arasında yerlə-göy qədər fərq olurdu.

- Bayaq dediniz atanızla bağlı heyifsləndiyiniz məqamlar olub. Nələrə görə heyifslənirsiniz?

- Atam evdə İran muğamlarını, ərəb, fars musiqilərini çox gözəl ifa edirdi. Amma efirdə heç vaxt o mahnıları oxumadı. Ona heyifslənirəm ki, nahaq onun evdəki ifalarını, zəngulələrini kameraya çəkməmişəm. Özü razı olmasa belə gərək gizlincə həmin ifaları kamerayla çəkərdim. Bir dəfə özünə dedim ki, efirlərdə, səsyazma studiyalarında bu mahnılardan ifa et. Dedi, sən nə danışırsan? Adamlar var, gözləyirlər ki, mən İran musiqiləri ifa edim, ondan sonra məni topa tutsunlar.

- O vaxtlar musiqiyə İran boğazları, çalarları gətirənləri bərk tənqid edirmişlər.

- Məmmədbağır Bağırzadə bəlkə də Azərbaycanda yeganə müğənnidir ki, Qarabağın bütün bölgələrində onu çox sevirdilər. Təsəvvür edin ki, atam Ağdamda Yaqub Məmmədovun qarşısında toy aparırdı. Onun qarşısında ifa etmək hər adamın işi deyildi. Amma atamın özünü aparması, mədəniyyət və musiqidə köhnə yolla getməsi onu sevdirmişdi. Rəhmətlik Səxavət Məmmədovla əsgərlik dostu olmuşdular. Atamın toyunda da Yaqub Məmmədov, Arif Babayev, Səxavət Məmmədov oxuyub. Yaqub Məmmədovun ildə bir dəfə kəhrəba üzüm yetişəndə bizə qonaq gəlməsi yadımdadır. Babamın onun üçün açdığı süfrələrin tayı bərabəri olmazdı.

- Məmmədbağır həm də çox kövrək adam olub...

- Həddindən artıq kövrək idi. O, “Şur” muğamını çox sevirdi. Hərdən hamımız süfrə arxasında əyləşib televiziya kanallarında gedən musiqilərə qulaq asırdıq. Hansısa musiqi və ya bir alətin səsi onun ürəyinə toxunanda görürdük ki, tikəsini uda bilmir, ağlayır.

- İlk dəfə dondurma yeyəndə də ağlayıb...

- Dondurmanı ilk dəfə əlli bir yaşında yeyib. Yadıma gəlir, bacımın yaşı az idi. Atam evə zəng vuranda bacım ona dedi ki, gələndə ona dondurma alsın. Onda anam təzə rəhmətə getmişdi. Atam bir neçə “karobka” cürbəcür dondurma alıb gətirdi. Bacıma dedi ki, qızım ürəyin nə qədər istəyir ye. Sonra o, özü də bizə qoşulub ikisini birdən yedi. Mən onda məətəl qaldım. Çünki atam səsinə görə heç vaxt soyuq şeylər yeməzdi. Bizim başımız dondurma yeməyə qarışanda gördük atam ağlayır. Bacım ondan ağlamağının səbəbini soruşanda atam onun başını sığallayıb dedi: “Mən siz yaşda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan vermədi”.

- Ümumiyyətlə, ona nələr daha çox toxunurdu?

- Həyatda yaşadığı çətinliklər sonralar ona çox təsir edirdi. Atam tək adam olub. Ona nə ata, nə əmi kömək etməyib. Hətta, öz kəndçilərindən belə köməyi olmayıb. O, nə edibsə, hamısını öz zəhməti sayəsində edib.

- Sizinlə bir dost münasibəti də vardı.

- Əvvəllər anamla dostluq edirdim. Anam 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi. O, dünyasını dəyişəndən sonra bütün məhəbbətimi atama saldım. Anamın axırıncı cümə axşamında mənim qızım dünyaya gəldi. Atam ağlaya-ağlaya ona anamın adını qoydu, amma hamımızdan xahiş elədi ki, heç vaxt onun yanında qızımı öz adı ilə çağırmayaq.

- Atanızla ananız bir-birlərini sevib ailə qurmuşdular?

- Atamla anam qohum olublar. O, anamı həddindən artıq çox istəyirdi. Pis çıxmasın, mən hələ onun qədər qadınını çox sevən kişi görməmişəm. Ancaq anam da həmin sevgiyə, istəyə layiq qadın olub. Atamın bütün şıltaqlıqlarına dözməyi bacarırdı. Atamdan anama o qədər sözlər gəlib deyirdilər ki, onun yerinə başqası olsaydı, bəlkə də bacarmazdı. Ona görə də anam rəhmətə gedəndən sonra atam deyirdi ki, özümü öldürəcəm, gedim görüm o dünyada Naibə neynir. Biz yalvarıb yaxarırdıq ona ki, elə şey eləməsin.

- Ananızdan sonra intihar etmək istəyirdi?

- Bəli, buna cəhd edirdi. Anamdan sonra onun psixoloji vəziyyətində dəyişikliklər olmuşdu. Tez-tez deyirdi ki, daha yaşamaq istəmirəm, ölmək istəyirəm.

- Atanızın xəstəliyi də qəfil olmuşdu. O vaxta qədər səhhətindən hansısa şikayətləri olurdu?

- Atamın xəstəliyi elə anamla başladı. Anam xəstəxanada müayinə olunandan sonra həkim atamı çağırıb ona anamın xəstəliyinin şiddətləndiyini, çox yaşamayacağını xəbər verdi. Atam həkimlə danışanda qarnını qucaqladı, yerində ləngər vurdu. Bir dəqiqənin içərisində onun rəngi sapsarı oldu. Dedi ki, bu ölsə, mən neyləyəcəm? İkinci dəfə isə bacım uşağı ilə pilləkəndən yıxılanda mədəsindən möhkəm sancı tutmuşdu. Onda atam bərk qorxmuşdu. Qapımıza çatanda bizim qışqırığımızı eşitmişdi, elə bilmişdi ki, kimsə bizə hücum edib. O vaxtı qorxulu dövr idi. Atam toydan küllü miqdarda pulla çıxırdı. Hamı deyirdi, Məmmədbağır hər gecə evinə yeşiklə pul aparır. Mən maşın həvəskarı idim. Atam bahalı maşınlar almağıma razı olmurdu. Deyirdi, olmaz, kənd yeridi, hamının diqqəti üstümüzdədir.

- Nardarana bağlı adam idi...

- Nardarana da, oranın adətlərinə də bağlıydı. Bir dəfə Norveç də daxil olmaqla bir neçə xarici ölkəyə uzun müddətli qastrola getmişdi. Orda bığlarını qırxmışdı ki, təzələnsin. Qastroldan gələndən sonra böyük yeznəsi onunla görüşmək istəyir. Yadıma gəlir ki, atam əlini dizinə çırpıb dedi ki, indi onun yanına bığsız necə gedəcəm? Görüş vacib olduğundan məcbur olub getmişdi. Amma əvvəldən axıra qədər bığının üstündən dəsmalı götürmədi, yalandan dedi ki, dişimi çəkdirmişəm.

- Rahim bəy, Zöhrə Abdullayeva ilə atanızın sevgili olması haqqında söz-söhbətlər uzun müddət səngimədi. Ancaq atanızın ölümündən sonra verilişlərin birində Zöhrə xanım sizin yanınızda yayılan şaiyələri təkzib etdi. Hətta ananızın sağlığında atanızın başqa bir qadınla uzun illik münasibəti olduğunu dilə gətirdi. Sizsə bu fikrə heç bir etiraz etmədiniz. Belə çıxır ki Zöhrə xanım haqlı idi?

- Atamın həyatında başqa qadın olub. O, anamın sağlığında olub. Həmin qadın atam xəstə olduğu dövrlərdə də onun zəhmətini çox çəkib. Yəni belə bir fakt olub. Zöhrə xanım haqlı olduğu üçün mən heç bir etiraz edə bilmədim.

- Bəs ananız heç bir etiraz etməmişdi?

- Mən bayaq ona görə deyirdim ki, mənim anam dözümlü qadın olub. O, atamla bağlı hər şeyə qatlaşıb. Həm də bilirsiniz, o dövrdə gücü, imkanı olan kişilər üçün iki ailə saxlamaq qəbahət hesab olunmurdu. Əsas o idi ki, kişi öz ailəsinə yaxşı baxsın.

- Məmmədbağır dünyasını dəyişəndən sonra dostları tərəfindən sizə olan münasibət əvvəlki kimi qaldı, ya etibarsızlıqlar gördünüz?

- Mənim müəyyən şəxsi problemlərim oldu. Bu da öz günahlarım və tamahım ucbatından baş verdi. Düzdür, mən onun adını doğrultmaq üçün həmişə çalışıram. Amma həyatda hər şey ola bilər. Atamın dostları tərəfindən etibarsızlıq olmadı. Amma musiqiçilər, müğənnilər tərəfindən vəfasızlıqlar gördüm. İndi də görürəm. Amma misal üçün onun ən yaxın dostlarından biri Zöhrə xanım olub. Həqiqətən də kişi kimi qadındır. Bizim evə də kişi kimi gəlib gedərdi. Atam hərdən ona “qədeş” də deyirdi. Bir dəfə Zöhrə xanım atama dedi ki, Məmmədbağır, mən sənin evinə, xanımın yanına alnıaçıq gəlib-gedirəm, onun yanında gözüm kölgəli deyil. Mən sözün əsl mənasında atama qarşı sədaqəti Zöhrə xanımda, Cavanşir Məmmədovda gördüm. Bu günə qədər atamın mahnılarından bir qəpik də pul qazanmamışam. Amma müğənnilərdən bircə xahişim var ki, atamın mahnılarını ifa edəndə onun adını qeyd etsinlər, bir də onun üslubuna toxunmasınlar. Hər halda onun öz üslubu uğurlu alınmışdı.

1973-cü ildə atam yaradıcılığının zirvəsini yaşamışdı. O vaxtın çörək satıcıları kaset satıcılarına deyirmişlər ki, Məmmədbağırın valları o qədər çox satılır ki, heç biz o qədər çörək satmırıq. Atam dəfələrlə toylardan qanıqara gəlirdi. Onun səsini yazmaqdan ötrü toyda adamlar bir-biri ilə dava edirmişlər, toy çadırını dağıdırmışlar ki, ağacların başından atamı görə bilsinlər. Amma atamın düşmənləri də vardı.

- Kimlər idi?

- 1975-76-cı illərdə atam ölkənin ən məşhur müğənnisi hesab olunurdu. Həmin dövrdə “Kirpi” jurnalında “Məmmədbağır, bir də bağır” başlıqlı yazılarla onu tənqid eləməyə başladılar. Bunu da o vaxtkı bədii şura qəsdən elətdirirdi. Ələkbər Tağıyev də o dövrdə həm bədii şuranın üzvlərindən biri, həm də hər şeyə gücü çatan adam idi. O, atama mane olan insanlardan birincisi idi.

- Səbəb nə idi?

- Səbəb atamın gecə toylarda oxuduğu mahnıların səhər bütün ölkəyə, hətta İrana, orta Asiya ölkələrinə qədər yayılması idi. Atamın irəli getməsi Ələkbər Tağıyevin diqqətindən yayınmamışdı. Onun həmin illərdə qılıncının dalı da kəsirdi, qabağı da. Mən istəmirəm kiminsə ürəyinə toxunum. Ələkbər müəllimin oğlu ilə dostuq. Amma mənim də yaşım az deyil, istəmirəm nə zamansa atama qarşı olunanlar ürəyimdə qalsın. Bilmirəm, birdə nə vaxtsa bu söhbətləri danışa biləcəm, yoxsa, yox.

- Yəni demək istəyirsiniz ki, Ələkbər Tağıyev Məmmədbağırın irəliləməsinin qarşısını almışdı?

- Bəli. Ələkbər Tağıyev görür ki, onun mahnılarını nə qədər məşhur müğənnilər oxusa da, Məmmədbağırın şöhrətini ötüb keçmir. Mahnıları o qədər məşhurluq qazanmır. Belə olan halda o, atama xəbər göndərir ki, onun bəstələrinə də müraciət eləsin. Atam isə onun təklifindən imtina edir. Deyir, mən ancaq öz mahnılarımı oxuyuram. Ələkbər müəllim də deyir ki, mən nə qədər sağam, Məmmədbağır nə radioya çıxa biləcək, də efirə.

- Bu təzyiqlər nə qədər davam edir?

- Bir ilə yaxın. Yəni “Kirpi” jurnalında çıxanlarda və digər məsələlərdə Ələkbər Tağıyevin əli vardı. O, öz sözünü başqalarına dedirtdirib özü isə kənardan baxa bilən adam idi. Mən bilirəm ki, hansı bəstəkarlar onun dediyi ilə oturub-dururdular, onun sifarişi ilə atamı vurmağa çalışırdılar.

- Amma sonralar Məmmədbağır Ələkbər Tağıyevin mahnılarını ifa edib.

- 1977-ci ildə Ələkbər Tağıyev elə bir adamla bizə gəlir ki, atam ondan sonra onun təklifini qəbul edir. Ələkbər müəllim atama deyir ki, sən hər gün toylarda oxuyursan, bu sonra sənin üçün nöqsan olacaq. Sən uçuruma doğru gedirsən. Əgər mənim mahnılarımı oxumaq istəmirsənsə, onda başqa böyük bəstəkarların mahnılarını oxu. Bu söhbətlər də elə vaxtlara təsadüf edir ki, artıq atamın getdiyi kişi toylarında davalar çoxalır, adamlar yaralanır və.s. Hətta o dövrdə atam sosializmə zidd mahnılar oxuduğu üçün üç günlük həbs də olunur. Elə Ələkbər Tağıyevin vasitəçiliyi ilə atam həbsdən azad olunur. 1977-ci ildən atam artıq kişi toylarını tərgidir, ancaq kompaniya olan məclislərə gedir. İlk dəfə efirə Ələkbər Tağıyevin “Azərbaycan oğluyam” mahnısı ilə çıxır. Onda da efirin Gülağa Məmmədov, Akif İslamzadə, Hüseynağa Hadıyev, Zaur Rzayev kimi kralları vardı. Ancaq atam orda da öz yerini tapa bilir. Yəni Ələkbər Tağıyev o vaxtı atamın istedadının toylarda itib-batmasının qarşısını alır. Ölən gününə qədər onun adı atamın dilindən düşmədi.

- Rahim bəy, atanızın bacılarınıza qarşı hansısa mühafizəkarlığı olub?

- Bacılarım məktəb oxumayıblar. Yəni hər ikisini səkkizinci sinifdən çıxarıb. Üç il o, qızlarının heç birini məktəbə getməyə qoymadı. O vaxtı dövr pis idi. Atam da çöldə-bayırda çox şeylər görürdü, özü də dəhşətli dərəcədə qısqanc adam idi. Həmişə mənə deyirdi ki, həyatda iki şeydən çox qorxuram: bir avtomobil qəzasından, bir də ailəmin ləkələnməsindən. Nə vaxtsa mən olmasam, ailəmdə namus söhbəti olsa, qəbirdə gorum çartlayar.

- Xəstəliyi kimi ölümü də qəfil oldu.

- Atamın mədəsi ilə bağlı müəyyən problemlər olurdu. Arada kömür içirdi, sakitləşirdi. Amma, sən demə, daxildə proses gedirmiş. Onda mədəaltı vəz zədələnib bədəni zəhərləmişdi. Oktyabrın 10-da Zöhrə xanımla bir toy aparırmışlar. Toydan sonra Zöhrə xanım ağladı, mənə dedi ki, mən Mamedi bu günə qədər elə görməmişdim. Toyun sonuna qədər stoldan yapışıb oxudu. Sonra Zöhrə xanım, mən, bir də atamın dostu Baxşəli əmiylə atamı xəstəxanaya apardıq. Atamı yoxlayıb evə buraxdılar. Oktyabrın 23-də səhər vaxtı atam mənə zəng vurub dedi ki, Rahim ağzımdan köpük gəlir. Onda ilk dəfə atamın o qadınla yaşadığı evə getdim. Atamın otağına girdim, o, məni görən kimi ağladı. Onu tez xəstəxanaya gətirdik. Həkim yoxladı, mənə dedi, atan təcili əməliyyat olunmasa, iki saatdan çox yaşamayacaq. Ayağı ilə gedən adama belə bir diaqnozun qoyulması məni şoka saldı. Hardasa iyirmi dəqiqəyə atamı əməliyyata hazırladılar. Amma bütün məsuliyyəti mənim boynuma qoydular. Atam məni çağırdı, öpdü qucaqladı, dedi, Rahim, mənim ağzımdan yenə köpük gəldi, məni burdan apar.

- Özü ölümü hiss edirdi?

- Bacıları, qızları ilə, bir də dostu Baxşəli əmi ilə görüşəndə ağladı. Qolundakı saatı açıb mənə verdi. Mənimlə görüşmək istəyəndə razı olmadım. Dedim, mən səninlə görüşməyəcəm, əməliyyatdan sağ-salamat çıxacaqsan, səni gözləyirəm. Əməliyyat olunan otağın qapısına qədər onunla getdim. Əməliyyatdan dərhal sonra da məni xüsusi geyimdə onun yanına buraxdılar. Mən sonra bildim ki, atamın öləcəyini həkimlər bildiyi üçün mənə bu icazəni veriblər. Həmin anlarda atamın çarəsizliyini, yaşadığı qorxuları gördüm. Bütün bunlar mənim üçün dəhşətli idi.

- Əməliyyatdan sonra şüuru açıq idi?

- Yox. Yeddi gün mən onu bir saat da tək qoymadım. Amma özündə deyildi. Bircə dəfə özünə gəldi. Dedi, bibimlə danışmaq istəyirəm. Zəng vurdum bibisi ilə danışdı. Ağlaya-ağlaya dedi ki, bibi, gör məni nə günə qoydular, içimi yardılar. Ondan sonra ikinci dəfə əməliyyat olundu, aparatlara qoşuldu. Onun da heç bir köməyi olmadı. Həkimlər dedilər ki, atan artıq yaşamır, fiziki cəhətdən çürüyür. Atamın yaxınlarından kimsə onun bədəninin aparatdan ayrılmasına qərar verməliydi. Heç kim buna razılıq vermirdi. Hətta öz doğma atası, qardaşları belə razı ola bilmirdilər. Mən də razılaşa bilmirdim.

- Son qərarı siz verdiniz?

- Bəli. Hamı dedi ki, oğlu sənsən, bu işi də sən edə bilərsən. Hər gecə atamın göz qapaqlarını qaldırıb gözlərinə baxırdım. Sonuncu dəfə baxanda gördüm gözünün qarası yoxdu, ancaq ağı qalıb. Sən demə onda artıq atam ölübmüş (kövrəlir). Aparatların hesabına nəfəsi gedib-gəlirmiş. Sonra xaricdən bir professor gəldi, atamı müayinə elədi, dedi ki, yazıqdır, ona işgəncə verməyin, aparatdan açın. Ondan sonra mən razılaşmağa məcbur oldum. Atam oktyabrın 30-da rəhmətə gedəcəyini yuxuda görmüşdü. Həmişə də bu tarixdən qorxurdu. Elə oktyabrın 30-da dəfn olundu.

- Yuxuda görürsünüz?

- Hər gecə onu yuxuda görürəm. Bir gecə görməyəndə darıxıram. Əvvəllər yuxuma gələndə nəsə tikirdik, quraşdırırdıq. Amma sonralar sakit, rahat məkanlarda yuxuma girir. Hər dəfə qəbrinin üstünə gedəndə öz-özümə deyirəm ki, gedib doyunca ağlayıb ürəyimi boşaldacam. Amma hər dəfə nə isə bir xoş əhvalat baş verir, mən ağlaya bilmirəm. Çünki atam olduqca yaxşı insan olub. Həmişə də deyərdi ki, mənim qəbrimin üstündə heç vaxt ağlamayın./kulis.az

Samirə Əşrəf






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10