Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avtomobili olanlar üçün mühüm xəbər: qəzalarda ziyanı bu şirkət ödəyəcək


“Ekoloji təmiz avtomobillərin həm icbari, həm də kasko sığortası digərlərinə nisbətən ən azı 50 faiz ucuz...”- Eldəniz Cəfərov

Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobillərin icbari sığortası ilə bağlı yeniliyi təsdiqləyib. Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda”nı imzalayıb.

Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəfin sığorta şirkəti deyil, sığortalandığı şirkət qarşılayacaq. Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. Başqa sözlə, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək.

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası da dəyişə bilər. Bu barədə hökumətdəki mənbə bildirib.

Bakıda taksi heç də ucuz deyil” - Eldəniz Cəfərov Pravda.az

Eldəniz Cəfərov

Mənbənin sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu dəyişikliklə bağlı müzakirələr gedir: “Hazırda qısa şəkildə icbari avtomobil sığortası dediyimiz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə hesablanır. Yəni mühərrikin həcmi üzrə kubmetrlər artdıqca xidmət haqqı da artır. Bu, klassik yanaşmadır. İndi isə yeni yanaşma tələb olunur. Təkliflər var ki, bu sığorta növü avtonəqliyyat vasitəsinin kubmetrinə görə yox, at gücünə görə hesablansın. Çünki indi texnologiya inkişaf edir. Nəticədə 1500 kubmetr mühərrikə malik avtonəqliyyat vasitəsinin at gücü 2000-2500 kubmetrə malik köhnə avtomobilin at gücündən çoxdur”.

Azərbaycan hökuməti bu yeni qaydanı tətbiq etmək üçün baza formalaşdırmalıdır və orada avtonəqliyyat vasitələri at gücü ilə kateqoriyalaşdırılmalıdır. Nəticədə həmin kateqoriyalar üzrə ödənişlər müəyyən edilməlidir. Sığorta pulu adətən qəza törədənlər tərəfindən narazılıqla qarşılanır. Bəs görəsən, bu yenilik narazılığı aradan qaldıracaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycana idxal olunan ekoloji təmiz elektromobillərin  icbari sığortasını bəzi sığorta şirkətləri həyata keçirmirdilər. Onlar bunu onunla əsaslandırırdılar ki, elektromobillərin mühərrik həcmi yoxdur, ona görə də icbari sığorta hesablaya bilmirlər. O zaman mən mediada çıxış yolunu göstərmişdim, demişdim ki, elektromobillərin icbari sığortasını avtomobilin at gücünə görə hesablamaq mümkündür. Fikrimcə, avtomobilin icbari sığortasının at gücü ilə hesablanması yalnız elektriklə çalışan avtomobillərə şamil edilməlidir. Digər ənənəvi benzin və dizellə çalışan, həmçinin hibrid avtomobillərin icbari sığortası köhnə qaydada mühərrik həcminə görə həyata keçirilsə, daha yaxşı olar. Çünki hazırda müasir avtomobillərin mühərrik həcmi kiçik olsa da, at gücü daha çoxdur. Amma köhnə avtomobillərin mühərrik həcmi böyük olur, at gücü isə daha az olurdu. Belə çıxır ki, köhnə avtomobillərin icbari sığortasının qiyməti daha ucuz olacaq, təzə avtomobillərdə isə baha olacaq. Burada tərs mütənasiblik ortaya çıxır. Əslində isə dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycanın avtomobil parkı yenilənsin, vətəndaşlar daha çox yeni avtomobillərdən istifadə etsin. Əgər bu gün icbari sığortanı mühərrik həcminə görə hesablamağa başlasaq, onda köhnə avtomobilləri yenidən populyarlaşdırırıq”.

 Ekspert sığorta qiymətləri ilə bağlı bəzi məqamlara da aydınlıq gətirdi: “Azərbaycandakı minimum əmək haqqına, orta əmək haqqına görə sığorta məhsulları heç də ucuz deyil. Nə icbari sığorta, nə də kasko. Kasko sığorta isə ümumiyyətlə bahadır. Ona görə yaxşı olardı ki, köhnə qaydaları ləğv edib yeni qaydalar yaratmaq deyil, köhnə qaydalar üzərində müəyyən dəyişikliklər edilsin. Bu qanunlar daha da müəyyənləşdirilsin. Yaxşı olardı ki, yeni qaydalarda ekoloji təmiz avtomobillərin həm icbari, həm də kasko sığortası digər avtomobillərin sığortası ilə nisbətdə ən azı 50 faiz ucuz olsun ki, vətəndaşlar bu növ avtomobillərə maraq göstərsinlər”.

Qeyd edək ki, Azərbaycanda  2022-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şirkətlərinin öncəki illərdən daha böyük risklərlə üz-üzə olduğu açıqlanmışdı. Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin siniflər üzrə icmal göstəricilərinə görə şirkətlərin sığorta yığımlarında cari ilin yanvar-may ayı üzrə 5% artım olduğu halda, ödənişlərin həcmi 38% artıb. Qeyd edilir ki, 2022-ci ilin ilk beş ayında 39.33 milyon manatlıq sığorta haqqı yığıldığı halda, sığortaçılar 35.94 milyon manatlıq ödənişlər həyata keçirib. Bu da onların permyaları ilə ödənişləri arasında fərqin 3.39 milyon manata düşməsi deməkdir. 2021-ci ildə 37.6 milyon manat sığorta haqqı yığılmış, buna qarşılıq cəmi 26.07 mln. manatlıq ödəniş həyata keçmişdi. Yığımlar və ödənişlər üzrə fərq 11.53 milyon manat olmuşdu. Bu fərq 2019-cu ilin eyni dövründə 12.86 mln., 2020-ci ildə isə 10.75 milyon manat idi.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10