Bu gün sabiq deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun doğum günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.
Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. ardıcıl 3 çağırış milli məclisə deputat seçilib.
Anar qısa ömrü ərzində kitablara, verilişlərə sığmayacaq qədər uğurlara nail olub. Onun bütün nailiyyətlərini isə bir ad altında toplaya bilərik – Azərbaycan. O, bütün uğurlarına, hazırcavablılığına, analitik düşüncəsinə görə özünü kitablara borclu sayırdı.
***
Anar Məmmədxanov Azərbaycanın ilk gənc millət vəkili olub.
***
Anar ictimai həyatda olduğu kimi ailə həyatında da erkən yaşdan atılıb. 1987-ci ildə bir rəfiqəsinin səbəb olduğu görüşdə həyat yoldaşı İradə Məmmədxanlı ilə görüşür. Bu zaman Anarın 17 yaşı var idi. Gördüyü qıza aşiq olur və 3 aydan sora qıza sevgisini bildirir. Qarşılıq görən Anar elə həmin yaşda da evlənməyə can atır. Ancaq Anarın atası və yaxınları onu bir neçə il evlənməyə qoymurlar. Sonra qızın nənəsi Mədinə xanımın təklifi ilə cütlük Anarın 23 yaşı tamam olduqda evlənirlər...
Anar Məmmədxanov Ermənilərin at oynatdığı Rusiyanın KVN səhnəsində onların kürəyini yerə vurur. Özünün yaratdığı komanda ilə qalib olur. Təbii ki, ən uğurlu gününün həmin gün olduğunu düşünür. Ən xoşbəxt gününü isə ömür vəfa etsəydi 2020-ci ilin 8 noyabrında görəcəkdi. Müsahibələrinin birində deyirdi ki, ən böyük arzum Şuşaya bayraq sancmaqdır.
***
Anar Məmmədxanov həm də media kapitanı idi. Bu gün bir çoxlarının qurmaqda çətinlik çəkdiyi bitərəf media orqanı yaratmışdı. Həm müxalifət, həm iqtidar, həm də xalqa bu media orqanında eyni tribuna verilirdi. O, hətta bəzi sosial və siyasi çətinliklərlə qarşılaşan vətəndaşların problemləri ilə şəxsən maraqlanır, həmin problem həll olunana qədər prinsipiallıq göstərirdi. Media orqanını yaratmaqda ən ümdə məqsədi isə düşməni informasiya müharibəsində məğlub etmək idi.
Anar Məmmədxanov bir müddət gözə dəymir. Nə siyasi, nə ictimai arenada öncəki qədər diqqət çəkmir. Bu görünməzliyi bacısı onun onlayn fəaliyyətlə məşğul olmaqla əlaqələndirir.
“O həmin müddət ərzində yeni yaratdığı saytda mütəmadi olaraq geopolitik, siyasi, mədəniyyət, idman və s. sahələrdə məqalələr yazırdı. Əslində aktiv idi, sadəcə aktivliyi artıq virtual arenaya keçmişdi”.
***
Anar Məmmədxanov rusdilli olsa da, övladlarını orta məktəbdə Azərbaycan dili bölməsinə yazdırmışdı.
Ölümündən iki saat öncə A. Məmmədxanovla telefonla danışan jurnalist dostlarından biri deyir:
“Həmin gün mənə mesaj yolladı ki, məqalən çox yaxşıdır, xoşuma gəldi. Sonra mən ona zəng elədim. Yarım saata yaxın söhbət elədik”.
Həmin şəxsin sözlərinə görə, telefon danışığı zamanı A. Məmmədxanovun əhvalı çox yaxşı imiş. Tez-tez zarafat edib, gülürmüş: “Heç səhhətindən şikayət edən nəsə demədi. Mənə dedi ki, yeni bir film hazırlayıb. Yanılmıramsa, yəhudilərin Azərbaycanda olması ilə bağlı filmdir. Mən də ondan xahiş etdim ki, məni filmin təqdimatına çağırsın. Dedi, mütləq çağıracam”. Bu zəng günorta saat 1 radələrində baş tutub.
***
Bacısı müsahibəsində deyir ki, o ölümündən 3 ay qabaq tibbi inkişaf etmiş xarici ölkələrdən birində ümumi analiz vermiş və orqanizmini təpədən dırnağa müayinə etdirmişdi. Nəticə isə çox gözəl idi, həkimlər onun harasındasa xırda problem belə olduğunu deməmişdilər. Anası, bacısı, yoldaşı da müsahibələrində Anarın heç vaxt ürəyindən şikayətçi olduğunu dilə gətirmədiiyini deyirlər.
Onun ölüm xəbərini alan əksər adamlar deyir ki, biz bu xəbəri alanda o hələ feysbukda onlayn idi. Yoldaşı və uşaqları həmin an evdən çıxmışdı. Onların evdən çıxmasından təxminən 2 saat sonra, 5-ə 15 dəqiqə işləmiş telefonda dostu ilə danışıb, yarım saat sonra Anar qarşısındakı kompüter açıq şəkildə, iki telefonu da yanında aktiv olduğu halda heç bir siqnal vermədən, narahatlıq ifadə etmədən huşunu itirir. Sürücüsü evə gələndə Anarı huşsuz vəziyyətdə aşkarlayır. Yoldaşına bu barədə məlumat verilir. Yoldaşının dediklərinə görə isə, o artıq evə çatanda Anarın bədəni isti olsa da, nəbzi vurmurdu. Təcili yardım gəldikdə isə artıq Anar Məmmədxanlı dünyasını dəyişmişdi.
***
Onun 41 yaşında səhhətində heç bir problemin olmadığı halda dünyasını dəyişməsi başda zəhərləndirmə olmaqla bir çox şayiələrə yol açıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yaydığı açıqlamaya görə, ölümün səbəbi kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi olub.
***
Beləliklə sabiq deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Camal oğlu Məmmədxanov 2011-ci il aprelin 23-də 40 yaşında dünyasını dəyişib./kulis.az