Üstünə “Cənub xəbərləri” yazılmış tort isə əməlli-başlı sürpriz oldu
İyulun 20-si. Mətbuat Günüə 2 gün qalmış səhər təxminən 10-da telefonumuza maraqlı bir zəng gəldi:
-Zahir müəllim, ofisdəsinizsə, sizə gələn qonaqları qəbul edin.
15-20 dəqiqə sonra isə əyinlərindəki köynəklərin üstündə həyatdan vaxtsız köçmüş jurnalistlərimiz - MİLLİ Qəhrəman adı almış Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayevin şəkilləri olan köynəklər geymiş (bir uşaq isə əsgər paltarında, əli kameralı idi-Çingiz Mustafayevin nümunəsi kimi) bağça uşaqları, əllərində də “Cənub xəbərləri” sözləri yazılmış tort olan bağça tərbiyəçiləri ofisimizə daxil oldu.
Onlar mətbuat günü münasibəti ilə bağlı bölgənin yeganə müstəqil qəzetini təbrikə gəlmişdilər.
Doğrudan da bizim üçün əsl sürpriz təşkil olunmuşdu.
Tez-tələsik həmişə kağız-kuğuzla dolu stolu sahmana saldıq, atüstü çay dəstgahı düzəldik və balaca qonaqlarımızla söhbətləşməyə başladıq.
Məlumat üçün bildirək ki, “Viləş” Uşaq Bağçası və Körpələr Evi Masallı rayonunun İsgəndərli adlanan ərazisinin cənub tərəfində yerləşir. 100 yerlik uşaq qəbul etmək imkanı var. Uşaq bağçasında olduqca peşəkar və öz işini ürəkdən sevən işçilər çalışır. Burada hər bir bayram özünəməxsus şəkildə qeyd edilir. Elə bir neçə həftə öncə balaca uşaqlar Polis Gününü polis paltarında polis şöbəsində və “ASAN xidmət”də qeyd etmişdilər.
Bu dəfə isə Mətbuat Günü ərəfəsində “Cənub xəbərləri” qəzetinin ofisinə səfər etməyi zəruri saymışdılar.
Qrupun rəhbəri Şəfa xanımın bildirdiyinə görə, öncə onlar uşaqlara jurnalist ömrü, həyatdan vaxtsız köçmüş jurnalistlər və s. haqqında söhbətlər etmiş, videolar göstərmişlər.
Uşaqlarla və onlarla gəlmiş təbiyəçilərlə 10-15 dəqiqəlik söhbət zamanı qəzetin redaktoru Zahir Əmənov qonaqlara kağızın yaranmasından qəzetin yaranmasınadək qısa, onların başa düşəcəyi dildə məlumat vermişdir. Sonda uşaqlar jurnalistlərlə bağlı kiçik kompazisiya göstərmişlər.
Zahir Əmənov görüş zamanı bu maraqlı-sürpiz tədbir üçün təşkilatçı Şəfa Allahverdiyevaya, onun yardımçılarına təşəkkürünü bildirmişdir.
Sonda onu da xatırladaq ki, Şəfa xanım həm də rayonda fəal xeyriyyəçi kimi tanınır. Uşaq evlərinə, kimsəsizlərə, tənha qadınlara yardımçı olur.
Arzu Əliyeva