Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Doğrudanmı, Lənkəran Şəhər İHB-nin müvaini Rəsilə xanım 9 sinifdə oxuyan qızı döyüb?


Lənkəran İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva və V.Əliyev adına Lənkəran şəhər 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdinin döyülməsi xəbəri gündəmi zəbt edib.

Valideynin sözlərinə görə, qızı Aliyə Rəsilə Əliyevanın qızı Sara ilə rəfiqədirlər və bir sinifdə oxuyurlar. “Qızım nənəsi ilə Lənkəranda qalır və həmin rayonun 4 saylı orta məktəbində təhsil alır. Mən isə Bakıda yaşayıram. Səhər tezdən Sara qızıma zəng edib ki, 9-cu sinif attestatları bizdədir, gəl götür. Qızımın dalınca maşın da göndəriblər. Rəsilə Əliyeva qızımı evində 5-6 nəfərin gözü qarşısında döyüb və nalayiq ifadələrlə söyüb. Başına telefonla, təpiklə, əli ilə zərbələr endirib. Bir azdan həmin evə V.Əliyev adına Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova gəlib. Görün, bu qadın necə qudurğandır ki, bu qədər adamın gözünün qarşısında uşağımı ölümcül vəziyyətə salıb. Qız elə haldadır ki, deyiləsi deyil. Travmadan başı ağrıyır, ürəyi bulanır. Bu gün yenidən həkimə aparacağam. Uşağım onun əlində ölsəydi, nə cavab verəcəkdi? İndi direktor gəlib ayaqlarıma düşsün, görüm nə deyəcək?”, - Ləman Camalova söyləyib.

Həmçinin o bildirib ki, Sara dəfələrlə Aliyənin telefonundan sevdiyi oğlana mesaj yazıb. Oğlan da Aliyəyə yazmaqla Sara ilə əlaqə qurmalı olub.

“Rəsilə Əliyeva qızımı və məni əxlaqsız adlandırıb. Öz adını bizə qoyub. Haqqımda, hətta çalışdığım kollektivdən belə məlumat öyrənə bilərsiz. Bu günə qədər haram çörək yeməmişik. Bir də Rəsilə Əliyeva barədə məlumat toplayın, görün bütün rayon nə deyir. Təsəvvür edin ki, qızım polis bölməsində ifadə verəndə, Rəsilə Əliyevadan eşitdiyi ifadələri təkrarlaya bilmədi. Dedi dilə gətirməyə utanıram. Çünki ömründə elə sözlər eşitməyib”.

Ləman Camalova qızına ağır xəsarətlər yetirən Rəsilə Əliyeva barəsində Lənkəran rayon Polis Şöbəsinə şikayət ərizəsi yollayıb və icra başçısının müavininin məsuliyyətə cəlb olunmasını tələb edib.

“Fakt ortadadır. Xəsarətlərlə bağlı ekspertiza rəyi var. Bu məsələnin sonuna qədər gedəcəyəm və Rəsilə Əliyeva zorakı əməlinə görə cavab verəcək”, - deyə qadın əlavə edib.

Mənbə: Bizim.media.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10