Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.
Rəqib komanda barədə bəzi maraqlı məqamları təqdim edirik.
Eyniadlı şəhəri təmsil edən “Sürix” 1896-cı ildə yaradılıb. Komanda 13 dəfə İsveçrə Super Liqasının qalibi olub ki, bunlardan biri də son mövsümə təsadüf edib. Bundan başqa, “Sürix” 10 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
“Sürix” UEFA Çempionlar Liqasında iki dəfə yarımfinala yüksələn yeganə İsveçrə komandasıdır. Bu, 1964 və 1977-ci illərdə baş verib. Komanda ev oyunlarını 26 min azarkeş tutumuna malik “Letziqrundd” stadionunda keçirir.
Başa çatan mövsümdə “Sürix” 13 illik fasilədən sonra çempionluğu bayram edib. “Şəhərlilər” buna 76 xal toplamaqla nail olub. Onu 62 xalla “Bazel” izləyib. Komandanı çempion edən isə baş məşqçi Andre Braytenrayter olub. Qazanılan uğura baxmayaraq, 48 yaşlı baş məşqçi “Sürix”dən ayrılaraq Almaniya Bundesliqasında çıxış edən “Hoffenhaym”ım “sükanı arxası”na keçib.
Bundan sonra “Sürix” rəhbərliyi Avstriya millisinin sabiq baş məşqçisi Franko Foda ilə anlaşıb. Komanda təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama matçı keçirib ki, bu oyunlarda da ən ciddi rəqib Almaniya “Ştutqart”ı olub. Görüş almanların 3:2 hesablı qələbəsi ilə başa çatıb. /Qafqazinfo