Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Göyərçin, yoxsa Harop?


İrəvan seçim qarşısındadır – sülh danışıqları qane etmir, müharibəni isə istəmirlər...

Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi yenidən dalana dirənib. İyunun 30-da Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında planlaşdırılan görüş baş tutmayıb. Bundan başqa, regiona səfərə gələn Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarın İrəvanda verdiyi açıqlamalardan sonra onun Bakıya səfəri baş tutmayıb. Klaar status və erməni azlığının müstəsna hüquqlarının nəzərə alınmasının piroritet olduğundan bəhs etmişdi. 

Nəticədə Brüsseldə iyulun sonu-avqustun əvvəllərində Avropa İttifaqının vasitəçiliyi ilə keçirilməsi gözlənilən Əliyev-Paşinyan liderlərin planlaşdırılan görüşünün baş tutub-tutmayacağı sual altına düşüb. 

Prosesin tormozlanması əsasən 3 səbəblə bağlıdır:

  1. ABŞ Azərbaycan-Ermənistan danışıqlarının Minsk qrupunun egidası altında aparılmanda təkid edir, rəsmi Bakı isə buna qarşıdır. Bakıda Rusiya XİN rəhbəri S.Lavrov da vasitəçilərlə əməkdaşlıq etməyəcəklərini bəyan edib;
  2. Avropa ittifaqı Qarabağ ermənilərinin prosesdə iştirakının və onların razılığının mütləq olduğunu bəyan edib. Eyni zamanda, status mövzusunun yenidən gündəmə gətirilməsi barədə mövqe Azərbaycan rəhbərliyini qəzəbləndirib. Qeyd edək ki, separatçı erməni azlığı heç bir halda Azərbaycanın tərkibində qalmağa razı olmadıqlarını dəfələrlə bəyan edib;
  3. Ermənistan həm Qarabağ ermənilərinin statusu, həm də Minsk qrupunun prosesə qayıtmasını dəstəkləyir, bu isə rəsmi Bakı ilə kəskin fikir ayrılığı deməkdir.

Bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidentinə zəng edərək, Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Prezident İlham Əliyev də danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.

İlham Əliyev 4 iyul – ABŞ-ın Müstəqillik Günü ilə bağlı Prezident Co Baydenə yazdığı məktubda da Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə toxunub. “Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda, tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”, – deyə İlham Əliyevin məktubunda qeyd olunur.

Xarici İşlər naziri Ceyhun Bayramov isə jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi asan olmayacaq: “Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.

Sərhədlərdəki vəziyyətdən danışan nazir deyib: “Sərhəd Komissiyasının formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı”

C.Bayramov bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil.

Yaranmış vəziyyəti təhlil edən Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyir ki, nazir Ceyhun Bayramovun açıqlaması bütün istiqamətlərdə durğunluq yaşandığını göstərir:

“ – Nəqliyyat yollarının açılması ilə bağlı iş gedir, amma hələlik heç bir qərar yoxdur. Üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan götürdüyü  öhdəliyini icra etmir;

– Biz sərhəddəki görüşdən sonra Moskvada danışıqların növbəti mərhələsinin keçirilməsini gözləyirik;

– Sülh müqaviləsinə gəldikdə, Ermənistan bu mövzuya aydınlıq gətirmədən “status” məsələsinin müzakirəsinin tərəfdarıdır. Amma aydın deyil ki,  “status” harada müzakirə olunur, onlar hansı statusu nəzərdə tuturlar?! Aydındır ki, Azərbaycan bu mövzunu müzakirə etməyəcək, sadəcə olaraq, Ermənistanın nə istədiyini anlamaq maraqlıdır. Danışıq mövqeyi nədən ibarətdir, məlum deyil. Bu səbəblərdən proses ləngiyir. Beləliklə, yenə də heç bir nəticə yoxdur. Və əvvəllər olduğu kimi,  Rusiya və Avropa İttifaqı yenidən fəallaşdı”.

Politoloq qeyd edir ki, Azərbaycan sülhün mühafizəsi yolu ilə getməyə məcbur olacaq və bunu hamı bilir: “Bakı növbəti mərhələdə tamamilə fərqli təkliflərlə çıxış edəcək. Yəni təzyiq mexanizmlərini işə salacaq, Ermənistanın Azərbaycana qarşı iddialarının həmin səviyyədə qarşılığını verəcək. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini əsas götürərək, üçtərəfli Bəyanatın bəndlərini həyata keçirmək üçün birtərəfli tədbirlər görəcək”.

Ekspert daha sonra müzakirə masasında olan mövzular üzrə mövcud durumu dəyərləndirib: 

“Nəqliyyat-kommunikasiya xətlərinin açılması üzrə komissiya işləyir, anlaşma və ehtiyatlı optimizm var;

Sərhəd boyu demarkasiya, delimitasiya ilə bağlı tərəflərin yanaşmalarda aydınlıq yoxdur;

Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipini qəbul edib, lakin “status” mövzusunun müzakirəsini tələb edir… Tərəflər bir-birini günahlandırır ki, gündəmdəki suallara cavab yoxdur”.

F.Məmmədov deyir ki, sülh müqaviləsi üzrə milli nümayəndə heyəti yaratmaq və erməni nümayəndə heyəti ilə məsələn, Tiflisdə görüşün vaxtını və yerini təyin etmək, bunu açıq elan etmək, birbaşa Mirzoyana zəng etmək… Tiflisə uçmaq olar. 

“Hətta erməni tərəfi gəlməsə belə. Bundan sonra Rusiya, ABŞ, Aİ Ermənistanı stimullaşdırmaq üçün aktiv fəaliyyətə başlasınlar. Məsələ burasındadır ki, Ermənistan ən yüksək səviyyədə beş prinsipi qəbul edib və Azərbaycanın bu addımından sonra onun qarşısında iki seçim var: 

– Nazir Ararat Mirzoyan gəlib tezislərini açıqlayacaq, orada ona media və vasitəçilərlə deyil, şəxsən cavab verəcəklər ki, belə yanaşma yolverilməzdir və ərazi iddiasına adekvat cavab veriləcək;

– Mirzoyan gəlməyəcək; bütün dünya görəcək ki, Ermənistan sülh istəmir… prosesi gecikdirir, bu da növbəti mərhələdə növbəti addımları qanuniləşdirir”, – ekspert vurğulayıb.

F.Məmmədov qeyd edir ki, Ermənistan müxtəlif maneələr yaratmaqla danışıqların gündəliyini müəyyən etməyə yer qoymur, Azərbaycan mövqelərinin atəşə tutulması davam edir: “Yəni sülh gündəminə salınacaq heç nə baş vermir. Əgər sülh gündəmi yoxdursa, bu, münaqişənin bütün istiqamətlər üzrə davam etdiyi anlama gəlir”.

Turqut






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10