“Biz qəzəblənirik... Bu, sadəcə olaraq, vaxt itkisidir... Vaxtımızı daha səmərəli təşkil edə bilərdik”
Avropalılar, nəhayət, yay tətillərini xaricdə keçirə bilərlər - koronavirus səbəbiylə tətbiq edilən məhdudiyyətlərin əksəriyyəti qaldırıldı. Ancaq indi - mövsümün ortasında Avropanın hava limanlarında baş verənləri yalnız bir sözlə ifadə etmək olar – xaos. Buna səbəb, ilk növbədə, pandemiya zamanı hava limanı işçilərinin ixtisar edilməsi ilə bağlı kadr çatışmazlığıdır.
Turistlər saatlarla növbəyə durmaq məcburiyyətində qalırlar, bu səbəbdən onların çoxu reyslərinə çata bilmir.
"Biz qəzəblənirik, çünki bu, bizim tətilimizdir. Hər şeyi düşündük və hava limanına 5 saat əvvəldən gəldik. Bu, sadəcə olaraq, vaxt itkisidir. Biz bunu başqa şeyə xərcləyə bilərdik", - deyə Düsseldorf hava limanında növbədə duran sərnişin DW-yə narazılığını ifadə edir.
"Qonşum hava limanında işləyir və deyir ki, bunun səbəbi hava limanında mühafizə işçilərinin olmamasıdır. Bu da axmaqlıqdır. Təyyarə üçün çox pul ödəyirsən, sonra da dalınca barıxırsan - bu, qəzəbləndirir", - deyir başqa bir səyahətçi.
Hava limanlarındakı vəziyyəti nəzərə alaraq, səyahət edənlərə nəzarət zamanı gecikmələrin qarşısını almaq üçün uçuşa azı iki saat yarım qalmış gəlmələri, onlayn qeydiyyatdan keçməyə çalışmaları və əl yükünün standartlara cavab verdiyinə əmin olmaları tövsiyə olunur.
Səbəb kadr çatışmazlığıdır
Aviaşirkətlər son həftələrdə işçilərin həddən artıq yüklənməsi səbəbindən bir çox reysi ləğv etdi. Təkcə Lufthansa 3000-ə yaxın uçuşu ləğv etməli oldu.
“Reuters” xəbər verir ki, iyunun sonunda “Lufthansa”nın baş direktoru Karsten Spor xaosa görə işçilərindən və müştərilərindən üzr istəyib. “Son iki ildə şirkəti və 100 000-dən çox işçini xilas etmək yolunda etdiyimiz səhvlərimizi qəbul edirik”, - deyə Sporun sözlərindən agentlik sitat gətirib.
"Biz pandemiyanın təzyiqi və 10 milyard avro itki altında hər yerdə xərcləri azaltmaqla çox uzağa getdikmi? Bəli, mübahisə etmirəm. Şirkət Avropada minlərlə işçi də daxil olmaqla, yeni işçiləri işə götürür, lakin bu tədbirlər yalnız qışa qədər öz bəhrəsini verəcək”, - deyə o vurğulayıb.
Bu arada, Frankfurt, London və ya Paris kimi Avropanın əsas hava limanlarında fasilələr qapanma və səyahət məhdudiyyətləri səbəbindən 219 milyard avro itirmiş hava yolu sənayesinin bərpasına kölgə sala bilər.
Vakansiyalar çoxdur, amma müraciət edənlər azdır
Pandemiya zamanı aviasiya sənayesində çalışan minlərlə insan işini itirdi. Amma indi işçilərə tələbat artıb və problem yaranıb: çatışmayan kadrları necə tez işə götürmək olar. Vəziyyət onunla çətinləşir ki, pandemiyadan sonra insanlar iş seçimində daha seçici olublar: onları pis iş şəraiti və aşağı əmək haqqı qane etmir.
Frankfurt aeroportunun sözçüsünün DW-yə dediyinə görə, Almaniya əmək bazarında işçilərə tələb təklifi üstələməkdə davam edir: “Bizim sahəmizdə iş axtaranlar geniş çeşidli vakansiyalar arasında seçim edə bilər, işəgötürənlər isə boş yerləri necə dolduracaqlarını bilmirlər. Üstəlik, hava limanlarında işə qəbul prosesi çox mürəkkəb və uzundur, çünki işçilər tez-tez qadağan olunmuş ərazilərdə işləməli və təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.
Yay tətili zamanı yaranmış kritik vəziyyəti yüngülləşdirmək üçün Almaniya xaricdən, əsasən də Türkiyədən olan işçiləri müvəqqəti olaraq hava limanlarında işləməyə dəvət edəcəyini açıqlayıb. Almaniyanın əmək və daxili işlər nazirləri iyunun 29-da jurnalistlərə bildiriblər ki, Almaniya hökuməti bir neçə min əcnəbi işçi üçün iş icazəsi ilə vizaların verilməsi prosesini sürətləndirəcək. Almaniya Hava Limanları Assosiasiyasının məlumatına görə, təhlükəsizlik, qeydiyyat və hava nəqliyyatında olan iş yerlərinin təxminən 20%-i boş qalır.
Avropanın hava limanlarında böyük növbələr yaranıb. Avropanın digər hava limanlarında da vəziyyət oxşardır. Yay tətili mövsümündə hava sərnişinlərinin axını artıb, hava limanlarında işçi qüvvəsi çatışmır. Bu səbəbdən Portuqaliya hökuməti iyulun 4-dən etibarən 6 hava limanında sərhəd nəzarəti işçilərinin sayını iki dəfə artırıb.
İspaniya polisi daha 500 nəfəri işə götürüb və uzun sərnişin növbələri ilə bağlı problemi həll etmək üçün Madrid və Barselonanın ən işlək hava limanlarına göndərib. İspaniyanın “İberia” aviaşirkəti daha əvvəl bildirib ki, Madrid hava limanında pasport yoxlamasındakı gecikmələr martın 1-dən bəri təxminən 15 min sərnişinin reyslərini itirməsi ilə nəticələnib.
İrlandiya bildirib ki, yay aylarında daha çox fasilələr yaranarsa, ordu Dublin hava limanında təhlükəsizlik yoxlamalarına kömək edəcək. Keçən ay 1000-dən çox insan yalnız bir gündə Dublin Hava Limanından uçuşları buraxdı - bunların hamısı növbələrə görə baş verdi.
Mənbə: DW
Tərcümə AYNA-ya məxsusdur
Müəllif: İsmayıl Məmmədli