Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qeyb olmuş xalqın yurdu, 10 ay yaşayan dövlət, Atatürkün “şəxsi davası”…


Hatay necə Türkiyə oldu?

7 iyul 1939-cu ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) Hatay ərazisinin Türkiyəyə ilhaqı və Cümhuriyyətin tərkibində, mərkəzi Antakya olmaqla, Hatay vilayətinin yaradılması barədə 3711 saylı qanunu qəbul etdi. Beləliklə, iki onillik davam edən “Hatay sorunu” Türkiyənin qələbəsi ilə nəticələndi. 

*** 

Antanta ölkələri hələ 1916-cı ildə imzalanan məxfi Sayks-Piko anlaşması ilə Osmanlı dövlətinin ərazilərini bölüşdürmək barədə razılığa gəlmişdilər. Həmin sənədə əsasən, indiki İraq və İordaniya əraziləri Britaniyanın, indiki Suriya və Livan əraziləri, eləcə də Türkiyənin cənubundakı bəzi ərazilər Fransanın maraq dairəsi hesab olunurdu. Rusiya da Qara dəniz boğazlarının və Türkiyənin şərqindəki ərazilərin özünə çatması müqabilində Sayks-Piko anlaşması ilə razılaşmışdı.

Sonralar Hatay adlanacaq ərazi Osmanlı dövlətinin Hələb vilayətinin əsasən iki qəzasının – Antakya və İskenderun qəzalarının ərazisindən ibarət idi. Buranı işğal edən fransızlar İskenderun sancağı adlı ərazi vahidi yaratdılar. Bölgədə türklər əksəriyyət təşkil etməsələr də, ən çoxsaylı etnos idilər. 1920-ci ilin aprelində keçirilən San-Remo konfransı da bütün Suriya üzərində, eləcə də İskenderunda Fransa mandatını təsdiqlədi. Fransızlar 1920-ci ildə İskenderun sancağını Hələb dövlətinin tərkibinə qatdı. 

1921-ci il oktyabrın 20-də Ankara hökuməti ilə Fransa arasında Ankara müqaviləsi imzalandı. Əsas önəmi Mustafa Kamal paşanın rəhbərlik etdiyi hökumətin fransızlar tərəfindən tanınması olan müqavilədə İskenderun məsələsinə də toxunulurdu. 7-ci maddədə “İskenderun bölgesi için özel bir idare usulü tesis olunacaktır. Bu mıntıkanın Türk ırkından olan ahalisi kültürlerinin inkişafı için her türlü teşkilattan faydalanacaklardır. Türk lisanı orada resmi dil olacaktır” yazılırdı. Beləcə, Türkiyə muxtariyyət müqabilində sancaq üzərində Fransa mandatını qəbul etdi.

Qurtuluş savaşının qalibiyyətlə nəticələnməsindən sonra toplanan Lozanna konfransında türk nümayəndələrinin səylərinə baxmayaraq, İskenderunu Türkiyə dövlətinin tərkibinə qatmaq mümkün olmadı. 1923-cü il iyulun 24-də imzalanan müqaviləyə görə, sancaq Türkiyə sərhədlərindən kənarda qaldı.

“Böyük Suriya” adı ilə tanınan ərazi Fransa mandatı altındakı ilk dövrdə altı yerə bölünmüşdü: Dəməşq dövləti, Hələb dövləti, Ələvilər dövləti, Druzlar dövləti, Livan dövləti və Hələbin muxtar hissəsi olan İskenderun sancağı. 1922-ci ildə fransızlar Dəməşq, Hələb və Ələvilər dövlətlərini Suriya muxtar dövlətlər federasiyası adlı qurumda birləşdirdilər. 1924-cü ilin sonlarında federasiya buraxıldı, Ələvilər dövləti yenə ayrıldı, 1925-ci il yanvarın 1-dən Dəməşq və Hələb dövlətləri birləşdirilərək, Suriya dövləti yaradıldı və İskenderun da muxtar bölgə kimi bu dövlətin tərkibinə qatıldı.

Ankara İskenderun sancağından vaz keçməsə də, növbəti 10 il ərzində bu məsələ bir qədər arxa plana keçdi. Atatürk hökuməti daha çox ölkənin beynəlxalq mövqelərini möhkəmləndirməklə məşğul oldu. Türkiyə 1932-ci ildə Millətlər Cəmiyyətinə üzv oldu. 1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsi istər İngiltərə və Fransa, istərsə də bolşevik Rusiyası üçün Türkiyənin önəmini artırdı və Ankara da bundan öz mənafeyi üçün yararlanmağa çalışdı. 

1936-cı ilin yayında Atatürk hökuməti özünün əsas məqsədlərindən birinə nail oldu. İyulun 20-də imzalanan Montrö konvensiyasına əsasən Bosfor və Dardanel boğazları üzərində Türkiyənin suverenliyi bərpa edildi. Qısa müddət sonra Ankara üçün İskenderun məsələsini yenidən aktuallaşdıran bir hadisə baş verdi. 

Sentyabrın 9-da imzalanan Fransa-Suriya müqaviləsi ölkə üzərində Fransa mandatının başa çatmasını, Ələvilər və Druzlar dövlətinin də birləşdirildiyi Suriyanın 5 il sonra müstəqil dövlətə çevrilməsini nəzərdə tuturdu. Müqavilədə İskenderun barədə bir söz deyilmirdi və bu, sancağın Suriyanın tərkibində qalacağı demək olurdu. 

Türkiyə hökuməti bununla razılaşmayaraq, Millətlər Cəmiyyətində Fransa ilə danışıqlar apardı və bir nəticə əldə etmədikdə oktyabrın 9-da Fransaya nota verərək, İskenderuna Suriyadan ayrı müstəqillik verilməsini tələb etdi. Noyabrın 1-də TBMM-nin açılış iclasında çıxış edən Atatürk “Bu sırada, milletimizi gece-gündüz meşgul eden başlıca büyük bir mesele, hakiki sahibi öz Türk olan, İskenderun — Antakya ve çevresinin mukadderatıdır. Bunun üzerinde ciddiyet ve kesinlikle durmaya mecburuz” – söylədi. 

Məhz bu çıxışından bir gün sonra Atatürk bölgə haqqında “Hatay” adını işlədir. Bu adını bölgənin qədim sakinləri olan hetlərdən götürüldüyü söylənilir. Bu ərəfədə Fransa səfiri ilə görüşən Atatürk artıq “Hatay” adından istifadə edərək, deyir: “Hatay benim şahsi davamdır. Şakaya gelmeyecegini bilmelisiniz”.

Qeyd edim ki, fransızların 1936-cı ildə qiymətləndirməsinə görə, vilayətdə 220 min nəfər yaşayırdı. Türklər 85 800 (39%), ərəbdilli ələvilər 61 600 (28%), ermənilər 24 200 (11%), sünni ərəblər 22 000 (10%), melkitlər, yunanlar və digər xristianlar 17 600 (8%), kürdlər, çərkəzlər və yəhudilər isə 8 800 (4%) təşkil edirdilər.

Fransa ilə danışıqlardan bir nəticə ala bilməyən Türkiyə problemin həlli üçün Millətlər Cəmiyyətinə müraciət etdi və qurum 1937-ci ilin əvvəllərində Hataya 3 nəfərdən ibarət missiya göndərdi. Nümayəndələrin bölgədə olduğu zaman, yanvarın 11-də türklər İskenderunda çoxminlik mitinq keçirdilər. 

Missiyanın raportu əsasında Millətlər Cəmiyyəti sancağın Suriyadan “fərqli, amma ayrı olmaması”nı qəbul etdi. Dəməşq Hatayın statusunu dəyişə və əraziyə qoşun yeridə bilməzdi, rəsmi dil türkcə olacaqdı, pul vahidi də ayrı idi. Fransa və Türkiyə sancağın statusunun təminatçısı idi.  Millətlər Cəmiyyəti həmçinin Belçika, Böyük Britaniya, Niderland və Türkiyə nümayəndələrinə Hatay konstitusiyasının hazırlanmasını tapşırdı. Bu konstitusiya mayda qəbul edildi. 

Millətlər Cəmiyyətinin qərarı Suriyanın ürəyincə olmadı. Dəməşqdə etiraz aksiyaları keçirildi. Hatayda yaşayan ərəblər də etiraz edirdilər. Buna görə də Millətlər Cəmiyyətinin qəbul etdiyi statusun tətbiqi xeyli ləngidi. Mayda keçirilməli olan parlament seçkiləri keçirilmir. İyunda Suriya parlamenti sancağın statusunu qəbul etmədiyini bildirir. Belə qeyri-müəyyənlik daha bir il davam etdi.

1938-ci ildə Avropa mətbuatına Atatürkün ağır xəstə olması barədə heç də əsassız olmayan xəbərlər sızmağa başladı. Bunun Hatay məsələsinə təsir edəcəyindən əndişə keçirən Türkiyə prezidenti xəbərlərin guya yalan olduğunu göstərmək üçün mayda Adana və Mersinə yollandı, burada hərbi birlikləri təftiş etdi. Həmin dövrdə Atatürkün daha israrlı və sərt davrandığı müşahidə olunur. Hətta Hatay sərhədinə 30 minlik hərbi qüvvə yeridərək, savaşmağa belə hazır olduğunu göstərir. 

Tarixçi Hikmət Bayur bu səfəri belə qiymətləndirir: “Atatürk Hatay şehididir. Çünkü sorunun en karıştığı sırada, kendisine hastalığı dolayısıyla doktorların kesin dinlenme ve hemen hep hareketsizlik öğütledikleri bir devrede, mayıs 1938-de Mersin ve Adanada asker geçit resimlerini ayakta izlemiş ve her türlüsü dolaşmalarda bulunmuştur. Bu tutum onun yaşamını bir-iki yıl kısaltmıştır”.

Avropada isə gərginlik artmaqda idi. 1938-ci ilin martında Almaniya Avstriyanı ilhaq etdi, mayda Çexoslovakiyaya qarşı ərazi iddiası sürərək, Birinci Sudet böhranını yaratdı. Siyasi konyunktur Parisi Hatay məsələsində kompromisə məcbur etdi. Bunun ilk təzahürü türk siyasətçi Əbdürrəhman Mələyin iyunda Hatay valisi təyinatı idi. İyulun 3-də imzalanan türk-fransız razılaşmasına əsasən, ertəsi gün hər iki ölkə bölgəyə 2500 nəfərlik hərbi qüvvə yeritdi. 

Avqustda keçirilən seçkilərdə 40 nəfərlik Hatay parlamenti seçildi ki, bunun da 22 nəfəri türk idi. Sentyabrın 2-də toplanan parlament Hatay dövlətinin yaranmasını elan etdi, Tayfur Sökmən prezident, Əbdürrəhman Mələk baş nazir, Əbdülqəni Türkmən isə parlament sədri oldu. Türkiyənin İstiqlal marşı dövlət himni kimi qəbul edildi. Türkiyə bayrağına çox oxşar, qırmızı fonda ağ aypara və ağ cizgili qırmızı ulduzu olan bayraq dövlət bayrağı oldu. Dövlətin paytaxtı Antakya idi. 

Bu hadisələrdən iki ay sonra Mustafa Kamal Atatürk Hatay üçün apardığı mücadilənin son nəticəsini görmədən vəfat etdi.

1939-cu ilin yazında Avropa artıq yeni dünya müharibəsinin astanasında idi. Hitler Çexiyanı, Mussolini isə Albaniyanı işğal etmişdi. Belə bir zamanda, bir neçə gün davam edən danışıqlardan sonra iyunun 23-də Fransa və Türkiyə arasında imzalanan anlaşmaya əsasən Paris Hatayın istədiyi dövlətə birləşmək hüququnu tanıdı. Bu məsələdə həm də Londonun basqısı ciddi rol oynadı.

İyunun 29-da Hatay Məclisi toplanaraq, Hatay dövlətinə son verdi və bölgənin Türkiyəyə birləşdirilməsi üçün Ankaraya müraciət etdi. Türkiyə parlamenti iyulun 7-də bu müraciətə müsbət cavab verdi. Şükrü Sökmensüer ilk Hatay valisi təyin olundu. İyulun 23-də fransız hərbçilər bölgəni tərk etdilər. Beləcə, Türkiyə Cümhuriyyətinin indiki ərazisindən son işğalçı birliklər çıxdı… 

Yadigar Sadıqlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10