Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərdoğan çətin sınaqla üz-üzə: xalq ona “qal”, yoxsa “get” deyəcək?


Deputat: “Daxildəki iqtisadi problemlər öz həllini taparsa, Ərdoğanın qələbəsi qaçılmaz olacaq”

Politoloq: “Müxalifət seçkilərə ya Kılıcdaroğlunun, ya da Akşenerin namizədliyi ilə qatılacaq”

Gələn il Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Seçkilər qardaş ölkədə olduğu kimi, Azərbaycanda da maraqla izlənir. Bəzi sosioloji sorğu mərkəzləri qarşıdakı seçkilərdə müxalif namizədin qalib gələcəyini açıqlasalar da, əks qənaətdə olanlar, Prezident Rəcəb Tayyib Ərdoğanı müdafiə edən “Cümhur İttifaqı”nın qələbə qazanacağını söyləyənlər də var. 

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmiləri ilə görüş zamanı qarşıdakı seçkiləri şərh edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2023-cü ildə keçiriləcək seçkilər Türkiyənin həyatında vacib rol oynayacaq: “2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsinə daxil olub-olmaması xalqın seçimindən asılı olacaq”.

Qeyd edək ki, Türkiyənin altı müxalifət partiyası prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi təşəbbüsü ilə çıxış ediblər. Bunlar İYİ Partiya lideri Meral Akşener, Səadət Partiyasının lideri Təməl Karamollaoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, DEVA Partiyasının lideri Əli Babacan və CHP lideri Kamal Kılıçdaroğludur.

Hələlik yalnız Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın rəsmi namizəd olacağı təsdiqlənib. Digər namizədlərin adları isə ictimaiyyətə məlum deyil. Ehtimal olunur ki, seçkilər yaxınlaşdıqca müxalifət vahid namizəd və blok halında seçkilərə qatılacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyədəki seçkilərin nəticələri barədə danışmaq hələ tezdir: “Məlumdur ki, Türkiyə bu gün dünyanın aparıcı ölkələrindən və diplomatik oyunçularından biridir. Məhz elə buna görə də, qarşıdakı seçkilər təkcə Türkiyədə yox, bütün dünyada maraqla izlənir. Seçkilərdən bizi bir illik zaman ayırır. Seçkilərin favoriti iqtidarmı, yoxsa müxalifət namizədimi olacaq, bu barədə rəy vermək hələ tezdir. Seçkilər yaxınlaşdıqca situasiya daha aydın olacaq". 

"Görünən odur ki, Türkiyədə mövcud iqtisadi problemlər aradan qalxarsa, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan üçün qalib gəlmək elə də çətin olmayacaq. Bunun üçün ilk növbədə iqtisadi problemlər, devalvasiya və inflyasiyanın qarşısı alınmalıdır. Hakim partiyanın qarşıda bir il zamanı var və inanıram ki, bundan öncəki böhranlardan çıxdığı kimi, Ərdoğan iqtidarı bu problemin də öhdəsindən gəlməyi bacaracaq”, - Mollazadə vurğulayıb.

Deputat qeyd edib ki, Türkiyə çox düzgün xarici siyasət yürüdür və bunun müsbət nəticələri ortadadır: “Ukrayna məsələsinə və eyni zamanda digər diplomatik məsələlərə münasibətdə Türkiyə hökuməti çox düzgün siyasət yürüdür. Bu siyasət Türkiyənin maraqlarına uyğundur. Məhz elə buna görə də, bəzi dövlətlər, xüsusən, qardaş ölkənin inkişafında maraqlı olmayan dairələr hər vəchlə seçkilərin nəticələrinə təsir göstərməyə çalışırlar. Lakin onlar öz məqsədlərinə nail olmayacaqlar. Çünki Türkiyənin demokratik seçki ənənəsi və təcrübəsi var. Seçkilərin nəticələrinə türk xalqı qərar verəcək. Açığını desəm, müxalifət daxilində hamılıqla qəbul olunan xarizmatik lider mövcud deyil. Yəni Ərdoğanla müqayisə oluna biləcək lider yoxdur". 

"Ancaq bununla yanaşı bir daha söyləmək istəyirəm ki, hər şey mümkündür və hansısa qəti rəy vermək hələ tezdir. İqtisadi problemlər öz həllini taparsa, qarşıdakı seçkilərdə də Ərdoğanın qələbəsi qaçılmaz olacaq” –ADİP sədri deyib.

Deputat əlavə edib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir və qardaş ölkənin inkişafı bizim də maraqlarımıza cavab verir: “Azərbaycanla Türkiyənin münasibətləri hər zaman yüksək olub. Bu gün də yüksəkdir. Məhz bu iki qardaş dövlətin həmrəyliyi 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri oldu. Türkiyənin güclənməsini və daha qüdrətli ölkəyə çevrilməsini Azərbaycan xalqı da arzulayır. Şübhə etmirik ki, belə də olacaq” – deyə Mollazadə vurğulayır.

Politoloq Elxan Mehdiyev AYNA-ya söyləyib ki, ötən illərlə müqayisədə Ərdoğanın reytinqi aşağı düşüb: “Məlumdur ki, buna qədər keçirilən bütün seçkilərdə Ərdoğan və komandası seçkilərin favoriti olurdu. Son dövrlər isə həm Ərdoğanın, həm də rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının reytinqi xeyli aşağı düşüb. Bunun da əsas səbəbi Türkiyədə yaşanan iqtisadi böhrandır. Devalvasiya, infilyasiya, qiymətlərin artması, daxili idarəetmədə yaranan böhran bu vəziyyəti şərtləndirir. Təbii ki, qarşıdakı bir il ərzində bu problemlər öz həllini tapmalıdır. Xüsusən lirənin dəyərinin bərpası istiqamətində addımlar atılmalıdır. Nəzərə alsaq ki, Ərdoğan fərqli xüsusiyyətlərə malik liderdir, o zaman iqtisadi problemlərin öz həllini tapacağı təqdirdə, onun qələbəsi qaçılmaz olacaq. Lakin həllini tapmasa, müxalifətin şansları yüksək olacaq. Burada əsas məqamlardan biri də müxalifətin hansı vahid namizədlə seçkilərə qatılmasıdır”.

Müsahibimiz seçkilərdə namizəd olması gözlənilən siyasətçilərlə bağlı təssüratlarını da bölüşüb: “Bu gün üçün rəsmi olaraq yalnız Ərdoğanın namizədliyi təsdiqlənib. Müxalifətin isə hansı namizədlə seçkilərə qatılacağı məlum deyil. “Altılar” adlanan müxalif ittifaq bu məsələdə yekun qərar verəcək. Onlar isə hazırda yalnız parlament üsul-idarəsinə keçidlə bağlı təbələrini irəli sürüblər. Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizədlikləri mövzusu gündəmə gəlsə də, bu çox az inandırıcıdır. Çünki hər iki siyasətçi bələdiyyə sədrləridir və qarşıda görəcəkləri işləri çoxdur. Əhməd Davudoğlunun da vahid namizəd olmaq şansı aşağıdır. Güman ki, müxalifət seçkilərə ya Kamal Kılıçdaroğlunun, ya da Meral Akşenerin namizədliyi ilə qatılacaq. Kifayət qədər gərgin rəqabət olacaq. Hətta deyərdim ki, son illərin ən yaddaqalan seçki marafonu baş tutacaq”.

Mehdiyev hesab edir ki, seçkilərin nəticələrinə xarici təsirlər mövcuddur və bundan sonra da olacaq: “Bütün ölkələrdə seçkilərə xarici təsirlər olur. Təbii ki, Türkiyə kimi nüfuzlu bir dövlətdə də bu olacaq. Artıq var və lirənin dəyərdən düşməsi həm də xarici təzyiqlərlə bağlıdır. Bunu rəsmi səviyyədə də etiraf edirlər. Lakin seçkilərin taleyinə Türkiyə xalqı qərar verəcək” –həmsöbətimiz fikrini yekunlaşdırır.

Müəllif: Azər Niftiyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10