Azəri qızı Günel kimi tanınan müğənni Günel Zeynalova haqqında maraqlı faktları təqdim edirik.
Günel Rəhman qızı Zeynalova 25 oktyabr 1985-ci ildə Ağdam şəhərində anadan olub. Ağdamda məşhur Zeynalovlar nəslindəndir. 1993-cü ildə Ağdam işğal olunandan sonra Günel ailəsi ilə birlikdə Bakıda məskunlaşır. Klarnet ifaçısı olan atası tez-tez toylara gedir, evdə musiqilər ifa edir. Bu isə Günelin və qardaşı Tunarın musiqiyə olan maraqlarının güclənməsinə səbəb olur.
***
1998-ci ildə İbrahim Tatlıses konsert vermək üçün Bakıya gəlir. Konsert zamanı Günel qardaşı ilə birgə səhnəyə çıxmağa nail olur. Balaca qızcığazın ifasına valeh olan Tatlıses elə səhnədən Güneli özü ilə Türkiyəyə aparacağını, onun üçün musiqi albomu çıxaracağını elan edir.
***
Bundan sonra ailəsi ilə birlikdə Türkiyəyə köçən Günel böyük səhnələrə, televiziya kanallarına çıxır. Hər kəs onun səsinə və istedadına valeh olur. Tatlıses ona Azeri kızı Günel təxəllüsünü verir və ard-arda ona bir neçə musiqi albomu çıxarır.
***
Türkiyədə yaşadığı illər ərzində o, “Didem”, “Beni anneme götürün”, “Bir gün toprak olacağız”, “Yaralandım”, “Çoçukların günahı ne?”, “Ne olur Allahım” mahnıları ilə böyük məşhurluq qazanır.
***
Karyerasının başlanğıcında Günel əslən İrandan olan iş adamı Rza Zərrabi ilə tanış olur. Onunla səkkiz illik eşq yaşayır və ailələrinin razılığı ilə nişanlanırlar. Ancaq toya hazırlıq ərəfəsində Günel Rzadan gözlənilməz zərbə alır. Rza ondan ayrılaraq türkiyəli müğənni Ebru Gündeşlə isti münasibət qurur.
***
2010-cu ildə Rza mətbuata açıqlama verərək Günelin və ailəsinin onu hədələdiyini bildirir. Uzun illərdən sonra Rza ilə Ebru Gündeş boşanır. Bu zaman Günel keçmişdə baş verən hadisələrə belə münasibət bildirərək deyir:
“Dubayda gəlinlik paltarı alan zaman Rza tərəfindən aldadıldığımı öyrəndim. Susmaq ən böyük intiqamdır. Mən o vaxtlar çox susdum. İndi isə haqq-ədalət öz yerini tapdı”.
***
Günelin qalmaqal yaşadığı müğənnilərdən biri Brilliant Dadaşova olub. Belə ki, Günel Dadaşovanın “Maç-maç" mahnısını oxumaq istəsə də, müğənni buna etiraz edir. Bu etiraz onların arasında soyuqluq yaradır. Ancaq bir neçə ildən sonra onlar İradə İbrahimovanın vasitəsi ilə Türkiyədə barışırlar. Bu barədə Günel açıqlamalarının birində deyir:
"Maç-maç" mahnısı üstündə mübahisəmiz olmuşdu. Onu oxumaq istəyirdim, Brilliant xanım da icazə vermədi. Mən də küsdüm. Sonra mənə izah etdi ki, Türkiyədə bir şirkətlə müqavilə imzalayıb. Bir il həmin mahnını heç kim oxuya bilməzdi. Mən də barışdım".
***
Üç dəfə nişanlanan Günel nədənsə sonradan nişanlıları ilə yollarını ayırıb. Uzun illərdir Türkiyədə yaşasa da, ildə bir neçə dəfə Bakıya qonaq gəlir. Dəfələrlə estetik əməliyyatı etdirdiyindən xeyli gündəmdə olan Günel səhnə adamı olduğu üçün estetik əməliyyatları barədə heç nəyi gizlətmir.
***
Vaxtilə onu kəşf edib Türkiyəyə aparan və onu ulduza çevirən İbrahim Tatlıses və onun ailəsi ilə əlaqələrini kəsməyən Günel İbrahim Tatlıseslə duet oxumaq arzusunu illər sonra dilə gətirərək deyir:
“Ona dedim ki, sizinlə duet oxumaq istəyirəm. Mənə dedi ki, sənin buna ehtiyacın yoxdur. Sənin səsin var. Niyə mənimlə özünü təsdiq edəsən ki? Sən Azəri qızı Günel kimi tanınırsan. Amma İbrahim bəy mənim üçün bek-vokal oxuyub. İbrahim bəy kimə bek-vokal oxuyub indiyə kimi? Heç kimə! Sibel Can da deyib duet oxuyaq, ona da “yox” deyib. Sibel Canla oxumayandan sonra, mən kiməm ki?”/kulis.az