Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kamaləddin Heydərovla Taleh Qaraşovu susduran kimdir: qalmaqallı tikinti Seymur Qaraşova məxsusdur?


Bakı şəhərində və ölkənin bir çox şəhərlərində qanunsuz tikintilərə qarşı geniş kampaniya görüntüsü başladılıb. Bir çox yerlərdə normativlərə uyğun olmayan tikintilər dayandırılır, yaxud artıq tikilmiş olan obyektlər sökülür.
Xatırladaq ki, bu mövzuya ölkə rəhbəri də xüsusi olaraq toxunub. O, çıxışlarının birində qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “Bunu icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə atır. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir bina belə tikilməməlidir”.
Dövlət başçısının sözlərinə görə, paytaxtda binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir: “Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”. Göründüyü kimi, dövlət başçısı tikintilərin heç də məmurların xəbəri olmadan aparılmadığını, onların bu prosesdən qanunsuz gəlir əldə etdiklərini dəfələrlə vurğulayıb. Lakin buna baxmayaraq, qanunsuz tikintilərlə bağlı aşkarlanan faktlar üzrə hər hansı məmurun məsuliyyətə cəlb olunduğunu hələ ki görmürük. Mümkün deyil ki, böyük bir bina yarıya qədər, yaxud tam tikilsin və onunla heç bir əlaqədar dövlət məmuru maraqlanmamış olsun. Burada bir məqama diqqət yetirmək lazımdır. Tikililər var ki, qanunsuz yolla, korrupsiya və rüşvət hesabına da olsa, sənəd alıb. Belə tikililərə görə o sənədləri verən, imzalayan məmurlar birbaşa cavabdehlik daşıyırlar. Bu, qanunsuz hərəkətlərə görə məsuliyyət yaradır və daha ağır cinayət hesab olunur. Elə tikililər də var ki, sənəd alınmadan inşa olunub. Bu zaman əlaqədar məmurların hərəkətsizliyi məsələsi gəlir gündəmə.
Lənkəran şəhərində baş verən olay ikinci qrupa, yəni icazə alınmadan başa çatdırılan tikinti prosesinə aiddir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası bütün qaydaları və ölkə qanunlarını təməlində dəfn edib. İlk öncə onu qeyd edək ki, tikinti yaşıllıq olan ərazidə tikilib və bu zaman xeyli sayda ağac məhv edilib. Sözügedən binanın google xəritə üzərindən sputnik görüntüsündə də ərazinin yaşıllığı aydın görünür. Amma problem yalnız ekoloji məsələ ilə bitmir.
Binanın tikildiyi ərazidə kanalizasiya sistemi yoxdur. Bu problemin həlli üçün ərazidə böyük quyu qazılması planlaşdırılır ki bu da ətrafdakı evlər üçün təhlükəlidir. Bundan başqa yaxınlıqdakı yüksək gərginlikli transfarmator da bina üçün təhlükə yaradır. Tikilən binə açıq aşkar qonşu evlərin həyətinə müdaxilə edib. Aşağıda sizə təqdim etdiyimiz foto və video görüntülərdə binanın qonşu həyətlərlə ara məsafəsi və bu həyətlərdə olan evlərə vurduğu ziyan açıq açkar görünür.


Bütün bunların qarşılığında tikinti işlərinə məsul qurumların rəsmi cavabları xüsusilə təəccüb doğurur. Belə ki, Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”.



Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib.
Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.

Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. Rayondakı bəzi mənbələrin iddiasına görə sözügedən yaşayış binası icra başçısının Seymur adlı oğlu tərəfindən tikilib. Bu iddia ətrafında araşdırmalarımız isə növbəti yazımızda. //cumhuriyyet.az//






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10