Festival 16 iyul ( şənbə günü ) saat 11:00- da başlayacaq və axşama kimi davam edəcək. Festival hər kəs üçün açıqdır, giriş pulsuzdur, heç bir bilet, qeydiyyat tələb olunmur. Festivalda yaylaq həyat tərzini özündə əks etdirən at çapmaq, müxtəlif yerli folklor nömrələri, etnoqrafik maddi - mədəniyyət numunələri, idman oyunları və sair nümayiş olunacaq. Bir sözlə hər kəs üçün musiqili və əyləncəli bir gün olacaq.
Həmin günü bütün xidmət sahələri ( kafe, çay evləri, mağazalar...) yaylağa köçürüləcək və münasib qiymətlərlə yerli mətbəx insanlara təklif olunacaqdır.
Hamoşam və Toradi kəndlərinə qədər asfalt və rahat yollardır. Kənddən yaylağa qalxmaq üçün təxminən 5 km torpaq yoldur. Hündür maşınlar ( Universal, Jeep) birbaşa yaylağa qalxa biləcək, minik maşınları ( Sedanlar ) isə kənddə maşınlarını park edərək NİVA markalı maşınlarla yaylağa qalxa biləcəklər. Kənddə könüllülərimiz qonaqları qarşılayıb məlumat verərək yaylağa yola salacaqlar.
İştirakçıların gecələməsi üçün 3 yol var :
1. Gələnlər özləri ilə çadır gətirib "ÖZ YURDUNU QUR!" şüarına uyğun olaraq yaylaqda düşərgə ( camp ) salıb istədiyi müddətə qədər qala biləcəklər.
2. İştirakçılar yaylaqdan 5 km aşağıda münasib qiymətə, şəraitli kənd evlərində qala bilərlər, amma bu evlərin sayı çox məhdud olduğu üçün öncədən bron etmək məqsədəuyğundur.
3. İştirakçılar yaylaqdan 30-40 km aşağı düşərək Siyakü, Pensər kəndləri ərazisində yerləşən katec tipli istirahət mərkəzlərində və ya Astara rayon mərkəzində yerləşən hotellərdə gecələyə bilərlər.
Cenub.az. Nuranə Həmidova.