Müğənni, Əməkdar artist Təranə Vəlizadə haqqında maraqlı faktları təqdim edirik.
Təranə Vəlizadə Asəf Zeynallı adına Musiqi Kollecinin gündüz şöbəsində təhsil alıb. O, burda Eyvaz Həsənovla tanış olub. Onlar dərsləri bir yerdə keçir, mahnılar oxuyub, bir-birindən öyrənirlər. Aralarında isti münasibət yaranır.
Eyvaz Həsənov həm də romantik şeirlərin müəllifi idi. O, Təranə xanımla tanışlığının ilk günlərində ona da bir neçə şeir həsr etmişdi. Günlərin birində Təranə imtahana getmək üçün evdən çıxıb trolleybusa əyləşir. Həmin vaxt Eyvaz əlində tutduğu balaca şeir dəftərcəsini Təranəyə verib oradakı şeirləri oxumasını istədiyini deyir və ondan uzaqlaşır. Dəftərcənin ilk vərəqində “Həyatımdakı ən əziz insana ithaf edirəm” sözləri yazılmışdı.
***
Həmin vaxtdan onların sevgi münasibəti başlayır. On səkkiz yaşlı Təranə ilk gündən Eyvazı sevir, ona həm də yaxın dost, müəllim kimi baxır. Bir müddət sonra Eyvaz sevdiyi qız üçün elçilərini yollayır. Həmin ərəfədə Təranəyə bir neçə yerdən adlı-sanlı adamlar elçi düşdüyü üçün atası Eyvazın adamlarına “hə” cavabı vermir. Ancaq qızının sevgisinin güclü olduğunu görəndən sonra razılaşmaqdan başqa çarəsi qalmır.
Onlar yağışlı noyabr günündə ailə qurur. Cütlüyün Xəyalə adlı qızı dünyaya gəlir. Dostlarının, yaxınlarının sözlərinə görə, cütlüyün sevgi macərası o dövr üçün görünməmiş hadisə idi. İnsanlar onlara dövrün Leyli və Məcnunu kimi baxır, onları o cür qəbul edirdilər. Onlar bir-birini o qədər gözəl tanıyırdılar ki, bəzən demək istədiklərini bir baxışla başa salırdılar.
***
Ancaq, deyilənə görə, Eyvazın qadın pərəstişkarları həddindən artıq çox imiş. O, hər dəfə toydan, konsertdən evə gələndə paltarlarının cibindən çoxlu məktublar çıxırmış. Təranə Vəlizadə isə həyat yoldaşını hədsiz dərəcədə qısqanır, onunla mübahisə edir. Təranə xanım müsahibələrinin birində bu haqda deyir:
“Əlbəttə, hər bir ailədə söz-söhbət, mübahisə olduğu kimi bizdə də olurdu. Mən onu çox qısqanırdım, o da məni qısqanırdı, amma mənim qədər büruzə vermirdi. Buna baxmayaraq, onu mənim qədər kimisə sevməsinə inanmıram.”
***
Bəzən, bir qadın zəng eləyib Eyvazı toya tək dəvət edəndə o, həmin qadınla danışmaz, Təranə xanımın telefonunu verib deyirmiş ki, mən qadınla toy haqqında danışıb ondan pul istəyə bilmərəm, bu nömrəni götürün, Təranə ilə danışın.
***
Azərbaycanda ilk duet ifaçıları Eyvaz Həsənovla Təranə Vəlizadə olub. Onların konsertləri hər zaman böyük anşlaqla keçib. Konsertlərə bilet tapılmayıb, konsert zamanı izdihamdan klubların pəncərələri, qapıları sınırmış. Bu konsertlərdə bəzən insanlar konsert salonlarına, klublara yerləşməyib, bayırdan konserti izləməyə çalışırmışlar. Kolxozlarda konsert verən zaman isə onlar insanların sevgisini nəzərə alıb, tarlanın ortasında lafetin üstündə konsert verirmişlər.
Ancaq, deyilənlərə görə, Təranə Vəlizadə özündən on beş yaş böyük olan Xalq artisti Səyavuş Aslanla uzun müddətli sevgi münasibəti yaşayıb. Hətta, bu hadisə Xalq artistinin ailəsinin dağılmasına, Ofeliya Aslanın ərindən ayrılmasına səbəb olub. Televiziya verilişlərinin birində müğənni deyilənlərin yalan olduğunu bildirib:
“Axı öz ailəsini güclə saxlayan qoca kişi müğənninin nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər. O zaman mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi”.
Məşhur “Qal, sənə qurban” mahnısı məxsusi olaraq Təranə Vəlizadə üçün yazılıb. Təranə ilə Eyvaz təzə ailə qurandan üç ay sonra dalaşırlar. Təranə atası evinə küsülü gedir. Atasına isə yalandan “Eyvaz qastrola gedib” deyir. Üç gündən sonra onun atası məsələdən xəbərdar olub, qızını maşınla öz evinə gətirir. Təranə evə gələndə görür ki, üzünü saç-saqqal basmış Eyvazın səsi də batıb. Təranə Vəlizadə stolun üstündə bir kağız görür. Kağızda məşhur “Qal sənə qurban” mahnısının sözləri yazılıbmış. Müğənni mahnının ona həsr edildiyini düşünür. Bir neçə gündən sonra bəstəkar Bəhram Nəsibov bu şeirə mahnı bəstələyir.
***
Günlərin birində, səhər saat 6-da toy məclisini yola vermək üçün ansamblın nağaraçalanı Ənvərlə birlikdə Eyvazın maşınına minib Gürcüstana yola düşürlər. Maşını əvvəlcə Eyvaz özü sürür. Sonra Ənvər sürməyə başlayır. Ənvər çox yorğun olduğundan qəza törədir, qarşıdan gələn yük maşını ilə toqquşurlar. Qəza vaxtı Eyvaz dünyasını dəyişir. Bu hadisədən sonra Təranə Vəlizadə dərin depressiya keçirir. Dostları, yaxınları çalışırlar ki, onu depressiyadan çıxarıb, az da olsa, əvvəlki vəziyyətinə qaytara bilsinlər. O, uzun müddət xəstə yatır. Kardeologiya şöbəsində müalicə olunur. Lakin orada həkimlər bütün bunların qorxudan baş verdiyini deyir. Bir müddət onun canındakı qorxunu çıxarmaq üçün pirlərə də aparırlar. Ancaq heç cür təskinlik tapa bilmir. Bir ildən sonra Təranə Vəlizadə qara paltarla ekrana çıxır.
Həyat yoldaşından sonra o, ikinci dəfə ailə həyatı qurmur. Eyni zamanda, sənətlə də əvvəlki şövqlə məşğul ola bilmir. O, Eyvazdan sonra konsertlərə və toylara getməsini isə yalnız dolanışıqla əlaqələndirir, bu məcburiyyət olmasa, heç oxumazdım deyir./kulis.az