Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bizim imperiya xəyallarımız: Kamçatka Gəmiçatdırmı?


Universitetdə oxuyan zaman bizə gərək ki, türk mədəni tarixindən dərs deyən Cəfər müəllim vardı. Rəhmətlik az qala bütün Rusiyanı türkün yurdu sayırdı, Xəlil Rza kimi o da Kamçatkaya gedib çatanda, “Gəmiçatdıdır ora” deyirdi. Biz o zaman Təbriz həsrəti daha çox çəkirdik və o səbəbdən rəhmətlik müəllimimizə hər dəfə bir Rusiya şəhərinin adını çəkib, yarızarafat “orada deyəsən, bizimdir axı” deyirdik. Türkçü biri idi, ruhuna rəhmət...

Daha sonralar rəhmətlik Elçibəy və tərəfdarlarının yaratdığı Böyük Azərbaycan Birliyinin tədbirlərində jurnalist kimi çox iştirak etdim, orada da məlum, Cənubi Azərbaycan söhbətləri aparılırdı, İranın bu təşkilatın varlığından ciddi narahat olması hər şeyi deyirdi. Düzdür, o zaman bu sayaq söhbətlər, tarixi ərazilərimiz iddiaları şəxsən mənim beynimə heç batmırdı. Çünki Şuşanı itirmişdik və Təbriz daha xəyal belə deyildi...
Ümumiyyətlə, 1988-ci ildən başlayaraq milli oyanış hərəkatı ən çox xalqın öz tarixinə baxmaq və gerçəkliyi öyrənmək istəyi baxımdan əlamətdardır. Biz kimik, ərazimiz haradan-harayadək olub, niyə xanlıqlara parçalanmışıq, AXC niyə 23 ay sonra süqut edib? Niyə və niyə..? Azərbaycana qarşı Ermənistanın əsassız ərazi iddiaları, Birinci Qarabağ müharibəsi və torpaqlarımızın işğalı olmasaydı, biz gerçəkləri öyrənməyə, tarixin dərinliklərinə bu qədər həvəslə baş vura biləcəkdikmi, belə bir hədsiz istəyimiz, bunun üçün tarixi şərait olacaqdımı? SSRİ-nin dağılması bütün xalqları tarixi ərazilərinə yenidən arayıb-axtarmaq imkanı verdi. Amma bəzi Orta Asiya respublikalarına baxın, SSRİ dağılanda necəydilərsə, indi də elə o yerdə donub qalıblar. Bəzi sərhəd toqquşmaları istisna olmaqla ərazi iddialarından, torpaq davalarından kənardadırlar, öz qınlarında yaşayırlar. Lənətə gəlmiş ermənilər isə sən demə, sovet dövründə belə müxtəlif gizli təşkilatlarda birləşərək “Böyük Ermənistan” xəyalı qurublarmış, “dənizdən-dənizə” qonşu dövlətlərə və Azərbaycana ərazi iddiaları hazırlamışdılar. Şərait yetişən kimi də ortaya düşdülər...

azerbaijan_map.jpg (345 KB)

Özünü SSRİ-nin varisi elan etmiş Rusiyanın imperlist iddiaları da tarixi faktlara söykənir, onlar da araq bultulkasından başlarının ayırıb ətrafa baxdılar, ayıldılar. Rus şovinizmi dövlətin içində intişar etdi, İ Pyotr kultu yaradıldı, imperiya arzuları yuxularını qaçırdı. Bu təbii prosesdir, tarixə baxış istənilən halda ziddiyyətli assosasiyalar, istəklər, xəyallar doğurur, haqlı-haqsız mübahisələr yaradır, hələ söhbət ərazidən gedirsə, məsələ daha da qəlizləşir.

1299-cu ildən 1922-ci illərədək yaşamış Osmanlı imperiyasının ucsuz-bucaqsız ərazisi cənub-şərqi Avropaya, Yaxın Şərqə və Afrikanın şimalına qədər gedib çıxmışdı. Əgər imperiyaların mərkəzləri ərazilərini geri istəməyə qalxsa, dünya dağılar, sərhədlər qalmaz...

511TPlWXICL._SY331_BO1,204,203,200_.jpg (37 KB)

Rusiya keçmiş imperiyalardan heç sönməyən ambisyları ilə fərqlənir. Yeltsin dövründə bu cür iddialar yox kimi idi, dövlət yolayrıcında qalmışdı. Öz daxilindən sökülməyə başlamışdı, İçkeriya bu mübarizədə qalibiyyət qazana bilsəydi, Rusiyanın taleyi ciddi sual altına düşəcəkdi. Yeltsin də varis kimi bir neçə nəfəri “dişinə vurdu”, amma seçimi çox az adamın tanıdığı Putin oldu. FTX-dan Kremlə gəldi və o yolçuluq bu gün Ukrayna çöllərində müharibə ilə davam edir.

Putin son açıqlamasında da dedi ki, hazırda əməliyyatlar gedən ərazilərin Ukraynaya heç bir dəxli yoxdur. Rusiya onu Türkiyə(Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahillərinin Rusiyaya verilməsi ilə bitən 1787-1792-ci il Rusiya-Osmanlı müharibəsini nəzərdə tutur)ilə müharibədə qazanıb. Putinin tez-tez imperiyanın sərhədlərini yada salması dünyada bu səbəbdən qıcıqla qarşılanır. Çünki Avropa da imperiyalar görüb(Roma, Bizans), amma heç bir ağıllı dövlət adamı bu barədə danışmır, çünki indi məsələn, Avropa Birliyi var. O da bir imperiyadır, ordusu olmasada, məqsədləri, hədəfləri var. Yeni imperiyalar çapıb-talamağa, yıxıb-dağıtmağa deyil, iqtisadi firəvanlığa, sərhədlərin aradan götürülməsinə hesablanıb. NATO-da yeni model imperiyadır, ordusu, topu-topxanası var. Dünyanı təhdid edir, hansısa dövlətləri qorxuzub öz təsiri altına salır, kiminləsə vuruşur, dartışır. Dünyada indi yalnız iki imperiya qalır: ABŞ və Çin. Rusiya bu sırada deyil artıq, onu yıpratdılar, zəiflədirlər və bu proses davam edəcək...

eca41f3bc796dcdcbdc4a1913a17c579 (2).jpg (150 KB)

İmperiya arzuları, yeni sərhədlər arzusu ilə yaşayan Rusiyanın siyasətində korrektlər etməsi mütləqdir. İndi ox-yay dövrü deyil, müasir silahlarla ərazi müharibələri daha dəhşətli nəticələr doğurur. Rusiya zatən ərazicə çox böyükdür, elə əraziləri var ki, orada insanların yaşaması üçün minimal şərait yoxdur. Yeni ərazilər, sənin nəyinə lazım? İmperiya ambisiyası, yeni ərazilər tutmaq yox, insan üçün normal dövlət, firavan yaşamaq üçün şərait qurmaq lazımdır. Moskvadan lap “Gəmiçatdı”ya qədər...

Nazim SABİROĞLU,
Musavat.com







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10