Elçin Əfəndi: “Kurikulum sisteminə keçdikdən sonra ölkədə yüksək bal toplayanların, maksimum nəticə əldə edənlərin sayında azalma var”
İlqar Oruc: “Ali məktəbə qəbul olmaq bu qədər çətin olmamalıdır”
Ali məktəbələrə qəbul imtahanının yaz sessiyası başa çatıb. Artıq iki ixtisas qrupu üzrə nəticələr bəllidir. Abituriyentlər arasında maksimum bal – 700 bal toplayan yoxdur. Hələlik digər ixtisas qrupları üzrə, eyni zamanda yay imtahanının nəticələri bəlli olmasa da, mütəxəssislər son illərdə maksimal bal toplayanların sayında kəskin azalma olduğunu bildirirlər.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi deyib ki, 2019-cu ildən bəri qəbul imtahanlarında maksimum bal toplayanların sayında kəskin azalma müşahidə edilir: “İlk şans imtahanı - yaz imtahanı oldu və bitdi. II və III ixtisas qrupları üzrə nəticələr bəllidir. Həmin nəticələrə əsasən, bilirik ki, ötən illə müqayisədə eyni vəziyyət yaranıb. 2019-cu ildən bəri, kurikulum sisteminə keçdikdən sonra ölkədə yüksək bal toplayan, maksimum nəticə əldə edənlərin sayında azalma var. Kurikulumdan əvvəlki ildə sonuncu dəfə 29 nəfər maksimum nəticə toplamışdısa, kurikulumdan sonra bu say kəskin şəkildə azalıb. Elə il olub ki, ümumiyyətlə, maksimum bal toplayan olmayıb. Düzü, bu il də maksimum bal toplayanların çox olacağını gözləmirəm”.
Həmsöhbətimizin sözlərinə görə, bu problemə bir neçə amil təsir edir: “Açıq tipli sualların cavablandırılması çətinlik doğurur. Bunun nəticəsində də maksimal nəticə toplayanların sayında azlıq var. Ümumilikdə hansısa ildə sualların daha çətin, hansısa ildə daha asan olması yoxdur. Hər il suallar üç meyarla - asan, orta və çətin olmaqla hazırlanır. Bu il də eyni prinsip tətbiq olunub. Sadəcə abituriyentlərin pandemiya dövründəki çətinlikləri, distant təhsil və s. onların ümumi imtahan nəticələrinə təsir edib”.
Mütəxəssis bu il qruplar üzrə müsabiqəyə qoşulanlarla ayrılmış plan yerlərinin müqayisəsində ümumi vəziyyəti belə şərh edib: “Bu il III ixtisas qrupuna müraciət edənlərin sayı ilə plan yerlərini müqayisə etsək, kifayət qədər plan yerinin olmaması ilkin ehtimala görə, 6-7 minə yaxın şəxsin müsabiqədən kənarda qalması ilə nəticələnə bilər. Bu da abituriyentlərin ikinci şans imtahanına daha yaxşı hazırlaşmalı olduqlarının məqsədəuyğun olmasını göstərir”.
“Eyni prinsipi II və I ixtisas qrupları üçün də deyə bilərik. I qrupda vəziyyət çox kritikdir. Müraciət edənlərə ayrılmış plan yerləri arasında müqayisə apararkən deyə bilərik ki, təxminən ən azı 14-15 min şəxs müsabiqədən kənarda qalacaq. Ən yaxşı vəziyyət IV və V ixtisas qruplarındadır. Amma IV ixtisas qrupunda da yüksək bal toplayanların sayı çoxdur və bu da müvafiq ixtisaslar üzrə keçid ballarının yüksələcəyinə dair ehtimallar yaradır”, - deyə Əfəndi fikrini yekunlaşdırıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da AYNA-ya söyləyib ki, Dövlət İmtahan Mərkəzi (DİM) bunu qəbul etməsə də, imtahan suallarının çətin olması ilə bağlı cəmiyyətdə də haqlı narazılıq var: “Mən də hesab edirəm ki, suallar kifayət qədər çətindir. DİM sualları kifayət qədər çətin qoyur. Hətta bəzən elə təəssürat yaranır ki, bu, məqsədli şəkildə edilir. Lakin anlamaq olmur ki, niyə edirlər, məqsəd nə ola bilər… Yeganə dəyişilməz fakt isə odur ki, bu çətinlik uşaqlarımıza əlavə stress yaşadır”.
“Ali məktəbə qəbul olmaq bu qədər çətin olmamalıdır. Təbii ki, hər bir ölkədə ali məktəbə qəbulla bağlı fərqli yanaşmalar, qaydalar var. Lakin bütün hallarda hesab edirəm ki, bizdəki hazırkı vəziyyət o qədər də ürəkaçan deyil. Xüsusilə də abituriyentlərin iki dəfə imtahanda iştirak etməsinə, eyni həyəcanı iki dəfə yaşamasına ehtiyac yoxdur. İmtahanda iştirak edənlər bizim övladlarımızdır. Biz onların gələcəyindən narahat olduğumuz halda, bu stressi də yaşatmamalıyıq. Həyat onsuz da çətindir. İndiki dövrdə informasiya bolluğu, gələcəklə bağlı narahatlıqlar və s. insanların səhhətinə çox ciddi təsir göstərir”, - deyə müsahibimiz fikrini davam etdirib.
Onun dediyinə görə, dünya ölkələri ilə müqayisədə bizdə ali məktəbə daxil olmaq, oranı bitirməkdən daha çətindir: “Türkiyənin ali təhsil müəssisələri reytinqlərdə kifayət qədər irəlidədir. Amma onlarda qəbul bizdəki kimi çətin deyil. Ayrı-ayrı ölkələrdə, ümumiyyətlə, universitetə qəbul mərkəzləşdirilmiş formada aparılmır, bunu universitetlər özləri həyata keçirir. Təbii ki, heç bir universitet də savadsız abituriyenti qəbul etməz, ona diplom verməz. Bizdə isə yanaşma fərqlidir”.
Orucov hesab edir ki, qəbul imtahanlarının ildə iki dəfə yox, bir neçə dəfə keçirilməsi daha məqsəduyğun olar: “DİM publik hüquqi şəxsdir. İnsanlar pulunu verib imtahanda iştirak edirlər. İmtahanları ildə bir neçə dəfə, fərqli vaxtlarda keçirmək lazımdır. Ən azı ildə 4 dəfə təşkil etmək olar. Bəllidir ki, ailələrdə imtahanlarla bağlı uşaqlara psixoloji təzyiqlər də olur. Oğlanlar qəbul ola bilmədikləri halda hərbi xidmətə gedirlər. Gəldikdən sonra oxumağa o qədər də maraq göstərmirlər. Buna görə, il ərzində imtahanda bir neçə dəfə iştirak şansının olması daha məqsəduyğundur”.
“Biz uşaqlarımıza çox stress yaşadırıq. Onlar buna görə bizi bağışlamayacaqlar. Biz onların savadlı olmasını istəyirik. Amma belə çətin suallarla onlara əzab yaşatmağa gərək yoxdur. Onları bu əziyyətlə təhsildən bir növ uzaqlaşdırmış da oluruq. Nəzərə almalıyıq ki, ali təhsil müəssisəsi təkcə təhsil vermir. Orada insanlar həm də sosiallaşırlar. Gənclərin yetişməsi üçün bir mühitdir. Bu gün 11-ci sinfi bitirən uşaqların üzündən əzab, yorğunluq oxunur. Danışanda deyirik ki, hər şey onlara qurban. Amma nəticə olaraq onlara bu cür çətin imtahanlarla əziyyət, stress veririk”, - deyə ekspert vurğulayıb.
Müəllif: Aləmdə Nəsib