Qala qəsəbəsində “Tullantıdan-Sənətə” muzeyi. Adını tam olaraq özündə əks etdirən məkandı burası.
Burda hər şey bizim lazımsız, hətta zibil hesab etdiklərimizdən hazırlanıb. Hazırlanan hər şey tullantıdan möhtəşəm görünüşlü eksponata dönməklə qalmayıb, maraqlı adlar da alıb.
“Təmiz Şəhər”in nümayəndəsi Əzim Alxaslı danışır:
Əzim Alxaslı
- “Tullantıdan Sənətə” muzeyi 2015-ci ildən fəaliyyətə başlayıb. Biz Qalada tullantıların fərqli üsulla çeşidlənməsini həyata keçiririk. Tullantılara ikinci həyat vermək məqsədilə belə bir muzey yaradılıb.
50 ölkədən 148 nəfərə yaxın yerli və əcnəbi sənətkarın əl işi nümayiş olunur. Hər il beynəlxalq sərgilər keçiririk.
Hazırda muzeydə 180-ə yaxın müxtəlif sənət nümunələri var. Onlar plastik su qabları, sellofanlar, uşaq arabası, oyuncaqları, müxtəlif maşın hissəcikləri, siqaret kötükləri, tennis topları, insanların lazımsız hesab etdiyi tullantı materiallarından hazırlanıb.
Muzeyə giriş sərbəstdi. İki ildir ki, muzeydə fiziki məhdudiyyətli insanların öz əl işlərini satması üçün “atma, yarat, sat” adı altında sərgi də keçirilir.
Muzeyi gəzdikcə, taxta tullantılardan əmələ gələn atları, plastik qaşıq, çəngəl, bıçaqlardan yaranan balıq, plastik div, qıfıllardan hazırlanan “Sevgi qanadı” eksponatını görmək mümkündür. Bu nümunələrin yaranması üçün əsas xammal olan tullantılar müxtəlif ərazilərdən yığılıb. Muzey yerli sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan sənətkarların əsərlərini özündə birləşdirməsi ilə də diqqəti cəlb edir.
Ən çox diqqətimizi çəkən albaniyalı Saymir Stratinin “Rəqəmsal dünya” əsəri oldu. O, öz əsəri haqqında deyir:
“Rəqəmsal dünya”
“Xülyalar - bu ətraf həqiqətin yanlış və ya təhrif olunmuş şəkildə qavranılmasıdır. O qavrayan adamı həqiqətə uyğun gəlməyən hisləri yaşamağa vadar edir. Onu qavradığı obyekt haqqında yanlış mülahizələr qəbul etməyə sövq edir”.
Buna oxşar digər əsər isə amerikalı Bart Varqasın “Klaviatura qlobus”dur. Bu iki əsər arasındakı bağlılıq indiki dünyamızı daha dəqiq əks etdirir.
“Klaviatura qlobus”
Başqa bir maraqlı əsər isə siqaret kötüklərindən hazırlanan “Bumeranq”dır. Bu əsər Nəzrin Musayevanındı.
Sağdan birinci: “Bumeranq”
Onun dediklərindən:
- Əsər siqaret kötüklərindən pop art qrafitli üslubunda hazırlanıb. Konsept bundan ibarətdir ki, təbiətə vurduğumuz zərər bumeranq şəklində bizə qayıdır. Bilirik ki, insanlar yalnız digər insanlara deyil, daha çox təbiətə zərər vurur. Siqaret kötükləri də çayları, gölləri və su mənbələrini daha çox çirkləndirir.
Hə, həyat bumeranqdır...
“Həyat” – türkiyəli Sabahat Yıldırımın əsəridir. O, bu əsərində şüşə tullantısından tərs formada hazırlanan, iki təkərli arabanı əks etdirib.
“Arzu ağacı”... Müəllifi Cavid İlhamdır. Bu eksponat dəmir oyuncaq işıqları olan ağac və quşlardan ibarət konstruksiyadır. Müəllifdən:
- Bir budaqdan ibarət “xəyal ağacı”nın qurulmasında görmədiyimiz, lakin xəyalən duyduğumuz hislərin digər aspektlərini əks etdirmək istədim.
Bütün xəyallarımızın lampaları yansın...
“Yanan Külək” – Həmidə Məlikova.
Burda rəssam zinət əşyalarının yenidən yaranması prosesini nümayiş etdirmək istəyir. Hər insan o cür əşyalardan diqqət cəlb etmək üçün istifadə edir. Amma bir müddət sonra bu gözəllik nümunələri gərəksizləşir. Rəssamda həmin əşyalara yenidən can verir və kətan üzərində olan qadınları bəzəyir.
“Qara Qarayevin portreti” - Amerikalı Tess Feliks tərəfindən hazırlanıb.
“Qara Qarayevin portreti”
Sənətkarın plastik əşyalardan hazırladığı portret insan ruhunu təsvir edir. Hər hissəcik sanki ciddi bir problemə - okeanın təhlükəli vəziyyəti və ümumi dəniz həyatı problemlərinə maraqlı cavab formasıdır. Bəşəriyyət və plastik materiallar arasında yaradılmış ziddiyyət göstərir ki, biz bu vəhdətin bir hissəsiyik və bu problemə görə özümüz cavabdehik.
“Qışqırıq” – Aytən Abdullayeva
Bu əsərin yaradılmasında müəllif Norvec rəssamı Edvard Munkun “Qışqırıq” əsərindən ilhamlanıb. Rəssamın dediyinə görə, bu əsər insanın izolyasiyasını, həyatın mənasının itməsini, təbiətin harayını əks etdirir...
Təbiəti çirkləndirmək aldığımız nəfəsi çirkləndirməkdir. Bu muzeydən də görünür ki, tullantı hesab etdiyimiz hər şeyə ikinci həyat verməklə daha gözoxşayan vəziyyətə gətirmək mümkündür.
"Həmişə axan bulaq"
FOTO: İlkin Nəbiyev/lent.az