Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda yeni idarəçilik mexanizmi: İcra başçılarından canımız qurtulur?


Bir müddət əvvəl bəzi icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar bu sahədə köklü islahatların aparılmasının vacibliyi ilə bağlı müzakirələrin açılmasına səbəb olmuşdu.

Əksər mütəxəssis və deputatlar icra hakimiyyətlərinin ləğv edilərək səlahiyyətlərinin bələdiyyələrə verilməsini təklif edirlər.

Bəs görəsən, bu səlahiyyətlərin bələdiyyələrə verilməsi nöqsanları aradan qaldıracaqmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, bələdiyyələr müstəqil olsalar, daha yaxşı fəaliyyət göstərəcək:

“Bələdiyyələr müstəqil olsalar niyə “torpaq satan qurum” kimi tanınmalıdır ki?! Müstəqil olsa, daha yaxşı fəaliyyət göstərəcək və vətəndaşlara xidmət edəcək. Yeni kəşf etmirik ki... 

İcra hakimiyyətlərinin forması fərqli olmalıdır. Türkiyədə valilik institutu var, icra hakimiyyətləri rayonda hər hansı formada qurumların fəaliyyətini koordinasiya etməlidir. Digər məsələlərdə onların təsərrüfat fəaliyyəti ortadan qalxır. Bu da bölgələrdə proseslərin daha yaxşı idarə edilməsi üçün zəmin yaradır. Belə olan halda vətəndaşlar bələdiyyələrdən daha çox şey tələb etməyə başlayır. Vətəndaş üçün bələdiyyə ən əlçatan qurumdur. Onlar seçkilərdə də bələdiyyə ilə bağlı öz rəylərini bildirir və bu posta daha qabiliyyətli insanlar seçilirlər. Bu da müəyyən dərəcədə proseslərin vətəndaşın xeyrinə həll olunması üçün imkan yaradır”.

Deputatın sözlərinə görə, hazırkı icra başçıları arasında qabiliyyətli şəxslər heç də az deyil:

“Kifayət qədər dəyərli, idarəetmə qabiliyyətli insanlar var. Əslində, çox vaxt icra başçılarını kənardan gətirib qoyurlar. Niyə bunu etməliyik? Niyə kənardan adam gəlməlidir? Bəs onun müavini yoxdur? Neçə illərdi o yetişməyibmi?

Bu ənənəni gətirsək, məncə, daha fərqli yanaşma olar və icra hakimiyyətlərinin fəaliyyətindən vətəndaşlar məmnun qalar”.  

Əsmətxanım RZAZADƏ






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10