Masallı rayonunun Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin şagirdi Əliyeva Arzu Çinar qızı ölkə üzrə keçirilən ədəbiyyat müsabiqəsində növbəti dəfə qaliblər sırasına yüksəlib
Bu gün, İyunun 5-də, Azərbaycan Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq 3-cü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.
“Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub.
Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib.
Onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 110 şagird iştirak edib.
Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar da təqdim olunub.
Yuxarıda qeyd etdiyimiz kimi, Masallı rayonunun Ərkivan qəsəbəsi 1 saylı tam orta məktəbinin XI sinif şagirdi Əliyeva Arzu Çinar qızı müsabiqənin bütün mərhələlərini uğurla adlayaraq ölkə üzrə 1-ci yerə layiq görülmüş 5 şagirddən biri olub. O, 10 sualı cavablandırmaqla yanaşı “Ədəbiyyatımızda ana mövzusu” adlı inşanı da uğurla yekunlaşdırıb.
Təltif olunma mərasimində Arzu Əliyevaya planşet, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət 10 kitab hədiyyə edilib. Həmçinin qaliblərə Təhsil Nazirliyinin Diplomu təqdim olunub.
Həftə sonu isə qaliblərin Rayon Təhsil Şöbəsində mükafatlandırma mərasimi keçiriləcək.
Xatırladaq ki, Arzu Əliyeva bundan əvvəl də bir neçə dəfə ölkə müsabiqələrinin qalibi olub. Belə ki, ötən il eyni müsabiqədə 3-cü yer, 2016-ci ildə isə Heydər Əliyevlə bağlı müsabiqədə 2-ci yerə layiq görülüb.
Arzu Əliyeva bu il keçirilən ilk qəbul imtahanlarında da yüksək nəticə göstərib - 568 bal. 2-ci mərhələdə isə 600 həddini keçməyi hədəfləyib.
Xatırlatmaq yerinə düşər ki, son vaxtlar Ərkivan məktəbliləri xeyli uğurlu nəticələr əldə ediblər. Belə ki, Ərkivan 1 saylı məktəbin 2 şagirdi 650 baldan yuxarı nəticə göstərmişlər.
Fəttayeva İradə Valeh qızı 664 bal toplayaraq Masallı qızları arasında ən yüksək nəticəyə imza atmışdır.
Onunla eyni məktəbdə təhsil alan Abdullayev Bəhruz Natiq oğlu isə 652 bal toplamağa nail olmuşdur.
Ərkivan 1 saylı məktəbin daha 3 şagirdi, yuxarıda haqqında bəhs etdiyimiz Arzu Əliyeva - 568, Əliyev Nihad Elşən oğlu - 540, Tağıyev Murad Nahid oğlu isə 513 bal toplamışdır.
Ərkivanın digər 3 tam orta məktəbindən isə cəmi 1 nəfər - Ərkivan 2 saylı məktəbin (Bədirli) şagirdi Xıdırlı Məmmədağa Əliguşad oğlu - 509 bal toplamışdır.
Bu uğurlar sırasına Həsənəkücə məktəbinin futbolçularının ölkə üzrə 13 yaşlılar arasında 3-cü yeri tutmasını da əlavə etsək, sevinmək üçün xeyli əsaslar var.
Hazırladı: Şəfa Allahverdiyeva