“Burda illərlə su olmayıb. Camaat maşınlardan alıb suyu. Su maşını Pirallahıya gələndə hamı vedrələrini, qazanlarını götürüb su daşıyırdı bir vaxtlar”.
Bunu Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Həsən Niftəliyev deyir.
Həsən Niftəliyev
Pirallahıdayıq. Bakının 12 rayonundan biri, ən balacası, həm də ən sonbeşiyi. Çox fərqlidir buralar. Bakının səs-küyündən, toz-torpağından heç bir əlamət yoxdu. Sanki kiçik bir Avropa əyalətindəsən. Dörd bir yanında dumduru dəniz.
İnsanının çoxu velosipeddən istifadə edir qəsəbədə. Küçələri də sakit və təmiz. Bakının ən fərqli yerlərindən biri.
“Mirvari” parkındayıq.
- Pirallahıya 2013-cü ilin dekabrında rayon statusu verilib. Bakının 12-ci rayonudur. Burda rus tatar, ləzgi, ümumiyyətlə, çox millət yaşayır. Əvvəlki adı Artyom və Talxe olub. 21 minə yaxın əhalisi var və 4 qəsəbədən ibarətdir: Pirallahı (inzibati mərkəz), Gürgən, Neft daşları və Çilov.
Gürgəndə "Bulaq" və köhnə qəbiristanlıq kimi tarixi abidələr mövcuddu. 1859-cu ildə, Pirallahı adası ilə üzbəüz dağda Abşeron mayakı tikilib. 23 oktyabr 1860-cı ildə istifadəyə verilb. O, 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı girişi ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkən aparır.
Yeri gəlmişkən onu da qeyd edək ki, Pirallahının tarixi qədimlərə gedir:
“Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir. Mənası “ocaq”, “müqəddəs yer” kimi xarakterizə olunur.
Pirallahı, yəni, Allahın piri, məbədi deməkdir. Belə ehtimal olunur ki, VII-VIII yüzilliklərdən sonra “Pir” sözünə “Allah”da əlavə edilmiş və ada “Pirallahı” adlanmağa başlayıb.
Antik dövr çoğrafiyaşünaslarından romalı Pomponi Mela və yunanıstanlı Klavdi Ptolomey yazırdılar ki, Albaniyanın gündoğanında, Xəzər dənizində içməli şirin suyu olan Talxe adası var, bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da Tanrıya məxsusdur.
Pirallahı 1936-cı ildə ada inqilabçı F.A.Sergeyevin gizli partiya ləqəbinin şərəfinə isə “Artyom adası” adlandırılır. 1990-cı ildə rəsmi köhnə adı bərpa edilib.
Həmsöhbətimiz deyir ki, burda əhalinin çox hissəsi neft sahəsində çalışır. Azərbaycanda ən yüksək əməkhaqqının olduğu rayondur. Belə ki orta əməkhaqqı 800 manatdan çoxdur. Pirallahıda 4 orta məktəb, 4 uşaq bağçası var. Bundan əlavə, məcburi köçkünlər üçün -300 ailənin yaşadığı - şəhərcik də salınıb.
- Prezident İlham Əliyev 7 dəfə Pirallahıda olub. Onu da deyim ki, burda ümumiyyətlə, su olmayıb. Camaat maşınlardan alıb suyu. Texniki su olub bir neçə saatlıq verilib. Amma içməli suyu hamı maşından alırdı. Su maşını gələndə insanlar vedrələrini, qazanlarını götürüb su daşıyırdı.
Prezident İlham Əliyev 7 dəfə Pirallahıda olub. Müasir Pirallahı onun əsərdir. Dörd il əvvəl, 2018-ci ildə su çəkilib. Ceyranbatandan Qaladakı su anbarına, ordan da birbaşa Pirallahıya. İndi 24 saat su verilir. Bununla da rayon sakinlərinin ən böyük arzusu yerinə yetirildi.
Sən demə, Pirallahıya ilk körpü isə 1944-cü ildə tikilib...
- Pirallahı Abşeron arxipelağının, eləcə də Xəzər dənizinin ən böyük adasıdır. Xəritədə buruna çatmamış Pirallahı yerləşir. Bura ilk dəfə 1949-cu ildə dəmir yolu çəkilib.
1944-cü ildə isə adanı sahillə birləşdirən körpü tikilib. Pirallahı abadlaşdıqdan sonra burdan köçən insanlar belə bura qayıtmaq istəyirlər.
Pirallahı İcra Hakimiyyətinin sektor müdiri Rüfət Əhmədov isə Azərbaycanda adada yerləşən yeganə, 131 saylı məktəbdən danışır...
- Burda əvvəl yollar yox səviyyəsində idi. Şəhərdən gələn insanlar 1-2 saata çatırdı. İndi isə 40 dəqiqəyə gəlmək olur. Azərbaycanda yeganə adada məktəb Çilovdadı, bizim rayonda. Onu da deyim ki, hamı ora gedə bilməz. Çilov adasında qeydiyyatda olan adamdırsa, gəmi ilə gedib-gələ bilir.
Həmin məktəb Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyır və 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə hazırda 10 sinif olmaqla 72 nəfər şagird təhsil alır. Məktəbdə ümumilikdə 34 nəfər çalışır ki, onlardan 19 nəfəri pedaqoji fəaliyyətlə məşğuldu.
həmin məktəb
Rüfət müəllim deyir ki, Çilovda yaşayan insanların çoxu işəyir.
- Onların gəlirləri çox yaxşıdı. Adada yaşadıqları üçün xüsusi imtiyazları var. Hamısı da neftçidir.
Sektor müdiri Pirallahıda yeni inşa olunacaq binalardan da söz açır...
Rayonda olan köhnə, taxta evlər söküləcək. Yeni 28 bina tikiləcək və həmin evlərin sakinləri o binalara köçürüləcək. Hətta binalardan bir neçəsi hazırdı.
Pirallahıda “Mirvari”, “Yaşıl” və “Gənclər” parkları fəaliyyət göstərir. Adanı sahillə birləşdirən körpüyə doğru gedəndə isə qoxusu hər tərəfə bürüyən, dənizin düz kənarında bişirilən balığın da dadına baxa bilərsiniz. Adanın ortasında, dənizə baxa-baxa.
Bax, Pirallahı belə yerdir. Bizim balaca Avropamız.../lent.az